Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-724/2025 18.02.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Rəşad Ayıl oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları İddiaçı “X1” ASC Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “X1” ASC-nin xeyrinə 4712,59 manat məbləğində əsas borcun, 567,95 manat məbləğində faiz borcunun, 217,02 manat məbləğində cərimə borcunun, cəmi 5497,56 manat borcun və 75,38 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 12 ay müddətinə illik 25% ödəmək şərtilə 4812,0 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə "xxxx" KB ASC-yə 4712,59 manat əsas, 567,95 manat faiz, 217,02 manat cərimə borcu olmaqla, cəmi 5497,56 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddia ərizəsinə etirazın dəlilləri Cavabdeh iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim etdmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Unibank KB" ASC-nin ona qarşı qaldırdığı iddia ilə bağlı aşağıdakıları bildirmək istəyir: İlk əvvəl 2014-cü ildən bankın müştərisidir və 2024-cü ilə qədər müxtəlif vaxtlarda götürdüyü kreditləri məsuliyyətlə geri qaytarmışdır. O, bank qarşısında olan öhdəliyini inkar etmir və dürüst vətəndaş kimi borcu ödəmək niyyətində idi. Lakin borcun gecikməsi ondan asılı olmayan ciddi səbəblərdən və bank əməkdaşının onu yanlış məlumatlandırması səbəbindən baş vermişdir. Sözügedən kredit üzrə borcun yaranma tarixi və səbəbləri aşağıdakı kimidir: Krediti 2021-ci ildə "Albalı" kartı vasitəsilə müqavilə bağlayaraq götürmüş və 2024-cü ilin dekabr ayına qədər ödənişlərini vaxtıvaxtında icra etmişdir. 20 dekabr 2024-cü il tarixdə bankdan aldığı mesajla öyrənmişdir ki, kredit xəttinin müddəti bitib və aylıq ödəniş məbləği 250 manatdan 350 manata qaldırılıb və həmən vaxt onun ümumi rəsmi aylıq gəliri 460 manat olmuşdur. Maddi vəziyyəti yaxşı olmadığına görə bankın filialına müraciət etmişdir. Orada ona bildirmişlər ki, il dəyişdiyinə görə yanvar ayında yenidən müraciət etsin, mümkün olsa köməklik göstəriləcək. Yanvar ayında yenidən filiala yaxınlaşmış və maddi vəziyyəti ilə bağlı bu öhdəliyi hal-hazırda 350 manat olaraq yox, 200 manat olaraq ödəməyini, ümumi borc məbləğini eyni saxlamaq şərti ilə ödəniş müddətinin uzadılmasını xahiş etmişdir. Bank bildirmişdir ki, bu mümkün deyil və onlar bunu nağd kreditə keçirə bilməzlər. O, dəfələrlə bu barədə banka müraciət etmiş və hər dəfə rədd cavabı almışdır. Lakin 02 may 2025-ci il tarixdə bankın əməkdaşı Şahin bəy ona zəng edərək kreditin ödənilməsi ilə bağlı təklif irəli sürdü. O dedi ki, "Sizin kart krediti 29% ilə verilib, siz bunu nağd kreditə çevirərək 25% ilə yenidən rəsmiləşdirə bilərsiniz və bu halda aylıq 200 manat ödəniş edəcəksiniz". O, borcunu ödəmək istədiyi üçün banka yaxınlaşmış və Şahin bəyin təklifini qəbul edərək, müqaviləni yenilətdirmişdir. Müqaviləni imzalayarkən eynəyi yanında olmadığı və gözündə görmə problemi olduğu üçün şərtlərlə tanış ola bilməmiş və bank əməkdaşı olan Şahin bəyin sözünə güvənərək imza atmışdır. Yalnız evə gəldikdən sonra müqavilədə göstərilən aylıq ödənişin 200 manat deyil, 458 manat olduğunu öyrənmişdir. Dərhal Şahin bəyə zəng etmiş və Şahin bəy ona dedi ki, "Siz 200 manatdan ödəyin, heç bir problem olmayacaq". Növbəti ayın ödəniş vaxtı çatdıqda o 200 manat ödəmiş, lakin bir neçə gün sonra ona bankdan zəng gəlmiş və bildirilmişdir ki, 258 manat borcu qalıb və ödənilmədiyi təqdirdə faiz hesablanacaq. O, bununla bağlı yenidən Şahin bəyə zəng etdikdə zənglərinə cavab verilməmişdir. Daha sonra "xxxx"ın Baş ofisinə müraciət etmişdir. Problemli kreditlər şöbəsinin əməkdaşı Lalə xanım bank daxilində telefon ilə əlaqə saxladıqdan sonra bildirmişdir ki, bu "restrukturizasiya olunmuş kreditdir" və onu yenidən bölə bilmirlər. Xüsusi olaraq bildirmək istəyirəm ki:
1. Kart krediti nağd kreditə çevrilən zaman onun rəsmi iş yeri olmamışdır və o bunu zəngdə Şahin bəyə bildirmişdir. Bank onun gəliri olmadığını bilə-bilə, 350 manatı ödəyə bilməyən vətəndaşa 458 manatlıq ödəniş yükü qoyaraq vəziyyətini daha da ağırlaşdırmışdır. 2. Hal-hazırda aldığı əmək haqqının müalicə və büdcə xərcləri üçün yetərli olmadığını nəzərə alaraq bankın faiz və cərimələrini silinməsini xahiş edir. Onun aldadıldığını, hazırkı ağır maddi durumunu, ailə vəziyyətini və səhhətindəki problemləri nəzərə alaraq: Əsas borc öhdəliyinin icrasına möhlət verilməsini və ya ödənişlərin maddi vəziyyəti yaxşılaşdıqdan, səhhəti düzəldikdən və onun real imkanlarına uyğun qrafiklə (aylıq simvolik məbləğlərlə) ödənilməsinə köməklik göstərilməsini təmin edilməsini xahiş edir.
Proses iştirakçılarının izahatı
İddiaçı “X1” ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəməyə müraciət olunduqdan sonra cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdehin məhkəməyə ünvanladığı ödəniş qəbzi isə onun başqa kreditinə aiddir. Qəbzdəki müqavilə nömrəsinə diqqət etdikdə bunu açıq-aydın görmək mümkündür. Bütün deyilənlərin təsdiqi olaraq iş üzrə hesabdan çıxarış da elektron kabinetə yüklənmişdir. Odur ki, işə onların iştirakı olmadan baxaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, o, 2014-cü ildən etibarən “X1” ASCnin daimi müştərisi olmuşdur. 2024-cü ilin dekabr ayınadək 250 manat olan aylıq ödənişlərini adi qaydada həyata keçirmişdir. 2024-cü ilin dekabr ayında isə ona bank tərəfindən aylıq 350 manat ödəmələ olduğu ilə bağlı mesaj göndərilmişdir. O, məsələni araşdırmaq üçün banka müraciət etmiş, lakin bankın əməkdaşı ona yanvar ayında müraciət etməsini bildirmişdir. O, yenidən 2025-ci ilin yanvar ayında müraciət etmiş, ona ödənişin aşağı salınmasının mümkün olmadığı bildirilmişdir. Ona xx.xx.2025-ci il tarixdə “Şahin” adlı bank əməkdaşı tərəfindən zəng edilmiş və ona aylıq ödənişi 200 manat olan 25%-lik nəğd kreditə keçirilmək təklif edilmişdir, lakin sonradan başqa bir bank əməkdaşı ona aylıq 448 manat ödəməli olduğunu bildirmişdir. O, narazılıq etdikdən sonra həmin əməkdaş “Şahin” adlı əməkdaşla danışmış və ona sənədlər imzalatmışlar. O, eynəyini özü ilə aparmadığından hansı məbləğ üçün imza atdığını müəyyən edə bilməmişdir. “Şahin” adlı şəxs yenə də ona aylıq 200 manat ödəyəcəyini bildirmişdir. Daha sonra isə ona bankdan zəng edilərək aylıq ödənişləri 258 manat kəsrlə həyata keçirdiyini bildirmişlər. O, Şahin adlı şəxsə dəfələrlə zəng etsə də, həmin şəxs zənglərə cavab verməmişdir. Eyni zamanda, o, xx.xx.2025-ci il tarixdə kreditin yenilənməsindən əvvəl 200 manat, xx.xx.2025-ci il tarixdən sonra da 200 manat ödəniş etmiş və xx.xx.2025-ci il tarixdə etdiyi ödəniş qəbzini də məhkəməyə təqdim etmişdir. Lakin xx.xx.2025-ci il tarixdən sonra etdiyi ödənişlə bağlı qəbzi tapa bilməmişdir. Bundan başqa maddi vəziyyəti ağırdır və səhhətində də problemlər vardır. Hesab edir ki, hesablanmış faizlər silinərsə o da borcunu az-az qaytara bilər. Qeyd etdikləri nəzərə alınmaqla faizlərin silinməsi və borcunu hissə-hissə ödəməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sənədlər
- “X1” ASC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, “X1” ASC tərəfindən cavabdehə 12 ay müddətinə, 25% dərəcəsi ilə 4812,0 manat məbləğində kredit verilmişdir. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun kredit müqaviləsi üzrə banka 4712,59 manat məbləğində əsas borc, 567,95 manat məbləğində faiz borcu, 217,02 manat məbləğində cərimə borcu, cəmi 5497,56 manat borcu vardır. - "xxxx" KB ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2025-ci il tarixə cavabdehin iddiaçıya 4712,59 manat əsas, 384,24 manat faiz, 100,1 manat cərimə, cəmi 5196,93 manat borcu vardır. - Qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman tərəfindən 74,98 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. - Hesab üzrə çıxarışdan görünür ki, Cavabdeh iddiaçı tərəfindən ona xx.xx.2025-ci il tarixli bildirişlə müraciət etdiyi tarixdən sonra heç bir ödəniş etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8.1.2. məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi
Məhkəmə cavabdehin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, “X1” ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 25% ödəmək şərtilə 4812,0 manat kredit götürmüşdür. Həmin müqaviləyə əsasən Cavabdeh kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka borcu yaranmışdır. İddiaçı hazırkı iddia ilə əlaqədar 74,98 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə, iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməməsi səbəbindən iddiaçı məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh hazırda xx.xx.2025-ci il tarixdən sonra 200 manat ödəniş etdiyini bildirsə də, iş materiallarından görünür ki, ödəniş iddiaçının xx.xx.2025-ci il tarixli bildirişlə ona müraciət etdiyi tarixdən əvvəl edilmiş, həmin tarixdən sonra isə heç bir ödəniş edilməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borca hesablanmış faizlərin və cərimənin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina edilməsi, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı). Məhkəmə, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu zaman yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2025-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərərək kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi, yəni xx.xx.2025-ci il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Hazırda isə iddiaçı xx.xx.2025-ci il tarixə olan əsas, faiz və cərimə borcunu tələb edir. Odur ki, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdehdən xx.xx.2025-ci il tarixə olan gecikdirilmiş annuitet (əsas məbləğ), hesablanmış faizlər və cərimə tutulmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki iş üzrə məhkəməyə müraciət etmək üçün ödənilmiş 75,38 manat dövlət rüsumunun 70,48 manatdan ibarət hissəsi və 0,40 manat bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun 4,50 manatdan ibarət hissəsi isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh 4712,59 manat məbləğində əsas borc, 384,24 manat məbləğində faiz borcu, 100,1 manat məbləğində cərimə, 70,48 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 5267,81 manat tutularaq iddiaçı “X1” ASC-nə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216- 220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4712,59 manat məbləğində əsas borc, 384,24 manat məbləğində faiz borcu, 100,1 manat məbləğində cərimə, 70,48 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 5267,81 manat tutularaq iddiaçı “X1” ASC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Rəşad Əliyev