Məhkəmə qərarları › İş №e-2(055)-1110/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1110/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1110/2024 02.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əzimov Namis Mehralı oğlunun vərəsəsi Cavabdeh 4636,10 manat əsas, 0,02 manat faiz borcu olmaqla cəmi 4636,12 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 66,37 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Əzimov Namis Mehralı oğlu arasında xx.xx.2019-cu il tarixdə BPM**********62 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Əzimov Namis Mehralı oğluna illik 20%-lə 54 ay müddətinə 6050 manat nağd kredit verilmişdir. Əzimov Namis Mehralı oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Saatlı rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 61 saylı cavab məktubundan görünür ki, Əzimov Namis Mehralı oğlunun vərəsəsi Cavabdehdur. Bankın “Saatlı” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Əzimov Namis Mehralı oğlunın Banka ödənilməmiş 4636.10 manat əsas, 0.02 faiz borcu qalmışdır. Cavabdeh mərhum Əzimov Namis Mehralı oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirmemişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2019-cu il tarixli BPM**********62 saylı kredit müqaviləsinə əsasən ona 54 ay müddətinə illik 20% ödəmək şərtilə 6050 manat məbləğində kredit verilməsi ilə bağlı kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Əzimov Namis Mehralı oğlu arasında bağlanmışdır. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli BPM**********62 saylı, kredit müqaviləsi üzrə Əzimov Namis Mehralı oğlunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 4636,10 manat əsas, 0,02 manat faiz borcu olmaqla ümumilikdə 4636,12 manat borcu vardır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, Əzimov Namis Mehralı oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə hesab edir ki, borcalan Əzimov Namis Mehralı oğlu kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun vərəsəsi hazırki iş üzrə Cavabdeh risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə borcalan Əzimov Namis Mehralı oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixdə BPM**********62 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, bu müqaviləyə əsasən borc verən borc alana 54 ay müddətində, kreditdən istifadəyə görə illik 20% faiz ödəmək şərtilə 6050 manat kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunanlardan görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə BPM**********62 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, mərhum Əzimov Namis Mehralı oğlunun bank qarşısında öhdəlikləri üçün onun vərəsəsi iş üzrə Cavabdeh ona qalan miras həddində məsuliyyət daşımalıdır. Belə ki, Saatlı rayon notariat ofisinin verdiyi xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Əzimov Namis Mehralı oğlunun vərəsəsi Cavabdeh 1476,18 manat miras əmlak qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1476,18 manat pul alınaraq iddiaçıya ödənilməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 66,37 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi nisbətində Cavabdeh iddiaçının xeyrinə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 34.76 manat hissəsi tutulmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1476,18 manat pul, 34.76 manat məbləğində dövlət rüsumu, ümumilkdə 1510,94 (min beş yüz on manat doxsan dörd qəpik) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar