Məhkəmə qərarları › İş №e-2(055)-1280/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1280/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1280/2024 04.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1500 manat əsas borc, 252 manat faiz borcu, 195,14 manat cərimə, cəmi 1947,14 manat borcun və 39,48 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X1-Bank Kredit Təşkilatı ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2024-cü il tarixli **********0101 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədləri üçün 12 ay müddətinə, illik 29% dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən cavabdehin hər ay 146 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı X1- Bank Kredit Təşkilatı ilə digər Cavabdeh2 arasında 27 fevral 2024-cü il tarixli, **********0***- ******* saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədikləri üçün cavabdehlərin İddiaçı X1- Bank Kredit Təşkilatına 1500 manat əsas borc, 252 manat faiz borcu, 195,14 manat cərimə, cəmi 1947,14 manat borcu yaranmışdır. Ona görə də iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada 1500 manat əsas borc, 252 manat faiz borcu, 195,14 manat cərimə, cəmi 1947,14 manat borcun və 39,48 manat dövlət rüsumunun alınıb İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 27 fevral 2024-cü il tarixli **********0101 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh1 istehlak məqsədləri üçün 12 ay müddətinə illik 29% dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 8-ci bəndində qeyd edilmiş kreditin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 12 ay müddətində, illik 29% dərəcəsi ilə 1500 manat məbləğində kreditə görə cəmi 252 manat faiz ödəməlidir. İşdə olan 27 fevral 2024-cü il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə cavabdeh (kredit alan) Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda zamin Cavabdeh2 əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürməsi ilə əlaqədar İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmışdır. İşdə olan 17 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 27 fevral 2024-cü il tarixli **********0101 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı X1-Bank Kredit Təşkilatına 1500 manat əsas borcu, 252 manat faiz borcu, 195,14 manat cərimə borcu, cəmi 1947,14 manat borcu vardır. Cavabdeh1 1500 manat əsas borcdan, 252 manat faiz borcdan, 195,14 manat cərimə borcundan ödəniş etməmişdir. İşdə olan kredit kartının mədaxil (qəbul) aktının surətindən görünür ki, 27 fevral 2024cü il tarixli **********0101 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 verilmiş kredit məbləği “Fincard” kredit kartında ona təqdim edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh1 ilə İddiaçı X1-Bank Kredit Təşkilatının arasında 27 fevral 2024-cü il tarixli **********0101 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən istehlak məqsədləri üçün 12 ay müddətinə, illik 29% dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı X1-Bank Kredit Təşkilatı ilə digər Cavabdeh2 arasında 27 fevral 2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirmədikləri üçün cavabdehlərin İddiaçı X1-Bank Kredit Təşkilatı 1500 manat əsas borc, 252 manat faiz borcu, 195,14 manat cərimə borcu, cəmi 1947,14 manat borcu yaranmışdır. Ona görə də İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada 1920 manat əsas borcun, 252 manat faiz borcu, 195,14 manat cərimə borcu, cəmi 1947,14 manat borcun alınmasını tələb edir. Cavabdeh isə almış olduğu kreditə görə əsas borcdan, faiz borcundan, cərimə borcundan ödəniş etməmişdir. İşin araşdırılan halları ilə həmçinin müəyyən olundu ki, tərəflər arasında bağlanmış 27 fevral 2024-cü il tarixli **********0101 saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən iddiaçı kredit müqaviləsinin 6.2-ci bəndinə əsaslanaraq cavabdehlərə bildiriş göndərmədən onlardan kredit və zaminlik müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan 1500 manat əsas borcun, 252 manat faiz borcu, 195,14 manat cərimə borcu, cəmi 1947,14 manat borcun qaytarılmasını tələb etmişdir. İşdə olan ödəniş cədvəli və maliyyə arayışı ilə müəyyən olunur ki, kreditin son ödəniş tarixinədək, yəni 28 fevral 2025-ci il tarixədək Cavabdeh1 tərəfindən ödənilməli olan faiz məbləği 252 manat təşkil edir. Cavabdeh həmin faiz məbləğindən ödəniş etməmişdir. Həmin məbləğ isə kreditin son ödəniş tarixinədək ödənilməli olan faiz məbləğidir. Buradan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı faiz borcunu ödəniş cədvəli üzrə ilk ödəniş ayından, 30 mart 2024-cü il tarixdən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək, yəni tərəflər arasındakı müqaviləyə xitam verildiyi 02 oktyabr 2024-cü il tarixədək hesablamalı olduğu halda, faiz borcunu ödəniş cədvəlində göstərilən son ödəmə tarixinə, yəni 28 fevral 2025-ci il tarixədək hesablamışdır. Lakin iddiaçı müqaviləyə xitam verildiyi vaxtdan sonra həmin müqavilənin son ödəniş tarixinədək hesablanmış faiz borcunu deyil, məhkəməyə müraciət edildiyi vaxtadək hesablanmalı olan faiz borcunun cavabdehlərdən tutulmasını tələb edə bilər. Digər tərəfdən iddiaçı cavabdehlərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etməmişdir. Odur ki, göstərilənlərə əsasən kreditin 30 mart 2024-cü il tarixdən başlanan və iddiaçı tərəfindən məhkəməyə müraciət edildiyi tarixədək, yəni 02 oktyabr 2024-cü il tarixədək ödənilməmiş qalan 218 manat faiz borcu tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərdən 27 fevral 2024-cü il tarixli **********0101 saylı müqavilə üzrə tələb olunan 195,14 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 95 manatadək azaldılmalıdır. Qeyd olunanlardan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı 27 fevral 2024-cü il tarixli **********0101 saylı kredit müqaviləsi və 27 fevral 2024-cü il tarixli,**********0***-******* saylı zaminlik müqaviləsi üzrə 1500 manat əsas borcun, məhkəməyə müraciət edildiyi tarixədək, yəni tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək yaranmış 218 manat faiz borcunun, 95 manat cərimənin, cəmi 1813 manat borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1500 manat əsas borc, 218 manat faiz borcu, 95 manat cərimə, cəmi 1813 manat alınıb İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan “Asan ödəniş” sistemində olan məlumatlardan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən 39,48 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 39,48 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1500 manat əsas borc, 218 manat faiz borcu, 95 manat cərimə, cəmi 1813 (bir min səkkiz yüz on üç) manat alınıb İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 39 (otuz doqquz) manat 48 (qırx səkkiz) qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar