Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1603/2025 18.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 15 saylı evin 405 saylı mənzilindən cavabdehin təqsirli hərəkətləri nəticəsində dəymiş zərərin əvəzinin 6.000 manat dəyərləndirilərək, həmin məbləğin, habelə vəkilə müqavilə üzrə ödənilmiş 350 manat, ödənilmiş 80 manat dövlət rüsumunun, ümumilikdə 6.430 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. 18 iyun 2025-ci il tarixində onun yaşadığı mənzil üst mərtəbədən, 405-ci mənzildən güclü su axını nəticəsində ciddi şəkildə zədələnmişdir. Bu hadisə nəticəsində tavan, divarlar və döşəmə zədələnmiş, suvaqlar, boya örtüyü və divar kağızları qopmuş, döşəmə örtüyü şişmiş və zədələnmiş, xalça tam islanaraq yararsız hala düşmüş, evin ümumi yaşayış şəraiti pozulmuşdur. Hadisədən sonra onun tərəfindən mənzilə mütəxəssislər dəvət edilmiş və ilkin qiymətləndirməyə əsasən, dəymiş zərər təxminən 6.000 manat məbləğində hesablanmışdır. Eyni zamanda, hadisə günü mənzil-kommunal xidmət əməkdaşları tərəfindən cavabdehin qeydiyyatda olduğu 405-ci mənzildə ilkin yoxlanış keçirilmiş və cavabdehin mənzilində yerləşən su çəninin (bak) zəqluşka (su axınının qarşısını alan tıxac) hissəsinin nasaz olduğu və sızmanın oradan baş verdiyi iki şahidin iştirakı ilə qeydə alınmışdır. Lakin, onun çoxsaylı müraciət və xahişlərinə baxmayaraq, mənzil istismar və kommunal xidmət əməkdaşları tərəfindən rəsmi akt tərtib olunmamışdır. Bunun əvəzinə, ona bildirilmişdir ki, hadisənin başvermə təfərrüatlarını və dəymiş ziyanı özü, əl yazısı ilə kağız üzərində qeyd etsin və həmin sənədə mənzil-istismar sahəsinin rəisi, komendant və iki qonşunun imza atması ilə sənəd təsdiqlənsin. Nəticədə, onun tərəfindən hadisənin detallarını və ziyanı əks etdirən əl yazılı izahat hazırlanmış və bu sənədə mənzil-istismar sahəsinin rəisi, binanın komendantı və iki qonşu şəxs tərəfindən şahid qismində imzalar atılmışdır. Bu sənəd hadisənin real baş verdiyini və mənzilə faktiki ziyan dəydiyini təsdiq edən mühüm sübut kimi çıxış edir. Bu hal ilk dəfə deyil ki, baş verir, cavabdeh bir müddət əvvəl də, onun mənzilinə öz ehtiyatsızlığı nəticəsində su axıtmışdır. Lakin, o zaman o, dəymiş zərəri öz hesabına qarşılamışdır. O, hadisədən sonrakı günlərdə dəfələrlə cavabdehi öz mənzilinə baxış keçirməyə dəvət etmişdir ki, cavabdeh ziyanın miqyasını və yaranmış vəziyyəti şəxsən görsün. Lakin, cavabdeh bu dəvətlərə heç bir müsbət reaksiya verməmiş, mənzilinə baxmağa gəlməmiş, bundan açıq şəkildə imtina etmişdir. Habelə, cavabdehin yaxın qohumu bağlı qapı arxasından nalayiq ifadələr də söyləmişdir. O, bu səbəbdən 102 xidmətinə zəng etmiş və 29 X3 Şöbəsinin sahə müvəkkilinin gəlməsini təmin etmişdir, lakin, sahə müvəkkili mənzilə baxmağa gəlsə də rəsmi yazılı akt tərtib etməmişdir. Eyni zamanda, cavabdeh onunla əlaqəni tam kəsmiş, onun zənglərini cavabsız qoymuş və nəticə etibarı ilə onun telefon nömrəsini bloklamışdır. Ona görə də, Cavabdeh qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 15 saylı evin 405 saylı mənzilindən cavabdehin təqsirli hərəkətləri nəticəsində dəymiş zərərin əvəzinin 6.000 manat dəyərləndirilərək, həmin məbləğin, habelə vəkilə müqavilə üzrə ödənilmiş 350 manat, ödənilmiş 80 manat dövlət rüsumunun, ümumilikdə 6.430 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak etməsə də, məhkəmə hazırlıq iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi mənzildə o, həyat yoldaşı və oğlu ilə birlikdə yaşayırlar. İddiaçı isə xarici ölkədə yaşayır. O, məhkəmə iclası zamanı öyrənmişdir ki, iddiaçının özü deyil, qızı onlardan şikayət etmişdir. Onlar iddiaçının mənzilinə heç bir ziyan vurmamışlar. İddiaçı mənzilinə ziyan dəyməsindən 1 həftədən sonra xəbərdar olmuş, bundan sonra komendantla onların mənzilinə getmişlər və evdə heç kim olmamışdır. İddiaçının mənzilinə ziyan dəyməsi ilə əlaqədar heç bir qüsur aktı tərtib edilməmiş və ziyanın məbləğinə dair heç bir sənəd olmamışdır. İddiaçı sübut kimi komendant və digər 1-2 qonşu ilə birlikdə sənəd tərtib etmişdir. Halbuki, onda olan səs yazılarında komendant özü bunu təkzib etmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçının mənzilinə su onun mənzilindən deyil, yuxarı mərtəbələrdən şaxta vasitəsi ilə axaraq ziyan vura bilər. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən sübut qismində məhkəməyə ünvanlanmış disk daşıyıcıda mövcud olan materiallar mülki işin məhkəmə baxışı mərhələsində məhkəməyə təqdim edilmiş, bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsi və ya iddiaçı və onun nümayəndəsi işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışlar. Ona görə də, məhkəmə iddiaçının nümayəndəsinin məhkəmə baxışında məhkəməyə ünvanladığı disk daşıyıcıda olan materialları sübut qismində nəzərə almır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, Mənzil-istismar sahəsi rəisinə ünvanlanmış ərizədə ərizənin tərtib edildiyi tarix göstərilməmiş, ərizə notarial qaydada təsdiq edilməmiş, ərizədə göstərilən faktların doğruluğunu təsdiq edən şəxslərin şəsiyyətləri müəyyən edilməmiş və həmin şəxslər ərizədə göstərilən faktların doğruluğunu təsdiq edə bilmələri üçün məhkəməyə şahid qismində təqdim edilməmişlər. Ona görə də, məhkəmə həmin ərizəni iddiaçının iddia ərizəsində göstədiyi ziyanı təsdiq edən sübut qismində qəbul etmir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Cavabdeh isə iddiaçının mənzilindən üst mərtəbədə yerləşən 405 saylı mənzildə yaşayır. İddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində onun mənzilinə ziyan dəyməsini və dəymiş zərərin əvəzinin 6.000 manat olduğunu göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 6000 manat maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan 29 iyul 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 80 manat dövlət rüsumu ödəmişdir. İşdə olan 16 iyul 2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 350 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumu və 350 manat xidmət haqqı iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh qarşı 6000 (altı min) manat zərərin əvəzinin, 80 (səksən) manat dövlət rüsumu və 350 (üç yüz əlli) manat xidmət haqqı, cəmi 6430 (altı min dörd yüz otuz) manat pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1603/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1603/2025
18.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver