Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-105/2024 19.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1920 manat əsas borc, 434 manat faiz borcu, 75,15 manat cərimə, cəmi 2429,15 manat borcun və 44,30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X1-Bank Kredit Təşkilatı ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 21 iyul 2023-cü il tarixli **********2510 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 28% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən cavabdehin hər ay 139 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı X1- Bank Kredit Təşkilatı ilə digər Cavabdeh1 arasında 21 iyul 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədikləri üçün cavabdehlərin İddiaçı X1-Bank Kredit Təşkilatına 1920 manat əsas borc, 434 manat faiz borcu, 75,15 manat cərimə, cəmi 2429,15 manat borcu yaranmışdır. Ona görə də iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1920 manat əsas borc, 434 manat faiz borcu, 75,15 manat cərimə, cəmi 2429,15 manat borcun və 44,30 manat dövlət rüsumunun alınıb İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 21 iyul 2023-cü il tarixli **********2510 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh2 ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 18 ay müddətinə illik 28% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 8-ci bəndində qeyd edilmiş kreditin ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 18 ay müddətində, illik 28% dərəcəsi ilə 2000 manat məbləğində kreditə görə hər ay 139 manat ödəniş edərək, cəmi 493 manat faiz ödəməlidir. İşdə olan 21 iyul 2023-cü il tarixli,**********2***-******* saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə cavabdeh (kredit alan) Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda zamin Cavabdeh1 əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürməsi ilə əlaqədar İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan 14 sentyabr 2023-cü il tarixli maliyyə arayışdan görünür ki, 21 iyul 2023-cü il tarixli **********2510 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı X1-Bank Kredit Təşkilatına 22 noyabr 2023-cü il tarixə 1920 manat əsas borcu, 434 manat faiz borcu, 75,15 manat cərimə borcu, cəmi 2429,15 manat borcu vardır. Cavabdeh2 80 manat əsas borcdan, 59 manat faiz borcdan, 8 manat cərimə borcundan, cəmi 147 manat ödəniş etmişdir. İşdə olan kredit kartının mədaxil (qəbul) aktının surətindən görünür ki, 21 iyul 2023-cü il tarixli **********2510 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 verilmiş kredit məbləği “Fincard” kredit kartında ona təqdim edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh2 ilə İddiaçı X1-Bank Kredit Təşkilatının arasında 21 iyul 2023-cü il tarixli **********2510 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 18 ay müddətinə, illik 28% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı X1-Bank Kredit Təşkilatı ilə digər Cavabdeh1 arasında 21 iyul 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirmədikləri üçün cavabdehlərin İddiaçı X1-Bank Kredit Təşkilatı 1920 manat əsas borc, 434 manat faiz borcu, 75,15 manat cərimə borcu, cəmi 2429,15 manat borcu yaranmışdır. Ona görə də İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1920 manat əsas borcun, 434 manat faiz borcu, 75,15 manat cərimə borcu, cəmi 2429,15 manat borcun alınmasını tələb edir. Cavabdeh isə almış oduğu kreditə görə əsas borcdan 80 manat, faiz borcundan 59 manat, ümumilikdə 147 manat ödəniş etmişdir. İşin araşdırılan halları ilə həmçinin müəyyən olundu ki, tərəflər arasında bağlanmış 21 iyul 2023-cü il tarixli **********2510 saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən iddiaçı kredit müqaviləsinin 6.2-ci bəndinə əsaslanaraq cavabdehlərə bildiriş göndərmədən onlardan kredit və zaminlik müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan 1920 manat əsas borcun, 434 manat faiz borcun, cəmi 2429,15 manat borcun qaytarılmasını tələb etmişdir. Buradan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı faiz borcunu ödəniş cədvəli üzrə 28 sentyabr 2023-cü il tarixdən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək, yəni tərəflər arasındakı müqaviləyə xitam verildiyi 07 dekabr 2024-cü il tarixədək olan 169 manat məbləğində hesablamalı olduğu halda, faiz borcunu ödəniş cədvəlində göstərilən son ödəmə tarixinə, yəni 28 yanvar 2025-ci il tarixədək hesablamışdır. Lakin iddiaçı müqaviləyə xitam verildiyi vaxtdan sonra həmin müqavilənin son ödəniş tarixinədək hesablanmış faiz borcunu deyil, məhkəməyə müraciət edildiyi vaxtadək hesablanmalı olan faiz borcunun cavabdehlərdən tutulmasını tələb edə bilər. Digər tərəfdən iddiaçı cavabdehlərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etməmişdir. Qeyd olunanlardan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı 21 iyul 2023-cü il tarixli **********2510 saylı kredit müqaviləsi və 21 iyul 2023-cü il tarixli,**********2***-******* saylı zaminlik müqaviləsi üzrə 1920 manat əsas borcun, məhkəməyə müraciət edildiyi tarixədək, yəni tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək yaranmış 169 manat faiz borcunun, 75,15 manat cərimənin, cəmi 2164,15 manat borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1920 manat əsas borc, 169 manat faiz borcu, 75,15 manat cərimə, cəmi 2164,15 manat alınıb İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 01 dekabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən 44,30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44,30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1920 manat əsas borc, 169 manat faiz borcu, 75,15 manat cərimə, cəmi 2164 (iki min bir yüz altmış dörd) manat 15 (on beş) qəpik alınıb İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44 (qırx dörd) manat 30 (otuz) qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-105/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-105/2024
19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver