Məhkəmə qərarları › İş №e-2(055)-1650/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1650/2025

21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1650/2025 21.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, Müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1120 manat əsas borc və 0,60 manat faiz borcu, cəmi 1120,60 manat borcun və ödənilmiş 32 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07 iyun 2019-cu il tarixli, 45/0619-52 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 1234,03 manat məbləğində kredit verilmişdir. Kredit müaviləsi üzrə öhdəliklərini kredit təşkilatı qarşısında icra etməyən Cavabdeh iddiaçıya 1120 manat əsas borcu və 0,60 manat faiz borcu, cəmi 1120,60 manat borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Ona görə də Cavabdeh 1120 manat əsas borc və 0,60 manat faiz borcu olmaqla, cəmi 1120,60 manat borcun və ödənilmiş 32 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəfləri izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 07 iyun 2019-cu il tarixli 45/0619-52 saylı kredit (restrukturizasiya) müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 1234,03 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. Kreditin verilmə tarixi 07 iyun 2019-cu il, kreditin tam qaytarılma tarixi 07 iyun 2024-cü il müəyyən edilmişdir. Müqaviləyə əsasən kredit illik 1 faiz olmaqla 5 il müddətinə (1 il güzəşt müddəti müəyyən edilməklə) verilmişdir. İşdə olan 07 iyun 2019-cu il tarixli 45/0619-52 saylı kredit müqaviləsi üzrə 17 iyul 2025-ci il tarixə kredit borcunun, faizlərin və cərimənin hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə iddia qaldırılan günə olan vaxtı keçməmiş əsas kredit borcunun məbləği 0,00 manat, iddia qaldırılan günə vaxtı keçməmiş faiz borcunun məbləği 0,00 manat, iddia qaldırılan günə vaxtı keçmiş əsas kredit borcunun məbləği 1120 manat, iddia qaldırılan günə vaxtı keçmiş faiz borcunun məbləği 0,60 manat hesablanaraq iddia tələbinin cəmi 1120,60 manat təşkil etmişdir. İşdə olan 23 iyul 2025-ci il tarixli bildirişdən və həmin bildirişin cavabdeh tərəfindən qəbul edildiyini göstərən xəbərnamədən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh yaşadığı ünvana bildiriş göndərilərək 07 iyun 2019-cu il tarixli 45/0619-52 saylı kredit müqaviləsi üzrə 1120 manat əsas borcun, 0,60 manat faiz borcunun, cəmi 1120,60 manat borcun iddiaçıya qaytarılması tələb edilməklə üç iş günü müddətində kredit müqaviləsinin ləğv edilməsi təklif edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 505.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, 07 iyun 2019-cu il tarixli, 45/0619-52 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 1234,03 manat məbləğində kredit verilmişdir. Kredit müaviləsi üzrə öhdəliklərini kredit təşkilatı qarşısında icra etməyən Cavabdeh iddiaçıya 1120 manat əsas borcu və 0,60 manat faiz borcu, cəmi 1120,60 manat borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Ona görə də Cavabdeh 1120 manat əsas borc və 0,60 manat faiz borcu olmaqla, cəmi 1120,60 manat borcun alınaraq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh 1120 manat əsas borcu və 0,60 manat faiz məbləğini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 07 iyun 2019-cu il tarixli 45/0619-52 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 1120 manat əsas borc və 0,60 manat faiz borcu, cəmi 1120,60 manat alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməlidir. İşdə olan 10 oktyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən 32 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 07 iyun 2019-cu il tarixli 45/0619-52 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 1120,60 (bir min bir yüz iyirmi) manat 60 (altmış) qəpik alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar