Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-677/2024 11.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə 11 dekabr 2024-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti (iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli, **********003 saylı kredit müqaviləsi üzrə 350 manat əsas borc, 17,5 manat faiz borcu, 50,75 manat komissiya, 211,75 manat cərimə, cəmi 630 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Verilmiş iddia Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat”ın müddəalarını əhatə edən 23-1-ci fəslinə uyğun olsa da müqavilə üzrə araşdırmaların aparılması məqsədilə xx.xx.2024-cü il tarixli qərardadla işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə kreditin “Manato.az” internet səhifəsi vasitəsilə “online” qaydada (müştərinin nömrəsinə göndərilən OTP kodunu daxil etməklə) verildiyi səbəbli tərəflər arasındakı müqavilədə cavabdehin fiziki imzasının həkk olunmadığını, əvəzində 4 rəqəmli OTP kodunun göstərildiyini, müqavilədə nəzərdə tutulan kredit məbləğinin cavabdehin göndərmiş olduğu kart hesabına köçürüldüyünü bildirmiş, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında işə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müıəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********003 saylı kredit müqaviləsinə əsasən ona xx.xx.2024-cü il tarixədək müddətə, illik 60,85 faiz ödəmək şərtilə 350 manat kredit verilmişdir. Kredit məbləğindən istifadəyə görə 17,50 manat (5 faiz), 50,75 manat xidmət haqqı olmaqla cəmi 418,25 manat məbləğin müqavilədə göstərilmiş müddətdə ödənilməsi razılaşdırılmışdır. Kredit müqaviləsinə görə hesablanmış faizlərin və əsas borc məbləğinin borclu tərəfindən ödənilməsi nəzərdə tutulsa da Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixə cavabdehin xx.xx.2023-cü il tarixli, **********003 saylı kredit müqaviləsi üzrə iddiaçıya 350 manat əsas borc, 17,5 manat faiz borcu, 50,75 komissiya xərci, 211,75 manat cərimə olmaqla cəmi 630 manat borcu yaranmışdır. Cavabdehdən cəmi 630 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddiaçı ilə bağlanmış ilk müqaviləyə əsasən ona 150 manat mikro kredit verilmişdir.Həmin məbləği ödəmişdir. Sonra kredit məbləği artırılmaqla xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilə “online” qaydada bağlanıb. Fiziki olaraq müqaviləyə imza etməyib, onun imzası 4 rəqəmli koddan ibarətdir. Ayda 1 dəfə ödəniş etmişdir, lakin sonra maddi imkanının aşağı olması səbəbli ödəniş etməyib. İddia tələbini 350 manat əsas borc, 17,5 manat faiz borcu, 50,75 manat komissiya xərci hissəsində qəbul edir. Hesab edir ki, cərimə məbləğinin 211,75 manat olması onun maraqlarına uyğun deyil, şişirdilmişdir. İddianın qismən təmin edilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə cavabdehi dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli, **********003 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti borclu Cavabdeh xx.xx.2024-cü il tarixədək illik 60,85 faiz ödəmək şərtilə 350 manat kredit vermişdir. Müqaviləyə əsasən verilmiş kredit məbləğindən istifadəyə görə 17,50 (5,0 faiz) manat, 50,75 manat xidmət haqqı məbləği də daxil olmaqla 418,25 manat pulun ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, sözügedən kredit müqaviləsi üzrə həmin tarixə borclunun 350 manat əsas borc, 17,5 manat faiz, 50,75 manat komissiya, 211,75 manat cərimə borcu olmaqla iddiaçıya cəmi 630 manat məbləğində borcu yaranmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli, **********003 saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh 3 gün müddətində kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi tələb olunmuş, əks halda məsuliyyət tədbirlərinin görüləcəyi ilə bağlı məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********003 saylı kredit müqaviləsinə əsasən borcluya xx.xx.2024cü il tarixədək illik 60,85 faiz ödəmək şərtilə 350 manat kredit verilmişdir. Müqaviləyə əsasən verilmiş kredit məbləğindən istifadəyə görə 17,50 (5,0 faiz) manat, 50,75 manat xidmət haqqı məbləği də daxil olmaqla 418,25 manat pulun ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışı ilə cavabdehin iddiaçıya sözügedən kredit müqaviləsi üzrə 350 manat əsas borc, 17,50 manat faiz borcu, 50,75 manat komissiya, 211,75 manat cərimə olmaqla, cəmi 630 manat məbləğində borcunun yarandığı müəyyən edilmişdir. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixli, **********003 saylı kredit müqaviləsi üzrə 350 manat əsas borc, 17,5 manat borcu, 50,75 manat komissiya, 211,75 manat cərimə, cəmi 630 manat borcu yaranmış, lakin həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 350 manat əsas borc, 17,5 manat faiz borcu, 50,75 manat komissiya hissəsində təmin edilməli, 211,75 manat cərimə (dəbbə pulu) hissəsinə münasibətdə aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2023-cü il tarixli, **********003 saylı kredit müqaviləsi üzrə 211,75 manat cərimə məbləği həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da, qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və əsas borcla müqayisədə yüksək məbləğdir. Cərimənin miqdarının yüksək olması cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimənin miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cərimə məbləği tutulmasına dair hissəsi qismən – 11,75 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi qismən təmin edildiyindən cavabdehdən təmin edilmiş məbləğə uyğun 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********003 saylı kredit müqaviləsi üzrə 350 manat əsas borc, 17,5 manat faiz borcu, 50,75 manat komissiya, 11,75 manat cərimə, cəmi 430 (dörd yüz otuz) manat kredit borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi 200 manat cərimə hissəsində təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-677/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-677/2024
11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver