Məhkəmə qərarları › İş №e-2(055)-1129/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1129/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1129/2023 16.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 07 dekabr 2022-ci il tarixli, SVNPU-05654 saylı kredit müqaviləsi üzrə 1321.19 manat əsas borc, 58.23 manat faiz borcu, 312.84 manat dəbbə borcu, cəmi 1692.26 manat məbləğində pulun və ödənilmiş 36.93 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli, SVNPU-05654 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə, illik 14% olmaqla 2200 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə görə kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçıya 1321.19 manat əsas borcu, 58.23 manat faiz borcu, 312.84 manat dəbbə borcu, cəmi 1692.26 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməmişdir. Ona görə də Cavabdeh 1321.19 manat əsas borc, 58.23 manat faiz borcu, 312.84 manat dəbbə borcu, cəmi 1692.26 manat borcun və ödənilmiş 36.93 manat dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 07 dekabr 2022-ci il tarixli, SVNPU-05654 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 14% olmaqla 12 ay müddətinə 2200 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 01 sentyabr 2023-cü il tarixli RB-02/PK-3331 saylı arayışdan görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 07 dekabr 2022-ci il tarixli, SVNPU- 05654 saylı kredit müqaviləsi üzrə 30 avqust 2023-cü il tarixə əsas borcu 1321.19 manat, hesablanmış faiz borcu 58.23 manat, cərimə borcu 312.84 manat, cəmi 1692.26 manat təşkil edir. İşdə olan 20 iyun 2023-cü il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 07 dekabr 2022-ci il tarixli, SVNPU-05654 saylı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli, SVNPU-05654 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə, illik 14% olmaqla 2200 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə görə kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçıya 30 avqust 2023-cü il tarixə 1321.19 manat əsas borcu, 58.23 manat faiz borcu, 312.84 manat dəbbə borcu, cəmi 1692.26 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməmişdir. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehdən 1321.19 manat əsas borcu, 58.23 manat faiz borcu, 312.84 manat cərimə borcu, cəmi 1692.26 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 1321.19 manat əsas borc, 58.23 manat faiz borcu, 312.84 manat cərimə, cəmi 1692.26 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 07 dekabr 2022-ci il tarixli, SVNPU-05654 saylı müqavilə üzrə tələb olunan 312.84 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 132 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1321.19 manat əsas borc, 58.23 manat faiz borcu, 132 manat cərimə, cəmi 1511.42 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 36.93 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36.93 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1321.19 manat əsas borc, 58.23 manat faiz borcu, 132 manat cərimə, cəmi 1511(bir min beş yüz on bir) manat 42(qırx iki) qəpik alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36(otuz altı) manat 93(doxsan üç) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar