Məhkəmə qərarları › İş №e-2(054)-646/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-646/2023

22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-646/2023 22.12.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X5 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki işə 22 dekabr 2023-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı iddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 7781tkSHEK/14 saylı kredit müqaviləsi üzrə 321,63 manat əsas borc, 0,99 manat faiz borcu, cəmi 322,62 manat kredit borcunun və 30,40 manat dövlət rüsumunun vərəsə olan Cavabdeh tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat”ın müddəalarını əhatə edən 23-1-ci fəslinə uyğun olaraq cavabdehə MPM-in 47, 284-1, 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinin məzmununu əhatə edən məhkəmə bildirişi göndərilmiş, cavabdehin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş etirazına əsasən həmin tarixli qərardadla iş üzrə iddia icraatına keçilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini əsaslandıraraq bildirmişdir ki, "xxxx" KB ASC ilə X4 arasında xx.xx.2014-cü il tarixli, 7781tkSHEK/14 saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə müştəriyə 84 ay (60 ay kredit xətti, 24 ay kredit) müddətinə-xx.xx.2021-ci il tarixədək 500 AZN məbləğində kredit limiti ayırmış, ona bank hesabı açmış, plastik kart təqdim etmişdir.Müştəri isə həmin müddət ərzində kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Neymət Rzalı xx.xx.2016-cı ildə ölmüşdür. Oğuz rayon notariusunun xx.xx.2023-cü il tarixli, 29 saylı məktubu ilə banka daxil olmuş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnaməyə əsasən Cavabdeh onun vərəsəsi hesab edildiyi müəyyən edilmişdir. Vərəsəliklə bağlı məlumat banka 2023-cü ildə notariat ofisi tərəfindən rəsmi olaraq verilib. Kredit xəttinin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilib. Konstitusiya Məhkəməsinin qərarına əsasən sonuncu ödənişdən 3 il müddətində məhkəməyə müraciət edilməsi mümkündür. Vərəsəyə tələblə bağlı məlumat verildikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət edilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151 və 1306-cı maddələrinə uyğun olaraq vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam edilməyən bütün öhdəliklər üzrə qəbul etdikləri miras əmlakdakı paylara mütənasib surətdə birgə borclu kimi məsiliyyət daşıdıqlarından sözügedən kredit müqaviləsi üzrə 321,63 manat əsas borc, 0,99 manat faiz borcu, cəmi 322,62 manat borcun və 30,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, yalnız bank tərəfindən göndərilən rəsmi məktub əsasında bilib ki, mərhum əri 2014-cü ildə bankdan 500 AZN məbləğində kredit götürüb. Əri MSK-da işləyib, dəqiq adam olub, ola bilməzdi ki, krediti ödəməsin. Bank 9 ildən sonra ondan iddia verib. Banka gedərək hüquqşünasla görüşüb. Hüquqşünas ona kredit borcunun 60-70 faizini ödəməyi təklif edib. Həmin vaxt maddi imkanı olmadığından bunu edə bilməyib. Əgər vaxtında, yəni bir neçə il əvvəl məlumat versəydilər, ödəniş edərdi. Hazırda övladı xarici ölkədə təhsil alır, onun xərcləri ilə məşğul olur. 1 il vaxt verilsə borcu ödəyər. Borcu birdəfəyə ödəyə bilməyəcək, aybaay aşağı məbləğlə ödəməyə çalışacaq. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2014-cü il tarixli, 7781tkSHEK/14 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC X3 84 ay (60 ay kredit xətti, 24 ay kredit) müddətinə-xx.xx.2021-ci il tarixədək 500 AZN məbləğində kredit limiti ayırmış, ona bank hesabı açmış, plastik kart təqdim etmişdir. İşdə olan ölüm haqqında AZ-İ 808134 saylı şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı ildə ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 36 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, BANK/PİKMD/1129901 saylı maliyyə arayışından görünür ki, X2 xx.xx.2014-cü il tarixli, 7781tkSHEK/14 saylı müqaviləyə əsasən iddiaçıya 321,63 manat əsas borc, 0,99 manat faiz borcu, cəmi 322,62 manat borcu vardır. İşdə olan xx.xx.2003-cü il tarixli bildirişin surətindən görünür ki, mərhum X2 vərəsəsi- Cavabdeh xx.xx.2014-cü il tarixli, 7781tkSHEK/14 saylı kredit müqaviləsi üzrə qalıq 322,62 AZN borcun 5 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda borc tələbilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Oğuz rayon Notariat ofisinin işdə olan xx.xx.2023-cü il tarixli, 29 saylı məktubuna əlavə edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə vəfat etmiş həyat yoldaşı X1 miras qalmış əmlaka-Oğuz şəhərində yerləşən ümumi sahəsi 0,5995 ha və 0,3239 ha torpaq sahələrinin mərhuma məxsus hissəsinə vərəsə olaraq tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" KB ASC ilə X4 arasında xx.xx.2014-cü il tarixli, 7781tkSHEK/14 saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə müştəriyə 84 ay (60 ay kredit xətti, 24 ay kredit) müddətinə-xx.xx.2021-ci il tarixədək 500 AZN məbləğində kredit limiti ayrılmış, ona bank hesabı açılmış, plastik kart təqdim edilmişdir. X4 xx.xx.2016-cı il tarixdə ölmüş, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həyat yoldaşı Cavabdeh onun vərəsəsi hesab edilmişdir, lakin xəbərdarlıq edilməsinə baxmayaraq vərəsə mərhumdan qalan 322,62 AZN məbləğində kredit borcunu ödəməmişdir, halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə paylarına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, kart hesabı üzrə ödənilməmiş 321,63 manat əsas borc, 0,99 manat faiz borcu, cəmi 322,62 manat borc borclu X2 vərəsəsi olan cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehdən 30,4 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli, 7781tkSHEK/14 saylı kredit müqaviləsi üzrə 321,63 manat əsas borc, 0,99 manat faiz borcu, cəmi 322,62 (üç yüz iyirmi iki manat altmış iki qəpik) manat və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar