Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-85/2022 28.02.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Babayeva Ülviyyə Hümbət qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının atırılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı məhkəməyə müraciət edərək 23.07.2005-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh tutulаn alimentin miqdarının artırılaraq hər ay 200 (iki yüz)manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü ildə cavabdehlə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, nikahlarını isə 16.01.2006-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə 23.07.2005-ci il tarixdə X2 adlı bir uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında bağlanmış nikah Oğuz Rayon Məhkəməsinin 01.02.2017-ci il tarixli 2 (054) - 8 / 2017 nömrəli qətnaməsinə əsasən pozulmuş, boşanmadan sonra uşağın onun yanında qalması müəyyən edilmiş və cavabdehdən hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment tutularaq uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün ona ödənilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin 13.02.2018-ci il tarixli 2 (054) - 105 / 2018 nömrəli qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay 145 (bir yüz qırx beş) manat sabit pul məbləğində müəyyən edilmişdir. Alimentin təyin edilməsindən 4 il müddət keçmişdir və cavabdehlə birgə nikahından anadan olmuş uşaq hazırda da onun himayəsindədir. Uşağın yaşının artması, ərzaq və geyim əşyalarının qiymətlərinin bahalaşması ilə əlaqədar zəruri olan xərclərlə bağlı maddi ehtiyacları da artmışdır. O, heç yerdə işləmir və hər hansı gəliri də yoxdur. Cavabdehin uşağın saxlanması üçün ona verdiyi aliment pulu hazırki şəraitdə uşağın maddi ehtiyaclarını ödəmir və o, uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görə də o, uşağın saxlanması üçün cavabdehdən tutulаn alimentin miqdarının artırılmasını tələb edir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, o, uşağı ilə birlikdə Oğuz rayonu Kərimli kəndində öz valideynlərinin evində, cavabdeh isə Bakı şəhərində yaşayır. Cavabdeh uşağın qayğıları və ehtiyacları ilə lazımi qədər maraqlanmır, uşağın saxlanması üçün ona alimentdən başqa maddi yardım etmir. Cavabdeh indiyədək ona hər ay 145 manat sabit pul məbləğində, son aylarda isə 150-160 manat miqdarında aliment ödəmişdir. Lakin cavabdehin uşağın saxlanması üçün ona verdiyi aliment pulu hazırki şəraitdə uşağın maddi ehtiyaclarını ödəmir və o, uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Cavabdeh alimentin miqdarının artırılması məsələsi ilə bağlı ilkin mediasiya sessiyasında da iştirak etməmişdir, bundan sonra o, məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən cavabdehdən tutulаn alimentin miqdarının artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, ancaq məhkəmə prosesi zamanı onunla telefon vasitəsilə əlaqə saxladıqda məhkəməyə gələ bilməyəcəyini, iddiaçıya hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş 18.04.2018-ci il tarixli AZ - İV 066490 nömrəli doğum haqqında şəhadətnamənin, 15.05.2017-ci il tarixli AZ-İ 258734 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin, Oğuz Rayon Məhkəməsinin 13.02.2018-ci il tarixli 2 (054) - 105 / 2018 nömrəli qətnaməsinin surətləri, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 24.12.2021-ci il tarixli arayış ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı ilə cavabdeh faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuş, nikahlarını isə 16.01.2006-cı il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından 23.07.2005-ci il tarixdə X2 adlı bir uşaqları anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah 01.02.2017-ci il tarixli 2 (054) - 8 / 2017 nömrəli məhkəmə qətnaməsi əsasında pozulmuş, uşağın boşanmadan sonra iddiaçının yanında qalması müəyyən edilmiş və cavabdehdən hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment tutularaq uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıya ödənilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin 13.02.2018-ci il tarixli 2 (054) - 105 / 2018 nömrəli qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay 145 (bir yüz qırx beş) manat sabit pul məbləğində müəyyən edilmişdir. Tərəflərin birgə nikahından anadan olmuş uşaq hazırda da iddiaçının yanında yaşayır. Cavabdeh alimentin miqdarının artırılması məsələsi ilə bağlı mediasiya prosesində də iştirak etmədiyinə görə mediasiya prosesinə xitam verilmişdir. İddiaçı hazırda uşağı ilə birlikdə valideynlərinin evində yaşadığını və heç yerdə işləmədiyini, cavabdehin uşağın saxlanması üçün hazırki vəziyyətdə ona verdiyi aliment pulunun uşağın maddi ehtiyaclarını ödəmədiyini və uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini bildirərək cavabdehdən tutularaq ona ödənilməli olаn alimentin miqdarının artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh məhkəməyə gəlməmiş, ancaq məhkəmə prosesi zamanı onunla telefon vasitəsilə əlaqə saxladıqda iddiaçıya hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Cavabdehin gəlirlərinin miqdarı və mənbəyi məlum deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına şatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Oğuz Rayon Məhkəməsinin 13.02.2018-ci il tarixli 2 (054) - 105 / 2018 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Buna baxmayaraq həmin vaxtdan sonra keçən 4 ildən artıq müddət ərzində uşağın yaşının artması ilə əlaqədar maddi ehtiyacları da, eyni zamanda, uşaqlar üçün respublikada müəyyən edilmiş yaşayış minimumu da artmışdır. Buna görə məhkəmə hesab edir ki, iddiaçının maddi vəziyyətində dəyişiklik olmuşdur. Oğuz Rayon Məhkəməsinin 13.02.2018-ci il tarixli 2 (054) - 105 / 2018 nömrəli qətnaməsinin məzmunundan görünür ki, uşağın saxlanması üçün alimentin miqdarı müəyyən olunan vaxtda, yəni 2018-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu 154 (bir yüz əlli dörd) manat olduğu halda, məhkəmə alimenti 145 (bir yüz qırx beş) manat miqdarında təyin etmişdir. Cavabdeh də indiyədək iddiaçıya, özünün deməsinə görə, hər ay 145 manat, son aylarda isə 150-160 manat miqdarında aliment ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, uşağın saxlanması üçün cavabdehin iddiaçıya ödədiyi 145 (bir yüz qırx beş) manat aliment hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə müqayisədə azdır. Ona görə də məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməkdən ötrü cavabdehin həmin uşağın saxlanması üçün iddiaçıya ödədiyi alimentin miqdarı da artırılmalıdır. Tərəflərin birgə nikahından anadan olmuş uşaq iddiaçının himayəsində olduğundan uşağa qulluq, onun sağlamlığı, təhsili, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin daimi iş yeri olmaması və maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ancaq alimentin miqdarı müəyyən edilərkən uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin, yəni cavabdehlə yanaşı, həm də iddiaçının vəzifəsi olması da nəzərə alınmalıdır. İş materiallarından görünür ki, hazırda cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların birgə nikahından anadan olmuş azyaşlı uşağın mənafeyini, onun saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarının müəyyən olunduğu vaxtdan 4 ildən artıq müddət keçdiyini, 2018-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu 154 (bir yüz əlli dörd) manat təşkil etdiyi halda, uşağın saxlanması üçün məhkəmə tərəfindən hər ay 145 (bir yüz qırx beş) manat sabit pul məbləğində aliment müəyyən edildiyini, 2022-ci ildə isə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 193 (bir yüz döxsan üç) manat miqdarında olduğunu, işin digər faktiki hallarına isə 13.02.2018-ci il tarixli 2 (054) - 105 / 2018 nömrəli məhkəmə qətnaməsi ilə qiymət verildiyini nəzərə almaqla uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə qərara gəlir ki, uşağın saxlanması üçün alimentin hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilən hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, alimentin artırılmış miqdarı üzrə bir il ərzində ödəmənin məcmusu nəzərə alınmaqla cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 100 manat məbləğin onun özünə aid edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahından 23.07.2005-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 145 (bir yüz qırx beş) manat sabit pul məbləğində tutularaq İddiaçı ödənilən alimentin miqdarı artırılaraq hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilsin. 23.07.2005-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün alimentin hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 100 manat məbləğ onun özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-85/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-85/2022
28.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver