Məhkəmə qərarları › İş №e-2(054)-95/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-95/2024

15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-95/2024 15.11.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki işə 15 noyabr 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı ASC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 10648,36 manat məbləğində əsas borcun, 442,32 manat məbləğində faiz borcunun, cəmi 11090,68 manat borcun və 124 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CP/29378/86/13 saylı kredit sazişi müqaviləsinə əsasən ona 48 ay müddətinə, illik 22 % olmaqla 12500 manat məbləğində kredit verilmişdir. Borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və faizləri banka ödəməkdən yayınır, xəbərdarlıq edilməsinə baxmayaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Buna görə də 10648,36 manat məbləğində əsas borcun, 442,32 manat məbləğində faiz borcunun, cəmi 11090,68 manat borcun cavabdehdən tutulması barədə tələblə məhkəməyə müraciət edilmişdir. İddia tələbinə uyğun olaraq 124 manat dövlət rüsumu da ödənilmişdir. İddia ərizəsi məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə 400 manat və xx.xx.2024-cü il tarixdə 400 manat olmaqla cəmi 800 manat ödəniş etdiyindən ödəniş etdiyindən iddia predmeti dəqiqləşdirlmiş, xx.xx.2024-cü il tarixə cavabdehin borcu yenidən hesablanmış, dövlət rüsumu və faiz məbləğinin bir hissəsi ödənilmiş məbləğdən çıxılmışdır. Hazırda cavabdehin borcu 10648,36 manat əsas, 131,28 manat faiz olmaqla cəmi 10779,64 manat təşkil edir. xx.xx.2024-cü il tarixdə ödənilmiş məbləğin qalanı qətnamə qəbul olunanadək hər günə hesablanacaq faizdən çıxılır. Cavabdehə qətnamə çıxarılanadək ödəniş etməmək məsləhət görülmüşdür. İddia predmetinin dəqiqləşdirilməsi barədə ərizə və xx.xx.2024-cü il tarixə hesabdan çıxarış məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlər hesabdan çıxarışda öz əksini tapmışdır. Buna görə də hesab edir ki, ekspertiza təyin olunmasına ehtiyac yoxdur.Qeyd edilənlərə əsasən və mülki qanunvericilik normaları rəhbər tutulmaqla cavabdehdən 10648,36 manat məbləğində əsas borcun, 131,28 manat məbləğində faiz borcunun, cəmi 10779,64 manat borcun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, həqiqətən 2022-ci ildə iddiaçı ilə aralarından bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən 12500 manat kredit götürmüşdür. Müəyyən məbləğdə ödəniş aparsa da bəzi səbəblərə görə gecikmə yaranmışdır. Ondan iddia ərizəsi ilə tələb olunan məbləğə etiraz etmir, lakin həmin tələblə bağlı məhkəməyə müraciət edildikdən sonra xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə hər dəfə 400 manat olaraq ödənişlər etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, dekabr ayında ödədiyi 400 manatdan dövlət rüsumu və tələb olunan faizin bir hissəsi çıxılmışdır. xx.xx.2024-cü il tarixdə etdiyi 400 manat ödənişin iddia ərizəsi ilə tələb edilən məbləğdən çıxılmasını istəyir, lakin iddiaçının izahatından məlum olur ki, həmin məbləğ borc məbləğinə aid olmayaraq hesablanan faizdən çıxılır. Bunu düzgün hesab etmir. Hesab edir ki, ekspertiza təyin olunmalı, ödədiyi məbləğlər nəzərə alınmaqla borcu yenidən hesablanmalıdır. Məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib sənədləri araşdıraraq işin hallarını nəzərə almaqla və mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini məqsədə müvafiq hesab etdiyindən xx.xx.2024cü il tarixli qərardada əsasən iş üzrə icraat dayandırılmaqla mülki iş ekspertizanın aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Mülki iş xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli, 9/3151 saylı ekspert rəyi əlavə edilməklə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə ekspertin hesablamalarında ciddi nöqsanlara yol verdiyini, ödənilmiş cərimə məbləğini (483 manat) əsas borcdan sildiyini, bunun “Banklar haqqında” Qanuna zidd olduğunu, silinmənin cərimə, faiz və əsas borc ardıcıllığı ilə aparıldığını bildirmiş, məhkəmə iclasında iştirakı olmadan işə baxılaraq ekspert rəyi nəzərə alınmadan iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatını təsdiq etdi, ekspertiza rəyi ilə tanış olduğunu, xx.xx.2024-cü il tarixəolan hesablamada göstərilmiş əsas borcu qəbul etdiyini, faiz hesablanmasını istəmədiyini, bankdan ona göndərilmiş bildirişdə cərimə tələbinin olmadığını bildirdi və qanuni qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan xx.xx.2022-cu il tarixli, CP/29378/86/13 saylı kredit sazişindən və 3016/261198 saylı kassa məxaric orderindən görünür ki, Cavabdeh illik 22 faiz dərəcəsi ilə 48 ay müddətinə 12500 manat nağd pul krediti verilmiş, saziş bankın Şəki filialının nümayəndəsi və müştəri Cavabdeh tərəfindən imzalanmışdır. İşdə olan Əlavə 1-ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsi üzrə 12500 manat əsas, 6411,52 manat faiz borcunun ödənişinin xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 393,83 manat, sonuncu ay 401,51 manat olmaqla xx.xx.2026-cı il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi bildirilməklə Cavabdeh kredit borcunun ödənilməsi tələb olunmuş, əks halda məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçıya 10648,36 manat əsas, 442,32 manat faiz, 0 manat cərimə borcu vardır. İşdə olan iddia predmetinin dəqiqləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli nağd pul layihəsi müqaviləsinə əsasən iddiaçıya həmin tarixə əsas borcu 10648,36 manat, faiz borcu 131,28 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 9/3151 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarışdan göründüyü kimi Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixədək 6511 manat məbləğində ödəniş aparılmışdır. Həmin məbləğdən 2401,04 manat əsas borcdan, 4109,96 manat faiz borcundan silinmiş, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixə 10342,28 manat əsas, 783,72 manat faiz, xx.xx.2024-cü il tarixə 10098,96 manat əsas, 123,43 manat faiz, xx.xx.2024-cü il tarixə 10098,96 manat əsas, 209,83 manat faiz borcu olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək olan redaksiyada verilib.) Beləliklə, iş materialları ilə təsdiq edilir ki, xx.xx.2022-cu il tarixli, CP/29378/86/13 saylı kredit sazişinə əsasən cavabdehə 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 12500 manat kredit verilmiş, cavabdeh tərəfindən öhdəliklərə əməl edilmədiyindən iddiaçı 10648,36 manat məbləğində əsas borcun, 442,32 manat məbləğində faiz borcunun, cəmi 11090,68 manat borcun və 124 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh iddiaçının məhkəməyə müraciətindən sonra-xx.xx.2023-cü il tarixdə borcundan 400 manat, xx.xx.2024cü il tarixdə 400 manat, cəmi 800 manat ödəniş etmişdir. Buna uyğun olaraq iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək cavabdehin həmin tarixə iddiaçıya borcunun 10648,36 manat əsas, 131,28 manat faiz olduğu, cavabdehin ödənişləri nəzərə alınmaqla dövlət rüsumu tələbinin olmadığı bildirilmişdir. Cavabdeh sonuncu iki ödənişinin bir hissəsinin nəzərə alınmadığını bildirdiyindən borcun məbləğinin hesablanması üçün məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2024-cü il tarixli, 9/3151 saylı ekspert rəyi ilə Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixədək 6511 manat məbləğində ödəniş aparıldığı, həmin məbləğdən 2401,04 manat əsas borcdan, 4109,96 manat faiz borcundan silindiyi, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixə 10342,28 manat əsas, 783,72 manat faiz, xx.xx.2024-cü il tarixə 10098,96 manat əsas, 123,43 manat faiz, xx.xx.2024-cü il tarixə 10098,96 manat əsas, 209,83 manat faiz borcunun olduğu müəyyən olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ünvanladığı ərizə ilə ekspertin hesablamalarında ciddi nöqsanlara yol verdiyini, ödənilmiş cərimə məbləğini (483 manat) əsas borcdan sildiyini, bunun “Banklar haqqında” Qanuna zidd olduğunu, silinmənin cərimə, faiz və əsas borc ardıcıllığı ilə aparıldığını bildirmiş, məhkəmə iclasında iştirakı olmadan işə baxılaraq ekspert rəyi nəzərə alınmadan iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ekspertiza rəyini xx.xx.2024-cü il tarixə (iddia tələbinin dəqiqləşməsi tarixinə) hesablanmış əsas borc hissəsində qəbul etmiş, faiz borcuna etiraz etmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri, buna uyğun olaraq ekspertiza rəyini sübut kimi qəbul edərək, habelə cavabdehin cəmi 800 manat ödənişinin iddia ərizəsi məhkəmənin icraatında olduğu dövrdə (xx.xx.2023 və xx.xx.2024) aparıldığını və həmin vaxt iddiaçının iddia tələbinin artıq müəyyən edildiyini, hər hansı məbləğdə cərimənin tələb edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi xx.xx.2024-cü il tarixə hesablanmış 10098,96 manat əsas, 123,43 manat faiz hissəsində təmin edilməli, 549,4 manat əsas, 7,85 manat faiz borcu hissəsində rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3151 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat olmuşdur. Məhkəmə hesab edir ki, işin qeyd edilən hallarına uyğun olaraq 200 manat ekspertiza xərcinin 10 manat hissəsi iddiaçıdan, 190 manat hissəsi cavabdehdən tutularaq müvafiq hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən ödənilmiş 124 manat dövlət rüsumu cavabdeh tərəfindən məhkəmə icraatı zamanı ödənilmiş məbləğdən çıxıldığından məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu tələbinin olmadığı nəzərə alınmalıdır. NƏTİCƏ HİSSƏ: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2022-cu il tarixli, CP/29378/86/13 saylı kredit sazişi üzrə Cavabdeh 10098,96 manat əsas, 123,43 manat faiz, cəmi 10222,39 (on min iki yüz iyirmi iki manat otuz doqquz qəpik) manat kredit borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 200 manat ekspertiza xərcinin 10 manat hissəsi İddiaçı ASC-dən, 190 manat hissəsi Cavabdeh tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ**********0000003944 SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar