Məhkəmə qərarları › İş №e-2(054)-7/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-7/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-7/2023 25.01.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı kredit müqaviləsi üzrə 2389,01 manat əsas kredit borcu, 2631,54 manat faiz borcu, 2064,05 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən müqavilə müddətinin bitmə tarixinə əsasən hesablanmış 341,88 manat faiz borcu, cəmi 7426,48 manat və 94,27 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya illik 28% olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Müqavilə müddəti xx.xx.2019-cu il tarixdə bitsə də, borclu kreditin ödənişini tam və vaxtında həyata keçirməmişdir. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit borcunu ödəməmiş, öhdəliyi yerinə yetirmədiyindən onun İddiaçı ASC-yə 2389,01 manat əsas kredit borcu, 2631,54 manat faiz borcu, 2064,05 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən müqavilə müddətinin bitmə tarixinə əsasən hesablanmış 341,88 manat faiz borcu, cəmi 7426,48 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixdə borcluya bildiriş göndərilərək ondan borcunu ödəməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2017-ci il tarixli, 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-3194/2017 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. xx.xx.2022-ci il tarixə yaranmış 7426,48 manat borcun və 94,27 manat dövlət rüsumunun cavabdehdən tutularaq, ləğv prosesində olan İddiaçıASC-yə ödənilməsinə dair iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasında tələb edilən əsas borcu qəbul etdiyini, qalan borc məbləğinin əsassız olduğunu bildirmiş, borcun məbləğinin dəqiqləşdirilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla ekspertiza təyin edilmiş, icraat dayandırılmış, mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Mülki iş xx.xx.2022-ci il tarixli, 9/8058 saylı ekspert rəyi daxil olmaqla xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi Coşqun İbrahimxəlilov məhkəməyə ərizə ilə müraciət edərək baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh ekspert rəyi ilə tanış oldu, rəyə etiraz etmədi, əslində sözügedən krediti götürüb dostuna verdiyini, həmin şəxsin borcu ödəmədiyini, maddi imkanı aşağı olduğundan özünün də borcu ödəməyə çətinlik çəkdiyini bildirdi, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan xx.xx.2017-ci il tarixli, 001823 saylı Bank Xidmətləri Müqaviləsinə 5 saylı Əlavədən (KM037T********) görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 28 faizlə, istehlak məqsədilə 3000 manat məbləğində kredit verilmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə 24 ay müddətə illik 28 faizlə verilmiş 3000 manat əsas, 951,95 manat faiz kredit borcunun ödəniişinin xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 164,67 manat, sonuncu ay 164,54 manat olmaqla xx.xx.2019-cu il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2017-ci il tarixli, 1/21/75636736 saylı kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh orderdə göstərilən 3000 manat məbləği aldığına dair imza etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, **********391 saylı bildirişdən görünür ki, götürülmüş kreditlə bağlı borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, **********015 saylı maliyyə arayışından görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müddətdə bağlanmış KM037T08170141S01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə cavabdehin iddiaçıya 2389,01 manat əsas kredit borcu, 2631,54 manat faiz borcu, 2064,05 manat cərimə, müqavilə müddətinin bitmə tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 341.88 manat faiz borcu, ümumilikdə 7426,48 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının işdə olan xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/2017 saylı qərarının surətindən görünür ki, İddiaçı ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu həmin tarixdən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 9/8058 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən banka xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəmi 995 manat ödəniş aparılmış, həmin məbləğdən 608,36 manat əsas borcdan, 386,64 manat faiz borcundan silinmiş, onun iddiaçıya xx.xx.2019-cu il tarixə, yəni müqavilə müddətinin bitdiyi tarixə 2391,64 manat əsas, 1004,49 manat faiz borcu müəyyən olunmuşdur. Ekspert rəyi ilə Cavabdeh iddia ərizəsi tarixinə, yəni xx.xx.2022-ci il tarxə 2391,64 manat əsas, 1004,49 manat faiz borcu, 5 faizlə olan borcu 354,09 manat olmaqla, cəmi 3750,22 manat borcunun olduğu müəyyən edilmişdir. İş materiallarında bank tərəfindən kredit müqaviləsi üzrə cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borcalana cərimə hesablanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan əzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditorun gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğu nəticəsinə gəlmişdir. Məhkəmə iclasında ekspert rəyininin araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya xx.xx.2022-ci il tarixə 2391,64 manat əsas, 1004,49 manat faiz borcu, 5 faizlə olan borcu 354,09 manat olmaqla, cəmi 3750,22 manat borcunun yarandığı müəyyən olunmuşdur. İş materiallarında bank tərəfindən kredit müqaviləsi üzrə cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borcalana cərimə hesablanmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə ekspert rəyini sübut kimi qəbul edərək, habelə mülki prosessual qanunvericiliyin “hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.” müddəasını nəzərə almaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 2389,01 manat əsas borc, 1004,49 manat faiz borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditin bitmə müddətindən sonra 5 faizlə hesablanmış 341,88 manat, cəmi 3735,38 manat kredit borcu iddiaçının xeyrinə tutulmalı, iddia tələbi 2631,54-1004,49=1627.05 manat faiz borcu, 2064,05 manat cərimə borcu hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8058 saylı ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat olmuşdur. Məhkəmə hesab edir ki, işin qeyd edilən hallarına uyğun olaraq 100 manat ekspertiza xərci iddiaçıdan və cavabdehdən bərabər qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun olaraq cavabdehdən 57,35 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 2389,01 manat əsas borc, 1004,49 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən müqavilə müddətinin bitmə tarixinə əsasən hesablanmış 341,88 manat faiz borcu, cəmi 3735,38 (üç min yeddi yüz otuz beş manat otuz səkkiz qəpik) manat kredit borcu və 57,35 (əlli yeddi manat otuz beş qəpik) manat dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı ASC -nin xeyrinə ödənilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 100 manat ekspertiza xərci iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən və Cavabdeh bərabər qaydada tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. İddia tələbi 1627.05 manat faiz borcu, 2064,05 manat cərimə borcu, 36,92 manat dövlət rüsumu hissəsində təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar