Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-81/2023 16.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc və dövlət rüsumu tələbinə dair mülki işə 16 fevral 2023-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 321310-1-25281 saylı “kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə olan 5100,90 AZN əsas, 432,87 AZN faiz, 388,95 AZN cərimə, cəmi 5922,72 AZN borcun və 79,23 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizəsi ilə iş yükünün artması səbəbli iştirakı olmadan işə baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli, 321310-1-25281 saylı “kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən ona illik 21,90 faiz dərəcəsi ilə hesablanmaqla 60 ay müddətinə 5600 AZN məbləğində kredit verilmiş, borclu kredit borcunun şərtləşdirilmiş qaydada qaytarılması öhdəliyini öz üzərinə götürmüşdür. Borclu öhdəliklərini lazımi şəkildə icra etməmiş, nəticədə onun xx.xx.2022-ci il tarixə banka 5100,90 AZN əsas, 432,87 AZN faiz, 388,95 AZN cərimə, cəmi 5922,72 AZN borcu yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə borcluya dəfələrlə xəbərdarlıq edilmiş, lakin öhdəliklər icra edilməmişdir. Müqavilə şərtləri pozulduğundan qüvvədə olan mülki qanunvericilik normaları nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 321310-1-25281 saylı “kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nin surətindən görünür ki, Bank VTB (Azərbaycan) ASC Cavabdeh illik 21,90 % olmaqla 60 ay müddətinə istehlak məqsədilə 5600 AZN məbləğində kredit vermişdir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 321310-1-25281 saylı kredit müqaviləsinə 1 saylı Əlavənin surətindən görünür ki, Cavabdeh verilmiş 5600 manat əsas, 3662,21 manat faizlə birgə cəmi 9262,21 manat kreditin ödənişinin xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 154,41 manat, sonuncu ay 154,02 manat olmaqla xx.xx.2026-cı il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 6624/p saylı pretenziyadan görünür ki, xx.xx.2021-ci il tarixli, 321310-1-25281 saylı istehlak krediti müqaviləsindən irəli gələn pul tələblərinin yerinə yetirilməsi cavabdehdən tələb olunmuş, əks halda məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli, 321310-1-25281 saylı nağd pul krediti müqaviləsi üzrə Cavabdeh həmin tarixə borcu-5100,90 AZN əsas, 432,87 AZN faiz, 388,95 AZN cərimə olmaqla, cəmi 5922,72 AZN-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, Cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixli, 321310-1-25281 saylı istehlak krediti müqaviləsi üzrə 01 dekabr 2022-ci il tarixə 5100,90 manat əsas, 432,87 manat faiz, 388,95 manat cərimə olmaqla, cəmi 5922,72 manat borcu yaranmış, xəbərdarlıq edilsə də, həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən və mülki qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi 5100,90 manat əsas, 432,87 manat faiz hissəsində təmin edilməli, 388,95 manat cərimə borcu hissəsində aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edilən normanın tələbləri baxımından yanaşmaqla hesab edir ki, iddia tələbinin 388,95 AZN cərimə hissəsində qismən, yəni 100 AZN məbləğində təmin edilməsi mümkün və ədalətlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun olaraq Cavabdeh 76,33 AZN dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 321310-1-25281 saylı “kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə olan 5100,90 AZN əsas, 432,87 AZN faiz, 100 AZN cərimə, cəmi 5633,77 (beş min altı yüz otuz üç manat yetmiş yeddi qəpik) AZN kredit borcu və ödənilmiş 76,33 (yetmiş altı manat otuz üç qəpik) AZN dövlət rüsumu iddiaçının xeyrinə tutulsun. İddia tələbi 288,95 AZN cərimə borcu və 2,90 AZN dövlət rüsumu hissəsində təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-81/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-81/2023
16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver