Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1326/2023 06.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qət edilmiş alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22 yanvar 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulan 130 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay üçün 220 manat məbləğinə çatdırılması və Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə evlənib ailə həyatı qurmuşlar və birgə nikahlarından 22 yanvar 2010-cu il tarixdə X5 adlı bir nəfər uşaqları anadan olmuşdur. Saatlı Rayon Məhkəməsinin 02 oktyabr 2013-cü il tarixli 2(055)-312/2013 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah qeydi pozulmuş, birgə nikahlarından doğulmuş X5 onun himayəsinə verilmiş və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi qət edilmişdir. Saatlı Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(055)-298/2020 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılaraq 22 yanvar 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Uşağın saxlanması üçün tələb olunan xərclər günbəgün artır. Belə ki, uşaq orta məktəbdə oxuduğundan, idmanla məşğul olduğundan məsrəfləri artmışdır. Cavabdeh uşağına qarşı mənəvi və maddi olaraq atalıq borcunu yerinə yetirmir, uşağın saxlanması üçün alimenti də vaxtlı-vaxtında ödəmir. Ona görə də göstərdiklərini nəzərə alaraq 22 yanvar 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulan 130 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay üçün 220 manat məbləğinə çatdırılması və Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı ilə birgə nikahlarından doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 manat məbləğində alimentin ondan alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. O, Gəncə şəhərində şəhərarası avtobus sürücüsü işləyir və aylıq 450 manat əmək haqqı alır. Alimentin 20-30 manat artırılaraq 150-160 manat məbləğində təyin edilməsinə etiraz etmir, lakin iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı yoxdur. Təyin edilmiş 130 manat məbləğində alimenti də gecikdirərək ödəyir. O, yenidən ailə qurmuşdur və hazırkı nikahından biri qız, biri oğlan olmaqla, iki azyaşlı övladı vardır. Aldığı 450 manat əmək haqqını həm X1 üçün aliment ödənilməsinə, həm də hazırkı nikahından doğulan uşaqlarının saxlanması üçün sərf edir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 02 oktyabr 2013-cü il tarixli 2(055)-312/2013 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 28 aprel 2009-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində bağlanmış 267 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahdan 22 yanvar 2010-cu ildə anadan olmuş X2 anası X3 yanında qalmasının müəyyən edilməsi və Cavabdeh 22 yanvar 2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin 21 may 2013-cü il tarixdən tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2020-ci il tarixli 2(106)1570/2020 saylı qətnaməsinin və Saatlı Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(055)-298/2020 saylı qətnaməsinin surətindən görünür ki, 22 yanvar 2010-cu ildə anadan olmuş X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün atası-Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutulub anası-İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 03 oktyabr 2023-cü il tarixli MŞS/MT 023/2023- 02093 saylı arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 22 yanvar 2010-cu il tarixdə anadan olmuşdur. Uşağın anası İddiaçı, atası Cavabdehdur. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Saatlı Rayon Məhkəməsinin 02 oktyabr 2013-cü il tarixli 2(055)-312/2013 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 28 aprel 2009-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində bağlanmış 267 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahdan 22 yanvar 2010-cu ildə anadan olmuş X2 anası X3 yanında qalmasının müəyyən edilməsi və Cavabdeh 22 yanvar 2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin 21 may 2013-cü il tarixdən tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra Saatlı Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(055)-298/2020 saylı qətnaməsinə əsasən 22 yanvar 2010-cu ildə anadan olmuş X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün atası-Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutulub anası- İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı uşağın saxlanmasında çətinlik çəkdiyi və həmin məbləğ uşağın xərcləri üçün kifayət etmədiyindən alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə ikinci dəfə ailə qurduğunu, həmin evlilikdən də uşaqları olduğunu və həm X1 üçün aliment ödədiyini, həm də yeni evliliyindən olan uşaqlarını saxladığını, buna görə də tələb olunan məbləğdə aliment ödəmək imkanının olmadığını, aliment artırılarsa, bu zaman 150-160 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə qeyd olunanlarla əlaqədar hesab edir ki, cavabdehin yenidən ailə həyatı qurması və uşaqlarının olması hazırki iddia tələbi üzrə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq alimentin artırılmaması üçün əsas deyildir. Lakin alimentin məbləği artırılarkən cavabdehin sonrakı evliliyi və uşaqlarının olması da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Saatlı Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli 2(055)-298/2020 saylı qətnaməsi ilə 22 yanvar 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarı artırılarkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Saatlı Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli 2(055)-298/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 22 yanvar 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün atası-Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment alınıb anası-İddiaçı xeyrinə ödənilməli, artırılmış alimentin alınmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Cavabdeh əlavə olaraq 30 manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli 2(055)-298/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 22 yanvar 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün atası-Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınıb anası-İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Artırılmış alimentin alınmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Əlavə olaraq Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1326/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1326/2023
06.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver