Məhkəmə qərarları › İş №e-2(054)-668/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-668/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-668/2024 13.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə kredit borcunun, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki işə 13 dekabr 2024-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5303,3 manat əsas, 687,35 manat faiz, 280,21 manat cərimə borcunun, cəmi 6270,86 manat borcun və 84 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, Cavabdeh göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”-də “köçüb” və “bu ünvanda yaşamır” qrafaları işarələnərək məhkəməyə geri qaytarıldığından onun ünvanına uyğun olaraq ünvan 1irişinə cavab olaraq nümayəndəlik xx.xx.2024-cü il tarixli, 5-68-12/2-98/2024 saylı, xx.xx.2024-cü il tarixli, 5-68-12/2-101/2024 saylı və xx.xx.2024-cü il tarixli, 5-68-12/2-103/2024 saylı məktublarla Cavabdeh qeydiyyatda olmasına baxmayaraq ərazidə yaşamadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CC/44298/85 saylı kredit sazişi müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 20 % olmaqla 8000 manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən müqavilə ilə üzərinə öhdəlik götürməsinə baxmayaraq ödəniş cədvəlinə əsasən ödənilməli kredit və faizləri banka ödəməkdən yayınmışdır. Qeyd edilənlərə əsasən və mülki qanunvericilik normaları rəhbər tutulmaqla kredit müqaviləsi üzrə 5303,3 manat əsas, 687,35 manat faiz, 280,21 manat cərimə borcunun, cəmi 6270,86 manat borcun və 84 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2022-cu il tarixli, CC/44298/85 saylı kredit sazişindən və 3021 saylı kassa məxaric orderindən görünür ki, Cavabdeh illik 20 faiz dərəcəsi ilə 48 ay müddətinə 8000 manat nağd pul krediti verilmiş, saziş bankın nümayəndəsi və müştəri tərəfindən imzalanmışdır. İşdə olan Əlavə 1-ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsi üzrə 8000 manat əsas, 3689,61 manat faiz borcunun ödənişinin xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 243,44 manat, sonuncu ay 247,93 manat olmaqla xx.xx.2026-cı il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi bildirilməklə Cavabdeh 5303,3 manat əsas, 687,35 manat faiz, 280,21 manat cərimə borcunun ödənilməsi tələb olunmuş, əks halda məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçıya 5303,3 manat əsas, 687,35 manat faiz, 280,21 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə münasibətləri yaranan vaxt qüvvədə olmuş 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır.(xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 5303,3 manat əsas, 687,35 manat faiz borcu hissəsində təmin edilməli, 280,21 manat cərimə (dəbbə pulu) hissəsinə münasibətdə aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2022-ci il tarixli, CC/44298/85 saylı kredit müqaviləsi üzrə 280,21 manat cərimə məbləği həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da, qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və əsas borcla müqayisədə yüksək məbləğdir. Cərimənin miqdarının yüksək olması cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimənin miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cərimə məbləği tutulmasına dair hissəsi qismən – 80,21 AZN həddində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi əsas və faiz borcu hissəsində təmin edildiyindən cavabdehdən 84 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, CC/44298/85 saylı kredit müqaviləsi üzrə Cavabdeh 5303,3 manat əsas, 687,35 manat faiz, 80,21 manat cərimə, cəmi 6070,86 (altı min yetmiş manat səksən altı qəpik) manat kredit borcu və 84 (səksən dörd) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi 200 manat cərimə (dəbbə pulu) hissəsində təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar