Məhkəmə qərarları › İş №e-2(054)-73/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-73/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-73/2024 29.01.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh-borcalan Ağabəyov Rüstəm Şəkəralı oğlunun vərəsəsi Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki işə 29 yanvar 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (mətndə iddiaçı) cavabdeh-mərhum borcalan Ağabəyov Rüstəm Şəkəralı oğlunun vərəsəsi Cavabdeh (mətndə cavabdeh) qarşı ondan nəğd kredit üzrə 193,88 manat əsas borc, 0,01 manat faiz borcu, cəmi 193,89 manat borc, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə iş yükünün çoxluğu səbəbli məhkəmə iclasında iştirak etməyəcəyini bildirərək işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə əsasən əsasən "xxxx" ASC-nin “Şəki” filialı ilə Ağabəyov Rüstəm Şəkəralı oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********27 saylı kredit müqaviləsinə əsasən ona illik 27 faizlə 27 ay müddətinə 1430 manat məbləğində nəğd kredit verilmişdir. X2 Şəkəralı oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Oğuz rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 327 nömrəli məktubu və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışla müəyyən edilmişdir ki, mərhum Ağabəyov Rüstəm Şəkəralı oğlunun qanun üzrə vərəsəsi Cavabdeh adına vərəsəlik işi açılmış, miras əmlak buraxılış ili 1999-cu il olan Mersedes Benz VİTO 112 CDİ minik markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarətdir. Bankın Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Ağabəyov Rüstəm Şəkəralı oğlunun vəfat etdiyi tarixə banka nəğd kredit üzrə ödənilməmiş 193,88 manat əsas borc, 0,01 manat faiz borcu, cəmi 193,89 manat borcu qalmışdır. Cavabdeh mərhum Ağabəyov Rüstəm Şəkəralı oğlundan qalmış mirası qəbul etsə də miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. İddiaçı tərəf mübahisənin məhkəmədən kənar qaydada həlli üçün səy göstərsə də, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Kredit öhdəlikləri qanuna uyğun olaraq borcalan tərəfindən, hazırki halda isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1146, 1255 və 1306.1-ci maddələrinin tələbləri rəhbər tutulmaqla onun vərəsəsi tərəfindən yerinə yetirliməlidir. İddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü tarixdə məhkəməyə daxil olmuş kredit borcunun sığorta olunmasına münasibətlə bağlı ərizəsi ilə bildirmişdir ki, mərhum Ağabəyov Rüstəm Şəkəralı oğlunun kredit borcu sığortalanmamış, ümumiyyətlə 2018-ci ilin aprel ayından sonra Bankdan verilən kredit borclarının sığortalanması prosesi dayandırılmış, habelə mərhum Ağabəyov Rüstəm Şəkəralı oğlunun kredit borcu Bank tərəfindən bağışlanılmamışdır. İddia ərizəsi ilə tələb olunan kredit borcu məbləğinin ödənilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, mərhum əri 2016-cı ildə sığortalanmış kredit götürmüş, həmin kredit 2018-ci ilin dekabr ayında bağlanmışdır. xx.xx.2018-ci ildə yeni kredit müqaviləsi bağlanarkən artıq həmin kredit sığortalanmamışdır.Bunun necə və kim tərəfindən edildiyini bilmir. Məhkəmə hazırlıq iclasından sonra banka müraciət edərkən bu məsələ ona məlum olmuşdur. Pensiya ilə həyatını təmin edir və tələb olunan məbləği bir başa ödəməyə imkanı yoxdur. İddianı qəbul etmir. Qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, BPM**********27 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Şəki filialı tərəfindən Ağabəyov Rüstəm Şəkəralı oğluna şəxsi istehlak məqsədləri ilə 27 ay müddətinə illik 27 % dərəcəsi ilə 1430 manat məbləğində nəğd kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC-nin Şəki filialı tərəfindən Ağabəyov Rüstəm Şəkəralı oğluna şəxsi istehlak məqsədləri ilə 27 ay müddətinə illik 27 % dərəcəsi ilə verilmiş 1430 manat kredit borcunun (493,05 manat faiz əlavə olunmaqla) ödənişinin xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 71,3 manat, sonuncu ay 69,25 manat olmaqla xx.xx.2021-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İş materiallarında olan ölüm haqqında AZ-İİ 092231 saylı şəhadətnamənin surətindən görünür ki, Ağabəyov Rüstəm Şəkəralı oğlu xx.xx.2020-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsi ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 116 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Notariat Ofisinin iş materiallarında olan, "xxxx" ASC-nin Zaqatala filialına ünvanlanmış xx.xx.2023-ci il tarixli, 327 saylı məktubundan və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışdan görünür ki, mərhum Ağabəyov Rüstəm Şəkəralı oğlunun qanun üzrə vərəsəsi Cavabdeh adına vərəsəlik işi açılmış, miras əmlak buraxılış ili 1999-cu il olan Mersedes Benz VİTO 112 CDİ minik markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, PKİD/925 saylı xəbərdarlıqdan görünür ki, Ağabəyov Rüstəm Şəkəralı oğlunun vərəsəsi olan Cavabdeh miras passivinin qaytarılması ilə xəbərdarlıq edilmiş, kreditlə bağlı öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyət daşıdığı barədə məlumat verilmişdir. İş materiallarında olan maliyyə arayışında öz əksini tapmış cədvəldən görünür ki, Ağabəyov Rüstəm Şəkəralı oğluna xx.xx.2018-ci il tarixdə 27 ay müddətinə, illik 27 faizlə verilmiş 1430 manat nəğd kreditin ödənişi 1236,12 manat əsas, 473,84 manat faiz borcu hissəsində həyata keçirilmiş, o xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra ödənilməmiş əsas borcu 193,88 manat, 0,01 manat faiz borcu, cəmi borcu 193,89 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2018-ci il tarixli, BPM**********27 saylı kredit müqaviləsinə əsasən Ağabəyov Rüstəm Şəkəralı oğluna 27 ay müddətinə, illik 27 %-lə 1430 manat nəğd kredit verilmiş, Ağabəyov Rüstəm Şəkəralı oğlu xx.xx.2020-ci il tarixdə ölmüş, Ağabəyov Rüstəm Şəkəralı oğlunun vəfat etdiyi tarixə banka nəğd kredit üzrə ödənilməmiş 193,88 manat əsas borc, 0,01 manat faiz borcu, cəmi 193,89 manat borcu qalmışdır. Cavabdeh onun vərəsəsi olaraq mərhum Ağabəyov Rüstəm Şəkəralı oğlundan qalmış mirası notarial qaydada qəbul etmişdir, lakin ona xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişdir, halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, nəqd kredit üzrə ödənilməmiş 193,88 manat əsas borc, 0,01 manat faiz borcu, cəmi 193,89 manat borc X2 Şəkəralı oğlunun vərəsəsi olan cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehdən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, BPM**********27 saylı kredit müqaviləsi üzrə 193,88 manat əsas borc, 0,01 manat faiz borcu, cəmi 193,89 (bir yüz doxsan üç manat səksən doqquz qəpik) manat borc, 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar