Məhkəmə qərarları › İş №e-2(055)-1720/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1720/2025

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1720/2025 16.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cavabdeh, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 4999,88 manat pulun və ödənilmiş 70 manat dövlət rüsumunun alınması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehə xx.xx.2023-cü il tarixdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan, öz istehlak xərclərini və borclarını ödəmək üçün Azərbaycan Beynəlxalq Bankı ASC-nin Ağsu filialından BPM**********95 nömrəli mədaxil qəbzi ilə göndərməklə 4999.88 (dörd min doqquz yüz doxsan doqquz manat səksən səkkiz qəpik) manat borc pul vermişdir. Cavabdeh həmin pulu 2 ay ərzində ona qaytarmalı idi. Lakin cavabdeh hazırki vaxtadək müxtəlif bəhanələrlə borcu qaytarmamışdır. O da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, Cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-nin Ağsu filialından BPM**********95 nömrəli mədaxil qəbzi ilə cavabdehə borc verdiyi 4999.88 (dörd min doqquz yüz doxsan doqquz manat səksən səkkiz qəpik) manat pul məbləğinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı qismində izahat vermək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən məhkəmə iclasına iki dəfə şəxsən çağırılsa da, o məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçı məhkəməyə ünvanladığı ərizədən görünür ki, onun Cavabdeh qarşı pul tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, iddianı qəbul etmir. Belə ki, onun iddiaçı ilə nə bir qohumluq, nə də dostluq əlaqəsi olmamışdır. O, ümumiyyətlə iddiaçını 2-3 dəfə bibisinin oğlu Ayaz Musalının yanında görmüşdür. Sözügedən pulu, yəni 5000 manatı o Ayaz Musalıdan borc istəmişdir. Daha sonra, Ayaz Musalı ona pulun bankda olduğunu, gedib götürə biləcəyini demişdir. O, Sabirabad şəhərindəki “Asan Xidmət” Mərkəzində yerləşən “ABB” bankdan pulu götürmüşdür. Ayaz Musalı sinif yoldaşı İddiaçı vasitəsi ilə həmin pulu göndərmişdir. İddiaçı sadəcə pulu göndərərkən vasitəçi olmuş, o, iddiaçıdan borc pul almamışdır. Bu hadisədən bir ay keçməmiş Ayaz Musalı ona təcili pul lazım olduğu üçün pulu qaytarmalı olduğunu bildirmişdir. O, Ayaz Musalıya məxsus kart hesabına 3000 manat və 2000 manat olmaqla, ümumilikdə 5000 manat pul köçürmüşdür. X6 ilə aralarında subicarə müqaviləsinin pozulması və ferma mübahisəsinə dair digər məhkəmə işi də vardır. Həmin mübahisədən sonra Ayaz Musalı belə bir addım ataraq ona qarşı əsassız iddia qaldırmışdır. Bununla yanaşı, iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Ona görə də, iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini məhkəməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 Cavabdeh izahatı ilə eyniməzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Beynəlxalq Bankı ASCnin Ağsu filialının BPM**********95 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh maddi yardım məqsədi ilə 4999.88 (dörd min doqquz yüz doxsan doqquz manat səksən səkkiz qəpik) pul köçürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 25 avqust və 28 avqust 2023-cü il tarixli qəbzlərdən görünür ki, Mus** Ay** Aq** oğlunun hesabına 3000 manat və 2000 manat olmaqla, ümumilikdə 5000 manat pul köçürülmüşdür. Məhkəmə cavabdehin və onun nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankı ASC-nin Ağsu filialından BPM**********95 nömrəli mədaxil qəbzi ilə göndərməklə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan, maddi yardım məqsədi ilə 4999.88 (dörd min doqquz yüz doxsan doqquz manat səksən səkkiz qəpik) manat pul köçürmüşdür. İddiaçı iddia ərizəsində həmin məbləği cavabdehə borc verdiyini və iki ay ərzində qaytarılmalı olduğunu göstərsə də, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Ağsu filialının BPM**********95 nömrəli mədaxil qəbzi ilə sübuta yetirilir ki, İddiaçı Cavabdeh 4999.88 (dörd min doqquz yüz doxsan doqquz manat səksən səkkiz qəpik) pulu maddi yardım məqsədi ilə köçürmüşdür. Tərəflər arasında borc münasibətləri yaranmamışdır. Qanunvericilikdə maddi yardımın geri qaytarılması nəzərdə tutulmamışdır. Göründüyü kimi, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehin yazılı etirazında göstərdikləri ilə (cavabdehin həmin pulu əslində Ayaz Musalıdan alması, iddiaçının sadəcə vasitəçi olması, sözügedən pulu Ayaz Musalıya qaytarması və pulun Ayaz Musalıya göndərilməsini təsdiq edən qəbzləri iş materiallarına əlavə etməsi) bağlı qeyd edir ki, cavabdehin etdiyi köçürmələr başqa şəxsin, yəni Ayaz Musalının bank hesabına köçürülmüşdür və həmin köçürmələrin hazırki tələblə əlaqəsi yoxdur. Məhkəmə Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməli olduğundan həmin ərizə nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı 4999,88 manat pulun və ödənilmiş 70 manat dövlət rüsumunun alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan 30 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 70 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı 4999.88 (dörd min doqquz yüz doxsan doqquz manat səksən səkkiz qəpik) manat pulun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar