Məhkəmə qərarları › İş №e-2(054)-634/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-634/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-634/2024 11.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair mülki işə 11 dekabr 2024-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı xx.xx.2023cü il tarixli, 293nkFİL8/23 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4961,13 AZN əsas borc, 935,88 AZN faiz borcu, 121,49 AZN cərimə, cəmi 6018,50 AZN borc və 80,59 AZN dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə bütün məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”-də “bu ünvanda yaşamır” qrafası işarələnməklə məhkəməyə geri qaytarılmış, onun iddia ərizəsində və ona əlavə edilmiş digər sənədlərdə qeyd edilmiş ünvanına əsasən ünvan 1şlərinə cavab olaraq nümayəndəlik xx.xx.2024-cü il tarixli, 5-68-12/2-43/2024 saylı və xx.xx.2024-cü il tarixli, 5-68-12/2-47/2024 saylı məktublarla Oğuz rayonu Sincan kəndində qeydiyyatda olan Cavabdeh ərazidə yaşamadığını, məhkəmə sənədinin nümayəndəlikdə saxlanıldığını və vətəndaşa çatdırılması mümkün olan kimi məhkəməyə məlumat veriləcəyini bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 293nkFİL8/23 saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə ona 36 ay müddətinə, illik 25% ödəmək şərtilə 5063 AZN məbləğində kredit verilmişdir. Kreditin məqsədli təyinatı xx.xx.2023-cü il tarixli, 1038sXRDb/23 saylı (məbləğ 888,8 AZN) və xx.xx.2023-cü il tarixli, 2838nkXRDb/23 saylı (məbləğ 4173,25 AZN) kredit müqavilələri üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi olmuşdur. xx.xx.2023-cü il tarixli, 293nkFİL8/23 saylı kredit müqaviləsi üzrə ayrılmış kredit borcalanın əvvəlki müqavilələr üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından akseptsiz qaydada silinmişdir. Müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq borclu xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 202 AZN, sonuncu ay 173,10 AZN olmaqla, ümumilikdə 7243,10 AZN (5063 AZN əsas, 2180,10 AZN faiz) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə şərtlərini pozmuş, borcunu ödəməkdən yayındığından cavabdehdən xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, 293nkFİL8/23 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4961,13 AZN əsas borc, 935,88 AZN faiz borcu, 121,49 AZN cərimə, cəmi 6018,50 AZN borc və 80,59 AZN məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 293nkFİL8/23 saylı kredit müqaviləsindən görünür ki, borcluya xx.xx.2023-cü il tarixli, 1038sXRDb/23 saylı (məbləğ 888,8 AZN) və xx.xx.2023-cü il tarixli, 2838nkXRDb/23 saylı (məbləğ 4173,25 AZN) kredit müqavilələri üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 36 ay müddətinə, illik 25 % dərəcəsi ilə 5063 AZN məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 293nkFİL8/23 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən (ödəniş cədvəli) görünür ki, 5063 AZN əsas, 2180,10 AZN faiz borcunun ödənişinin xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 202 AZN, sonuncu ay 173,10 AZN olmaqla (ümumilikdə 7243,10 AZN) xx.xx.2026-cı il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan 23 may 2024-cü il tarixli, UB-BANK/PİKMD saylı bildirişin surətindən görünür ki, Cavabdeh həmin tarixə olan 5550,94 AZN borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə bütün borc məbləği və onun qaytarılması üçün çəkilən xərclərlə bağlı iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan 14 sentyabr 2024-cü il tarixli, BANK/PİKMD/1224024 saylı maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya həmin tarixə xx.xx.2023-cü il tarixli, 293nkFİL8/23 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş borcu-4961,13 AZN əsas, 935,88 AZN faiz, 121,49 AZN cərimə olmaqla, cəmi 6018,50 AZN-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, 293nkFİL8/23 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4961,13 AZN əsas borc, 935,88 AZN faiz borcu, 121,49 AZN cərimə, cəmi 6018,50 AZN borcu yaranmış, xəbərdarlıq edilsə də, həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 293nkFİL8/23 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4961,13 AZN əsas borc, 935,88 AZN faiz borcu hissəsində təmin edilməli, 121,49 AZN cərimə (dəbbə pulu) hissəsinə münasibətdə aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2023-cü il tarixli, 293nkFİL8/23 saylı kredit müqaviləsi üzrə 121,49 AZN cərimə məbləği həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da, qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və əsas borcla müqayisədə yüksək məbləğdir. Cərimənin miqdarının yüksək olması cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimənin miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cərimə məbləği tutulmasına dair hissəsi qismən – 21,49 AZN həddində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi əsas və faiz borcu hissəsində tam (cərimə-qismən) təmin edildiyindən Cavabdeh ödənilmiş 80,59 AZN dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 293nkFİL8/23 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4961,13 AZN əsas borc, 935,88 AZN faiz borcu, 21,49 AZN cərimə, cəmi 5918,50 (beş min doqquz yüz on səkkiz manat əlli qəpik) AZN borc və 80,59 (səksən manat əlli doqquz qəpik) AZN dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia tələbi 100 manat cərimə (dəbbə pulu) hissəsində təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar