Məhkəmə qərarları › İş №e-2(055)-1370/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1370/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1370/2024 09.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4578,31 manat əsas borc, 725,22 manat faiz borcu, 153,19 manat dəbbə borcu, cəmi 5456,72 manat borcun və ödənilmiş 76 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 59 ay müddətinə, illik 25% olmaqla 5000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddianı qəbul edir. 4000 manat kredit götürmüşdür Sonra 1000 manatda yenidən kredit götürmüşdür. İlk aylar hərbidə işləyindən ödəniş etmişdir. Antiterror əməliyyatı zamanı yaralanmış və işdən çıxmışdır. İşdən çıxandan sonra maddi imkanı olmadığından krediti ödəyə bilməmişdir. Məhkəmədən ona köməklik olunmasını xahiş edir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 16 avqust 2023-cü il tarixli, kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 25% olmaqla 59 ay müddətinə 5000 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 10 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 16 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu 4578,31 manat, hesablanmış faiz borcu 725,22 manat, cərimə borcu 153,19 manat təşkil edir. İşdə olan 10 sentyabr 2024-cü il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 16 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə cavadehi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 59 ay müddətinə, illik 25% olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə görə kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçıya 4578,31 manat əsas borcu, 725,22 manat faiz borcu, 153,19 manat dəbbə borcu, cəmi 5456,72 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməmişdir. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehdən 4578,31 manat əsas borcu, 725,22 manat faiz borcu, 153,19 manat cərimə borcu, cəmi 5456,72 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh əsas, faiz, cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 16 avqust 2023-cü il tarixli müqavilə üzrə tələb olunan 153,19 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 10 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4578,31 manat əsas borc, 725,22 manat faiz borcu, 10 manat cərimə, cəmi 5313,53 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 76 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilən hissəsinə nisbətində Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 73,13 manat dövlət rüsumu tutulmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 4578,31 manat əsas borc, 725,22 manat faiz borcu, 10 manat cərimə, cəmi 5313,53 manat və ödənilmiş dövlət rüsumunun 73,13 manat hissəsi, ümumilikdə 5386,66 (beş min üç yüz səksən altı manat altımış altı qəpik) manat alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar