Məhkəmə qərarları › İş №e-2(054)-97/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-97/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-97/2024 28.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair mülki işə 28 fevral 2024-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı xx.xx.2022-ci il tarixli, 5061nkSHEKb/22 saylı kredit müqaviləsi üzrə (xx.xx.2022-ci il tarixli, xxxxxxx saylı ərizə) ödənilməmiş 4622,10 AZN əsas borc, 989,66 AZN faiz borcu, 77,65 AZN cərimə, cəmi 5689,41 AZN borcun və 77,30 AZN dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə bütün məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”-də “bu ünvanda yaşamır” qrafası işarələnməklə məhkəməyə geri qaytarılmış, onun iddia ərizəsində və ona əlavə edilmiş digər sənədlərdə qeyd edilmiş ünvanına əsasən ünvan 2inə uyğun olaraq nümayəndəlik xx.xx.2024-cü il tarixli, 5-68-12/2-07/2024 saylı məktubla Cavabdeh hal-hazırda nümayəndəlik ərazisində yaşamadığını, ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin məhkəmə sənədini qəbul etməkdən imtina etdiklərini, bu səbəbdən məhkəmə sənədləri nümayəndəlikdə saxlanılmaqla həmin sənədin imkan olan kimi ünvan sahibinin özünə verilməsinin təmin ediləcəyini bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, xxxxxxx saylı ərizəyə uyğun olaraq bağlanmış xx.xx.2022-ci il tarixli, 5061nkSHEKb/22 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə aylıq ödəniş 198 AZN olmaqla 4800 AZN məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021ci il tarixli ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtlərini qəbul etdiyini bildirmişdir.Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə əsasən borcverən qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 17.11-ci bəndinə əsasən müştəri krediti və ona hesablanmış faizləri ödəməyi gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 faizi miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə şərtlərini pozmuş, borcunu ödəməkdən yayındığından cavabdehdən xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli, 5061nkSHEKb/22 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4622,10 AZN əsas borc, 989,66 AZN faiz borcu, 77,65 AZN cərimə, cəmi 5689,41 AZN borcun və 77,30 AZN məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli ərizədən və ona əlavə edilmiş elektron çıxarışlardan görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli, 5061nkSHEKb/22 saylı kredit müqaviləsi əsasında 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə aylıq ödəniş 198 manat olmaqla 4800 manat məbləğində kredit verilmişdir. İşdə olan 25 iyun 2023-cü il tarixli, UB-BANK/PİKMD saylı bildirişin surətindən görünür ki, Cavabdeh həmin tarixə olan 5209,51 AZN borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə bütün borc məbləği və onun qaytarılması üçün çəkilən xərclərlə bağlı iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan 23 oktyabr 2023-cü il tarixli, BANK/PİKMD/1141770 saylı maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya həmin tarixə xx.xx.2022-ci il tarixli, 5061nkSHEKb/22 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş borcu 4622,10 AZN əsas borc, 989,66 AZN faiz borcu, 77,65 AZN cərimə, cəmi 5689,41 AZN-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-740-cı maddələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək olan redaksiyada verilib.) Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli, 5061nkSHEKb/22 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4622,10 AZN əsas borc, 989,66 AZN faiz borcu, 77,65 AZN cərimə, cəmi 5689,41 AZN borcu yaranmış, xəbərdarlıq edilsə də, həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 5061nkSHEKb/22 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4622,10 AZN əsas borc, 989,66 AZN faiz borcu, 77,65 AZN cərimə, cəmi 5689,41 AZN kredit borcu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən Cavabdeh ödənilmiş 77,30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 5061nkSHEKb/22 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4622,10 AZN əsas borc, 989,66 AZN faiz borcu, 77,65 AZN cərimə, cəmi 5689,41 (beş min altı yüz səksən doqquz manat qırx bir qəpik) AZN borc və 77,30 (yetmiş yeddi manat otuz qəpik) AZN dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar