Məhkəmə qərarları › İş №e-2(055)-1738/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1738/2025

12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1738/2025 12.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı MMC-nin direktoru Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 840 manat avtomobili gündəlik sürdüyü zamanlardan, 1800 manat aylıq borc, 560 manat cərimə borcu, ümumilikdə 3200 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı MMC-nin direktoru Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmış və həmin müqavilə əsasında “Mercedes Benz CLA 250 minik” markalı avtomobil idarə etmək üçün cavabdehə verilmişdir. Cavabdeh bir müddət ödəniş etdikdən sonra, 840 manat borc yaranmış və o, demişdir onu hissə-hissə verəcək, amma gündəlik deyil, aylıq ödəniş etmək şərti ilə avtomobili idarə etmək istəyir. xx.xx.2025-ci il tarixdə cavabdehə sürmək icazəsi ilə etibarnamə verilmişdir. Avtomobil cavabdehdə olduğu müddətdə 560 manat cərimə etmişdir. Cavabdeh onların ödənişini etmədiyi üçün cərimələri o, ödəmişdir. Cavabdeh etibarnamə verilən andan sonra 3 ay ödəniş etmişdir. xx.xx.2025-ci tarixdə ödəniş etməli olduğu halda ödəniş etməmiş və hər gün ona ödəniş edəcəyini deyərək, onu aldadaraq xx.xx.2025-ci il tarixdə vaxtından 9 gün sonra avtomobili geri qaytarmışdır. Bununla da, ona 9 gün üçün əlavə zərər vurmuşdur. Sonra dəfələrlə əlaqə saxlamağına baxmayaraq, ödənişdən yayınmışdır. Avtomobil müştəridə olduğu müddətdə avtomobilə maddi ziyan da vurulmuşdur. Avtomobil müştəridə olduğu zamanda da çox yüksək sürətlə sürmüş, buna görə də dəfələrlə xəbərdarlıq etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə baxışında iştirak etməsə də, məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edirək izahatında gösətərmişdir ki, onun həqiqətən də iddiaçıya 1800 manat aylıq borcu və 560 manat cərimə borcu qalmışdır. Amma avtomobili gündəlik sürdüyü zamanlardan 840 manat borcu yoxdur. Ona görə də iddianın qalan hissəsində rədd olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmış və həmin müqavilə əsasında “Mercedes Benz CLA 250 minik” markalı avtomobil hər gün 85 manat ödəmək şərti ilə Cavabdeh istifadəsinə verilmişdir. İşdə olan qəbzlərdən görünür ki, İXP ******* nömrəli protokol üzrə 200 manat, EQ 30938728 nömrəli protokol üzrə 9 manat, EQ 30876913 nömrəli protokol üzrə 10 manat, İXP ******* nömrəli protokol üzrə 60 manat, EQ 30537785 nömrəli protokol üzrə 20 manat, EQ 30875286 nömrəli protokol üzrə 10 manat, İXP ******* nömrəli protokol 116 manat, EQ 30702613 nömrəli protokol üzrə 20 manat, EQ 30433324 nömrəli protokol üzrə 10,60 manat, EQ 30391029 nömrəli protokol üzrə 21,20 manat, İXP ******* nömrəli protokol üzrə 36 manat, EQ 30953984 nömrəli protokol üzrə 9 manat, AYN ******* nömrəli protokol üzrə 18 manat və EQ 31083281 nömrəli protokol üzrə 18 manat, ümumilikdə 557,8 manat ödəniş edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə baxışı zamanı iddiaçının izahatı və işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən hər gün 85 manat icarə haqqı ödəmək şərti ilə “Mercedes Benz CLA 250 minik” markalı avtomobil Cavabdeh istifadəsinə verilmişdir. Daha sonra tərəflər arasında şifahi razılıqla, icarə haqqı gündəlik yox, aylıq 1800 manat müəyyən olunmuşdur. Hazırda isə iddiaçı cavabdehdən 840 manat avtomobili gündəlik sürdüyü zamanlardan, 1800 manat aylıq borc, 560 manat cərimə borcu, ümumilikdə 3200 manat pul tələb edir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh 1800 manat aylıq borc, 560 manat cərimə borcunun qəbul etmişdir. Lakin avtomobili gündəlik sürdüyü zamanlardan qalan 840 manat borcu qəbul etməmişdir. İddianın bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “WhatsApp” yazışmasından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 840 manat borcu olduğunu etiraf edir. Belə ki, “WhatsApp” yazışmasından görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh “22 maya 840 Azn qalıq bor. Bu günə 350 atsan, qalacaq 490” məzmununda mesaj yazır, Cavabdeh da cavabında “Yaxsi qaqa” məzmununda cavab yazır. Tərəflər arasında olan yazışmalardan da göründüyü kimi cavabdeh iddiaçıya 840 manat borclu olduğunu etiraf edir. Cavadehin yol hərəkəti qaydalarını pozduğu üçün 560 manat cərimə edilməsi və sonuncunun həmin cərimələri ödəmədiyi üçün iddiaçının nümayəndəsi tərəfindən həmin cərimələri ödəməsi ilə bağlı hissədə iddiaya münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh həmin cəriməni qəbul etsə də, məhkəmə araşdırması zamanı cərimə məbləği tam təsdiq olunmur. Belə ki, iddiaçı tərəf 560 manat cərimə ödədiyini bildirsə də, məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, 557,8 manat cərimə ödənilmişdir. Məhkəmə hesab edir ki, iddianın cərimə məbləği ilə bağlı hissəsi 557,8 manat məbləğində təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 840 manat avtomobili gündəlik sürdüyü zamanlardan olan borc, 1800 manat aylıq borc, 557,8 manat cərimə ödənişlərinin borcu, ümumilikdə 3197,8 manat pul alınaraq İddiaçı MMC-yə verilməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı MMC tərəfindən 52 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 52 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 840 manat avtomobili gündəlik sürdüyü zamanlardan olan borc, 1800 manat aylıq borc, 557,8 manat cərimə ödənişlərinin borcu, ümumilikdə 3197,8 (üç min yüz doxsan yeddi manat səksən qəpik) manat pul alınaraq İddiaçı MMC-yə verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar