Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-72/2024 29.01.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə iddiaçı "xxxx" ASC-nin mərhum borcalan Salahova Leyla Söyünalı qızının vərəsəsi- Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki işə 29 yanvar 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (mətndə iddiaçı) mərhum borcalan Salahova Leyla Söyünalı qızının vərəsəsi-Cavabdeh (mətndə cavabdeh) qarşı ondan nəğd kredit üzrə 1953,41 manat əsas borc, 12,38 manat faiz borcu, cəmi 1965,79 manat borc, kart krediti üzrə 204 manat əsas, 147,15 manat faiz olmaqla cəmi 351,15 manat borc, ümumilikdə 2316,94 manat borcun, ödənilmiş 43,17 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə iş yükünün çoxluğu səbəbli məhkəmə iclasında iştirak etməyəcəyini bildirərək işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə əsasən əsasən, "xxxx" ASC ilə Salahova Leyla Söyünalı qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********65 saylı kredit müqaviləsinə əsasən ona illik 19 faizlə 36 ay müddətinə 2300 manat məbləğində nəğd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kart limiti verilmişdir. X2 Söyünalı qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Oğuz rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 327 nömrəli məktubu və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışla müəyyən edilmişdir ki, mərhum Salahova Leyla Söyünalı qızının qanun üzrə vərəsəsi Cavabdeh adına vərəsəlik işi açılmış, miras əmlak Oğuz rayonu Dəymədərə kəndində yerləşən 0,76 ha və 1,9152 ha torpaq sahələrindən ibarətdir. Bankın Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Salahova Leyla Söyünalı qızının vəfat etdiyi tarixə banka nəğd kredit üzrə ödənilməmiş 1953,41 manat əsas borc, 12,38 manat faiz borcu, cəmi 1965,79 manat borcu, kart limiti üzrə ödənilməmiş 204 manat əsas, 147,15 manat faiz olmaqla cəmi 351,15 manat borcu qalmışdır. Cavabdeh mərhum Salahova Leyla Söyünalı qızından qalmış mirası qəbul etsə də miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. İddiaçı tərəf mübahisənin məhkəmədən kənar qaydada həlli üçün səy göstərsə də, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Kredit öhdəlikləri qanuna uyğun olaraq borcalan tərəfindən, hazırki halda isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1146, 1255 və 1306.1-ci maddələrinin tələbləri rəhbər tutulmaqla onun vərəsəsi tərəfindən yerinə yetirliməlidir. İddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, həyat yoldaşı Salahova Leyla Söyünalı qızının adına “tam kart” və kredit olub, müəyyən ödəniş edilmişdir. Həmin pul sığortalı idi. xx.xx.2020-ci ildə yoldaşı vəfat edib. Vəfat etdikdən sonra bankdan həmin borcun bağışlanıldığını demişlər, lakin bununla bağlı sənəd təqdim etməmişlər. Bankın filial rəhbəri ilə də göüşmüşdür. Deyilənə görə müqavilədə bu barədə məlumat vardır. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü tarixdə məhkəməyə daxil olmuş kredit borcunun sığorta olunmasına münasibətlə bağlı ərizəsi ilə bildirmişdir ki, mərhum Salahova Leyla Söyünalı qızının kredit borcu sığortalanmamış, ümumiyyətlə 2018-ci ilin aprel ayından sonra Bankdan verilən kredit borclarının sığortalanması prosesi dayandırılmış, habelə mərhum salahova Leyla Söyünalı qızının kredit borcu Bank tərəfindən bağışlanılmamışdır.İddia ərizəsi ilə tələb olunan kredit borcu məbləğinin ödənilməsi xahiş edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, BPM**********65 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Oğuz filialı tərəfindən Salahova Leyla Söyünalı qızına şəxsi istehlak məqsədləri ilə 36 ay müddətinə illik 19 % dərəcəsi ilə 2300 manat məbləğində nəğd kredit, 36 ay müddətinə, illik 24 faiz olmaqla 500 manat kart limiti verilmişdir. İş materiallarında olan ölüm haqqında AZ-İİ 092155 saylı şəhadətnamənin surətindən görünür ki, Salahova Leyla Söyünalı qızı xx.xx.2020-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 71 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Notariat Ofisinin iş materiallarında olan, "xxxx" ASC-nin Zaqatala filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli, 327 saylı məktubundan və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışdan görünür ki, mərhum Salahova Leyla Söyünalı qızının qanun üzrə vərəsəsi Cavabdeh adına vərəsəlik işi açılmış, miras əmlak Oğuz rayonu Dəymədərə kəndində yerləşən 0,76 ha və 1,9152 ha torpaq sahələrindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, PKİD/930 saylı xəbərdarlıqdan görünür ki, Salahova Leyla Söyünalı qızının vərəsəsi olan cavabdehə kreditlə bağlı öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyət daşıdığı barədə məlumat verilmişdir. İş materiallarında olan maliyyə arayışında öz əksini tapmış cədvəldən görünür ki, Salahova Leyla Söyünalı qızına 36 ay müddətinə, illik 19 faizlə verilmiş 2300 manat nəğd kreditin ödənişi 346,59 manat əsas, 103,92 manat faiz borcu hissəsində həyata keçirilmiş, o xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra ödənilməmiş əsas borcu 1953,41 manat, 12,38 manat faiz borcu, cəmi borcu 1965,79 manatdır. İş materiallarında olan maliyyə arayışında öz əksini tapmış cədvəldən görünür ki, Salahova Leyla Söyünalı qızına 36 ay müddətinə, illik 24 faizlə verilmiş 500 manat kart limiti üzrə 202,68 manat istifadə olunmuş, o xx.xx.2020-cü il tarixdə vəfat etdikdən sonra ödənilməmiş əsas borcu 204 manat, 147,15 manat faiz olmaqla cəmi borcu 351,15 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2020-ci il tarixli, BPM**********65 saylı kredit müqaviləsinə əsasən Salahova Leyla Söyünalı qızına 36 ay müddətinə, illik 19%-lə 2300 manat nəğd kredit, 36 ay müddətinə, illik 24 %-lə 500 manat kart limiti verilmiş, Salahova Leyla Söyünalı qızı xx.xx.2020-ci il tarixdə ölmüş, Salahova Leyla Söyünalı qızının vəfat etdiyi tarixə banka nəğd kredit üzrə ödənilməmiş 1953,41 manat əsas borc, 12,38 manat faiz borcu, cəmi 1965,79 manat, kart limiti üzrə 204 manat əsas, 147,15 manat faiz olmaqla cəmi 351,15 manat borcu qalmışdır. Cavabdeh onun vərəsəsi olaraq mərhum Salahova Leyla Söyünalı qızından qalmış mirası notarial qaydada qəbul etmişdir, lakin ona xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişdir, halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, nəğd kredit üzrə ödənilməmiş 1953,41 manat əsas borc, 12,38 manat faiz borcu, cəmi 1965,79 manat borc, kart limiti üzrə 204 manat əsas, 147,15 manat faiz olmaqla cəmi 351,15 manat borc X2 Söyünalı qızının vərəsəsi olan cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehdən 43,17 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********65 saylı kredit müqaviləsi üzrə 1953,41 manat əsas borc, 12,38 manat faiz borcu, cəmi 1965,79 (min doqquz yüz altmış beş manat yetmiş doqquz qəpik) manat borc, kart limiti üzrə 204 manat əsas, 147,15 manat faiz olmaqla cəmi 351,15 (üç yüz əlli bir manat on beş qəpik) manat borc, 43,17 (qırx üç manat on yeddi qəpik) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-72/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-72/2024
29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver