Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-7/2024 19.01.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə 19 yanvar 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC (iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı cavabdehlərdən müştərək qaydada 1657,87 ABŞ dolları əsas, 431,94 ABŞ dolları faiz, 2588,93 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 245,18 ABŞ dolları faiz borcu, cəmi 4923,92 ABŞ dolları borcun və 103,71 manat dövlət rüsumunun tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasınn vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə cavabdehin teleqram vasitəsilə verdiyi mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətinin təmin edilməməsi, habelə nümayəndənin iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxlmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 575-14USD saylı (913751 saylı kredit hesabı) kredit müqaviləsinə əsasən borcluya illik 33% olmaqla 18 ay müddətinə 2550 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı məqsədilə həmin tarixdə Cavabdeh2 ilə ZM-1-575-14 USD saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə müddəti xx.xx.2016-cı il tarixdə bitsə də, borclu kreditin ödənişini tam və vaxtında həyata keçirməmişdir. Borclunun müraciətinə əsasən xx.xx.2017-ci il tarixli, 02 saylı sazişlə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə qalıq məbləğ 4478,92 ABŞ dolları kredit (2223,01 dollar əsas borc, 1557,07 dollar faiz, 698,84 dollar cərimə) restrukturizasiya edilmiş, həmin tarixdə zaminlik müqaviləsi üzrə əlavə sazişlə Cavabdeh2 öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Saziş üzrə öhdəliklərin yerinə yetirilməsinin son tarixi xx.xx.2020-ci il olmaqla kredit borcuna illik 08 faiz ödənilməsi qəbul edilmişdir. Cavabdehlər müəyyən edilmiş müddətdə kredit borcunu ödəməmiş, öhdəlik yerinə yetirilmədiyindən onların İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 1657,87 ABŞ dolları əsas kredit borcu, 431,94 ABŞ dolları faiz borcu, 2588,93 ABŞ dolları cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən müqavilə müddətinin bitmə tarixinə əsasən hesablanmış 245,18 ABŞ dolları faiz borcu, cəmi 4923,92 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2017-ci il tarixli, 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 3194/2017 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. xx.xx.2023-cü il tarixə yaranmış 4923,92 ABŞ dolları borcun və 103,71 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçıASC-yə ödənilməsinə dair iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. 20 sentyabr 2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, krediti götürdükdən sonra devalvasiya olmuş, borcu ödəyə bilməmişdir. Sonralar yenidən müqavilə bağlayaraq aylıq 100 manat məbləğin ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Daha sonra Dəmirbank ləğv olunduğundan aylıq ödənişlərin harada aparılacağını bilməmişdir. Əmanətlərin Sığortalanması Fonduna müraciət edərkən ona borcun tam ödənilməsi təklif edilmişdir, lakin maddi imkanı olmadığından bunu edə bilməmişdir.Tələb olunan əsas iddia məbləğini qəbul edir, lakin faizlər və cərimə məbləği ilə razı deyil. Cəriməni ümumiyyətlə qəbul etmir, çünki bu məbləğ şişirdilməklə tələb edilən əsas məbləğdən az qala iki dəfə artıqdır. Buna görə də ekspertiza təyin edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla ekspertiza təyin edilmiş, icraat dayandırılmış, mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Mülki iş xx.xx.2023-cü il tarixli, 9/7972 saylı ekspert rəyi daxil olmaqla xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi Coşqun İbrahimxəlilov xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramla göstərilən məbləği ödəmək iqtidarında olmadığını bildirmiş, mümkün olsa əsas məbləğdə güzəşt edilməsini, cərimə məbləğinin silinməsini, minimum məbləğlə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir.Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan xx.xx.2014-cü il tarixli, 575-14USD saylı (913751 saylı kredit hesabı) kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 şəxsi istehlak məqsədilə 18 ay müddətinə, illik 33 faizlə 2550 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli, ZM-İ 575-4 USD saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin təminatı kimi həmin müqaviləni imzalamaqla borclu ilə birgə bank qarşısında tam məsuliyyəti üzərinə götürmüşdür. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdə 18 ay müddətə illik 33 faizlə verilmiş 2550 ABŞ dolları əsas, 726 ABŞ dolları faiz kredit borcunun ödənişinin xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 182 ABŞ dolları olmaqla xx.xx.2016-cı il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2014-cü il tarixli, 17/2/75717856 USD saylı kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 orderdə göstərilən 2550 ABŞ dolları məbləğində pulu aldığına dair imza etmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli, 02 saylı əlavə sazişdən və ödəniş cədvəlindən görünür ki, borclunun müraciətinə əsasən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə qalıq məbləğ 4478,92 ABŞ dolları kredit (2223,01 dollar əsas borc, 1557,07 dollar faiz, 698,84 dollar cərimə) restrukturizasiya edilmiş, saziş üzrə öhdəliklərin yerinə yetirilməsinin son tarixi xx.xx.2020-ci il olmaqla kredit borcuna illik 08 faiz ödənilməsi qəbul edilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə 2 saylı əlavə sazişdən görünür ki, zamin Cavabdeh2 öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, **********484 saylı bildirişdən görünür ki, götürülmüş kreditlə bağlı borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, **********511 saylı maliyyə arayışından görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək müddətdə bağlanmış 913751 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya 1657,87 ABŞ dolları əsas kredit borcu, 431,94 ABŞ dolları faiz borcu, 2588,93 ABŞ dolları cərimə, müqavilə müddətinin bitmə tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 245.18 ABŞ dolları faiz borcu, ümumilikdə 4923,92 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının işdə olan xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/2017 saylı qərarının surətindən görünür ki, İddiaçı ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu həmin tarixdən etibarən İddiaçı ASCnin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 9/7972 saylı ekspert rəyindən görünür ki, iş materiallarında manat valyutasında olan cari hesabdan çıxarışa əsasən Cavabdeh1 tərəfindən banka xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək cəmi 607,24 manat ödəniş aparılmışdır. Kredit müqaviləsi ABŞ dolları valyutasında olduğundan borcun hesablanmasını hazırki ekspertiza tədqiqatı ilə aparmaq mümkün olmamışdır. İş materiallarında olan maliyyə arayışı məlumatlarına əsasən Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 575-14 USD saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu əsas borc üzrə 1675,87 ABŞ dolları, faiz borcu üzrə 431,94 ABŞ dolları, illik 5% dərəcəsinə görə borcu 245,18 ABŞ dollarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan əzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditorun gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğu nəticəsinə gəlmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh1 iddiaçıya xx.xx.2023-cü il tarixə xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək müddətdə bağlanmış 913751 saylı kredit müqaviləsi üzrə 1657,87 ABŞ dolları əsas kredit borcu, 431,94 ABŞ dolları faiz borcu, 2588,93 ABŞ dolları cərimə, müqavilə müddətinin bitmə tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 245.18 ABŞ dolları faiz borcu, ümumilikdə 4923,92 ABŞ dolları borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə mülki prosessual qanunvericiliyin “hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.” müddəasını nəzərə almaqla hesab edir ki, iddia tələbi 1657,87 ABŞ dolları əsas borc, 431,94 ABŞ dolları faiz borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditin bitmə müddətindən sonra 5 faizlə hesablanmış 245,18 ABŞ dolları hissəsində təmin olunmalıdır. Məhkəmə iddianın 2588,93 ABŞ dolları cərimə məbləğinin cavabdehlərdən tutulmasına dair hissəsinə münasibətdə aşağıdakıları bildirir: Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddiaçının tələb etdiyi 2588,93 ABŞ dolları dəbbə pulunun (cərimə) 1657,87 ABŞ dolları əsas borca münasibətdə hədsiz yüksək olmasını nəzərə almaqla hesab edir ki, iddia tələbinin həmin hissədə qismən, yəni 165 ABŞ dolları miqdarında təmin edilməsi mümkün və ədalətlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7972 saylı ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat olmuşdur. Məhkəmə hesab edir ki, işin qeyd edilən hallarına uyğun olaraq 50 manat ekspertiza xərci iddiaçıdan və cavabdehlərdən bərabər qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun olaraq cavabdehlərdən 62,5 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1657,87 ABŞ dolları əsas borc, 431,94 ABŞ dolları faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən müqavilə müddətinin bitmə tarixinə əsasən hesablanmış 245,18 ABŞ dolları faiz borcu, 165 ABŞ dolları cərimə, cəmi 2499,99 (iki min dörd yüz doxsan doqquz dollar doxsan doqquz sent) ABŞ dolları milli manat ekvivalentində kredit borcu və 62,5 (altmış iki manat əlli qəpik) manat dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı ASC -nin xeyrinə ödənilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərci iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bərabər qaydada tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. İddia tələbi 2423,93 ABŞ dolları cərimə borcu, 41,21 manat dövlət rüsumu hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-7/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-7/2024
19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver