Məhkəmə qərarları › İş №e-2(054)-665/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-665/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-665/2024 02.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X2 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Nadir oğluna qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə 02 dekabr 2024-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" X2 Bank Kredit Təşkilatı (iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Nadir oğluna (mətndə cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli, **********0411 saylı kredit müqaviləsi üzrə 7366,07 AZN əsas borc, 1021 AZN faiz borcu, 521,90 AZN cərimə, cəmi 8908,97 AZN məbləğində borcun və 109,09 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixlərdə məhkəməyə daxil olmuş ərizələrlə işə iştirakları olmadan baxılaraq qərar çıxarılmasını xahiş etmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Nadir oğlu məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Cavabdeh3 SMS bildirişlər göndərilmiş, habelə onun qeydiyyatda olduğu yer üzrə icra nümayəndəliyinə göndərilmiş məhkəmə bildirişlərinə uyğun olaraq nümayəndəlik xx.xx.2024-cü il tarixli, 5-68-12/2-208/2024 saylı və xx.xx.2024-cü il tarixli, 5-68-12/2-221/2024 saylı məktublarla onun ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığını, buna görə məhkəmə sənədinin nümayəndəlikdə saxlanıldığını bildirmişdir. Bundan əlavə Cavabdeh3 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramla işi ilə əlaqədar məhkəmə iclasında iştirakının mümkün olmayacağını, iddianı qəbul etdiyini bildirmiş, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Qeyri Bank Kredit X1 Müəssisəsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdiir ki, iddiaçı ilə Cavabdeh2 arasında həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə illik 23 faiz dərəcəsi ilə 24 ay müddətinə ödəməklə 10500 manat məbləğində kreditin verilməsinə dair xx.xx.2023-cü il tarixli, **********0411 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə Əlavə hesab edilən ödəniş cədvəlinə uyğun olaraq 10500 manat əsas, 2748 manat faiz olmaqla cəmi 13248 manat kredit borcunun ödənişinin xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 552 manat olmaqla xx.xx.2025ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. Cavabdeh2 öhdəliklərinin təminatı məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Nadir oğlu ilə həmin tarixdə zaminlik müqavilələri imzalanmışdır. Həmin müqavilələrə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. Kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin borclu tərəfindən ödənilməsi nəzərdə tutulsa da Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixə cavabdehlərin iddiaçıya olan 7366,07 AZN əsas borc, 1021 AZN faiz borcu, 521,90 AZN cərimə, cəmi 8908,97 AZN məbləğində borcunun və 109,09 manat dövlət rüsumunun onlardan müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli, **********0411 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı X2 Bank Kredit Təşkilatı tərəfindən borcalan Cavabdeh2 həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə illik 23 faiz dərəcəsi ilə 24 ay müddətinə ödəməklə 10500 manat məbləğində kredit verilmiş, müqavilə və ödəniş cədvəli kredit verənin nümayəndəsi və borclu tərəfindən imzalanmışdır. İşdə olan ödəniş cədvəlindən görünür ki, 10500 manat əsas borc və 2748 manat faiz borcundan ibarət kreditin ödənişinin 24 ay müddətinə illik 23 %-lə xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 552 manat olmaqla (cəmi 13248 manat) xx.xx.2025-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli, **********0***-******* saylı və **********0***-******* saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh1 Nadir oğlu əsas borclu tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi halda əsas borcu, faizləri, cərimə, digər ödəniş və dəymiş zərəri ödəməyi öz öhdələrinə götürmüşlər. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, sözügedən kredit müqaviləsi üzrə 10500 manat əsas, 2748 manat faiz olmaqla cəmi 13248 manat kredit borcundan 5093 (3133,93 manat əsas, 1727 manat faiz, 232,07 manat cərimə) manat ödəniş edilmiş, cavabdehin iddiaçıya 7366,07 AZN əsas borc, 1021 AZN faiz borcu, 521,90 AZN cərimə, cəmi 8908,97 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0411 saylı kredit müqaviləsinə əsasən borcluya həyat şəraitinin yaxşılaşdırılması məqsədilə 24 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 10500 manat kredit verilmişdir. Müqavilə və ödəniş cədvəli kredit verənin nümayəndəsi və borclu tərəfindən imzalanmışdır. Sözügedən kredit müqaviləsi üzrə 10500 manat əsas, 2748 manat faiz olmaqla cəmi 13248 manat kredit borcundan xx.xx.2024-cü il tarixədək 5093 (3133,93 manat əsas, 1727 manat faiz, 232,07 manat cərimə) manat ödəniş edilmişdir. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2023cü il tarixli, **********0411 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Nadir oğlunun iddiaçıya 7366,07 AZN əsas borc, 1021 AZN faiz borcu, 521,90 AZN cərimə, cəmi 8908,97 AZN məbləğində borcu yaranmış, lakin həmin borcun ödənilməsi cavabdehlər tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehlərdən 109,09 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Nadir oğlundan müştərək qaydada xx.xx.2023-cü il tarixli, **********0411 saylı kredit müqaviləsi üzrə 7366,07 AZN əsas borc, 1021 AZN faiz borcu, 521,90 AZN cərimə, cəmi 8908,97 (səkkiz min doqquz yüz səkkiz manat doxsan yeddi qəpik) AZN məbləğində borcun və 109,09 (bir yüz doqquz manat doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" X2 Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar