Məhkəmə qərarları › İş №e-2(055)-116/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-116/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-116/2024 22.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1094.97 manat əsas borc, 1933.34 manat faiz borcu, cəmi 3028.31 manat borcun və ödənilmiş 51 manat dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 noyabr 2015-ci il tarixli RH/02361/55/10 saylı kredit müqaviləsinə əsasən cavabdehə 33 ay müddətinə illik 25% dərəcəsi ilə 1305 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq zamin Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında kredit alanla birlikdə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Hazırda cavabdeh kredit müqaviləsi üzrə ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və bununla da, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh1 1094.97 manat əsas borc, 1933.34 manat faiz borcu, cəmi 3028.31 manat borcun və ödənilmiş 51 manat dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə baxışı zamanı iddia müddətinin tətbiq edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək izahatında göstərdi ki, 30 noyabr 2015-ci il tarixli RH/02361/55/10 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 33 ay müddətinə illik 25% dərəcəsi ilə 1305 manat məbləğində kredit verilmişdir. İddiaçı beş il müddətdən sonra, yəni iddia müddətini ötürdükdən sonra onlara qarşı əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 30 noyabr 2015-ci il tarixli, RH/02361/55/10 saylı kredit müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, bu müqavilə 33 ay müddətinə illik 25% dərəcəsi ilə 1305 manat kredit verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmışdır. Kreditin təminatı olaraq zamin Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında kredit alanla birlikdə məsuliyyət daşımağı üzərinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1094.97 manat əsas borcu, 1933.34 manat faiz borcu vardır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2024-cü il tarixli, 9/1217 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 31 avqust 2018-ci il(kredit müqaviləsinin bitdiyi tarixə) tarixə əsas borc üzrə 1305.00 manat, faiz borcu üzrə 897.27 manat, 06 dekabr 2023-cü il tarixə(maliyyə arayışında borcun hesablandığı tarixə) əsas borc üzrə 1094.97 manat, faiz borcu üzrə 1192.30 manat borcunun olması müəyyən edilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məlum olduğu kimi, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 noyabr 2015-ci il tarixli RH/02361/55/10 saylı kredit müqaviləsinə əsasən cavabdehə 33 ay müddətinə illik 25% dərəcəsi ilə 1305 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq zamin Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında kredit alanla birlikdə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Cavabdehlər kredit müqaviləsi üzrə ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və bununla da, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır.Hal-hazırda cavabdehlərin iddiaçıya əsas və faiz borcunun olması öz təsdiqini tapmışdır və iddiaçı həmin borcu cavabdehlərdən tələb etməkdə haqlıdır. Lakin, iddiaçı qeyd olunan müqavilə öhdəliyi üzrə borcun alınması ilə bağlı iddiasını, iddia müddətini üzrsüz səbəbdən ötürməklə məhkəməyə vermiş, Cavabdeh1 isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Göründüyü kimi iddiaçının 30 noyabr 2015-ci il tarixli RH/02361/55/10 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımı 30 avqust 2018-ci ildən başlamış və iddiaçı 3 illik iddia müddətini keçirməklə məhkəməyə müraciət etmişdir. Odur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair iddia müddətinin ötürülməsinə görə rədd edilməlidir. Məhkəmə iddianın digər Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət iddia müddəti deyil, kəsici müddətdir. Buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Belə ki, iddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar) Məhkəmə diqqətə çatıdırı ki, əsas tələb üzrə üç illik iddia müddəti keçmişdirsə zaminə münasibətdə, ilk növbədə, bir illik kəsici müddətin (zaminliyə xitam verilməsi müddətinin) keçib-keçmədiyinə hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir .Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət bir qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılması və məhkəmə qərarının çıxarılması tələb olunmur. Zaminliyə qanuna əsasən xitam verilməsi zaminə qarşı tələb hüququnun aradan qalxmasına, buna müvafiq olaraq zaminin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmasına dəlalət edir. Cavabdehin olmayan öhdəlikdən iddia müddətinin keçməsi ilə müdafiə olunmasına isə hüquqi baxımdan gərək qalmır. O da nəzərə alınmalıdır ki, iddianın cavabdehlərdən birinin ərizəsi əsasında digər(lər)inə qarşı da rədd edilməsi iddia müddətinin mahiyyəti və təyinatı ilə uzlaşmır. Çünki iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla, tələbin məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Hər hansı borclu (cavabdehlərdən biri) bu hüququndan istifadə (özünü müdafiə) etmədikdə tələbin bu səbəbdən rəddi üçün əsas yaranmır, dolayısı ilə o, üzərinə götürdüyü öhdəliyə görə ümumi qaydada məsuliyyət daşıyır. Qeyd edilənlər ona dəlalət edir ki, iddia müddətinin keçməsindən istifadə etmək hər borclunun (cavabdehin) ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir. Belə olan halda, bir neçə cavabdehə qarşı yönəlmiş iddia üzrə iddia müddətinin tətbiqi və ya hesablanması məsələsi hər cavabdehə münasibətdə fərdi olaraq yoxlanılmalı və həll edilməlidir. Bu səbəbdən Mülki Məcəllədə nəzərdə tutulmuşdur ki, öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Yaxud, birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur. Odur ki, mülki qanunvericiliyin tələbləri baxımından kredit müqavilələri üzrə bir qayda olaraq, zaminin iddia müddətini tətbiq etmək ehtiyacı yaranmır. Ona görə ki, müqavilədən irəli gələn üç illik (MM, maddə 373.2) iddia müddətinin axımı başlandığı vaxtdan həm də zaminliyə xitam verilməsi üçün qanunla müəyyən edilmiş (MM, maddə 477.0.4) bir və ya iki illik müddətin axımı hesablanır. Dolayısı ilə, (əgər tərəflər başqa qayda razılaşdırmamışlarsa) iddia müddəti keçənədək zaminliyə kəsici müddətin bitməsinə görə xitam verilir və ona münasibətdə kreditorun tələb hüququ aradan qalxır. Beləliklə, yuxarıda göstərilənləri birlikdə qiymətləndirdikdə bu qənaət hasil olur ki, iddia müddəti birgə borclular üçün ortaq müdafiə vasitəsi deyil. Bu imkandan sadəcə müddətin tətbiqi haqqında ərizə vermiş cavabdeh yararlana bilər. Hazırkı işdə isə əsas borcalan Cavabdeh1, ona qarşı yönəlmiş tələbdən özünümüdafiə vasitəsi olan iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Digər Cavabdeh2 münasibətdə isə zaminliyə xitam verilməsinə əsas olan bir illik kəsici müddət keçdiyindən iddia Cavabdeh2 münasibətdə də təmin oluna bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 30 noyabr 2015-ci il tarixli RH/02361/55/10 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1094.97 manat əsas borc, 1933.34 manat faiz borcu, cəmi 3028.31 manat borcun alınması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 51 manat dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəməmühasibatlıq ekspertizasının tədqiqinin dəyəri olan 145 (bir yüz qırx beş) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 30 noyabr 2015-ci il tarixli RH/02361/55/10 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1094.97 manat əsas borc, 1933.34 manat faiz borcu, cəmi 3028.31 manat borcun alınması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 51 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqinin dəyəri olan 145 (bir yüz qırx beş) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-116/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 22 aprel 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 30 noyabr 2015-ci il tarixli RH/02361/55/10 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1094.97 manat əsas borc, 1933.34 manat faiz borcu, cəmi 3028.31 manat borcun alınması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 51 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqinin dəyəri olan 145 (bir yüz qırx beş) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar