Məhkəmə qərarları › İş №e-2(055)-1365/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1365/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1365/2023 20.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı və onun nümayəndəsi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat məbləğində pulun və ödənilmiş 70 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, onun qızı rayonlardan birində ingilis dili müəllimi işləyir. Cavabdehi başqa şəxsin vasitəsi ilə tanımışdır. Cavabdeh onun qızının iş yerini dəyişərək Bakı şəhərində iş tapmaq istəməsini bilmiş və ona qızının işini 5000 manat müqabilində düzəldə biləcəyini demişdir. O da pulu cavabdehə verməyə razı olmuşdur. Lakin həmin pulun 3500 manatını notarial qaydada vermiş, qalan hissəsini isə şifahi şəkildə vermişdir. Bununla bağlı səs yazıları da vardır. Lakin cavabdeh vədinə əməl etməyərək qaçıb gizlənmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq Cavabdeh 5000 manat məbləğində pulun və ödənilmiş 70 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məlum olmayan səbəbdən məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında əslinə baxış keçirilmiş 09 sentyabr 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı 3500 manat məbləğində pulu notariat ofisinin depozit hesabına qoyaraq "xxxx" ASC Sumqayıt 8 saylı şöbəsi vasitəsi ilə borc alan Cavabdeh vermişdir. Cavabdeh krediti 09 oktyabr 2023-cü il tarixdə borc verənə tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında 09 sentyabr 2023-cü il tarixdə notarial qaydada müqavilə bağlanmış, həmin müqavilədə İddiaçı 3500 manat məbləğində pulu Cavabdeh verməsi təsdiq edilmişdir. Cavabdeh aldığı 3500 manat məbləğində pul vəsaitini 09 oktyabr 2023-cü il tarixdə iddiaçıya tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh götürdüyü öhdəliyə əməl etməmiş və 3500 manat məbləğində borcu iddiaçıya qaytarmamışdır. İddiaçı həmçinin iddiasında 3500 manat puldan əlavə cavabdehə 1500 manat məbləğində pul verdiyini, lakin bununla bağlı hər hansı yazılı qeyd olmadan şifahi şəkildə razılaşmaqla həmin pul məbləğini cavabdehə verdiyini göstərmiş və bununla bağlı audioyazılar olan diski məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iddiaçının təqdim etdiyi CD diskdə olan audioyazılar dinlənilmiş, lakin həmin audioyazılarda cavabdehin iddiaçıdan 1500 manat pul alması aydın şəkildə öz təsdiqini tapmamışdır. Həmin audioyazılarda iddiaçı tərəfindən 1500 manat pulun verilməsi və iddiaçı ilə dialoqda olan digər şəxsin həmin pulu qəbul etməsi görünsəydi belə, audioyazıdakı şəxs şəxsiyyəti barədə məlumat vermədiyindən, həmçinin cavabdeh məhkəmə iclasında iştirak etmədiyi üçün səs yazılarındakı şəxsin o olmasını təsdiq etmədiyindən həmin şəxsin məhz Cavabdeh olması və 1500 manat pulun onun tərəfindən qəbul edilməsi faktını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə həmin CD diskdə olan audioyazıları iddiaçı tərəfindən cavabdehə 1500 manat pul verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 3500 manat məbləğində borcu tələb etməkdə haqlıdır. Lakin iddianın qalan hissəsi, yəni iddiaçının cavabdehə 1500 manat pul verməsi ilə bağlı hissəsi məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia həmin hissədə təmin ediə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3500 manat alınaraq İddiaçı ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar