Məhkəmə qərarları › İş №e-2(055)-1742/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1742/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1742/2025 08.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, Müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 375,30 manat əsas borc, 5,34 manat faiz borcu, 30 manat cərimə və Azərbaycan Respublikası Mərkəzi Bankının 2021, 2022, 2023, 2024-cü illər uçot dərəcələri üzrə hesablanmış 115 manat faiz məbləği olmaqla, cəmi 525,64 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 25 noyabr 2019-cu il tarixli 45/1119-191 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 375,30 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini kredit təşkilatı qarşısında icra etməyən Cavabdeh 16 iyul 2025-ci il tarixə iddiaçıya 375,30 manat əsas borcu, 5,34 manat faiz borcu və 30 manat cərimə olmaqla, cəmi 410,64 manat borcu yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərinin icra edilməməsinə görə iddiaçı tərəfindən cavabdehə qarşı bank uçot dərəcəsi üzrə 2021-ci il üçün yeddi faizlə 26 manat (375 x 7%=26), 2022-ci il üçün səkkiz faizlə 30 manat (375 x 8%=30), 2023-cü il üçün doqquz faizlə 33 manat (375 x 9%=33) və 2024-cü il üçün yeddi faizlə 26 manat (375 x 7%=26), ümumilikdə 115 manat faiz məbləği hesablanmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Ona görə də Cavabdeh 375,30 manat əsas borc, 5,34 manat faiz, 30 manat cərimə və Azərbaycan Respublikası Mərkəzi Bankının 2021, 2022, 2023, 2024-cü illər uçot dərəcələri üzrə hesablanmış 115 manat faiz məbləğinin, cəmi 525,64 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 25 noyabr 2019-cu il tarixli 45/1119-191 saylı kredit (restrukturizasiya) müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 375,30 manat məbləğində kreditin verilməsi ilə bağlı İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. Kreditin verilmə tarixi 25 noyabr 2019-cu il, kreditin tam qaytarılma tarixi 25 noyabr 2024-cü il müəyyən edilmişdir. Müqavilənin 1.3-cü maddəsinə əsasən kredit illik 1 faiz olmaqla 5 il müddətinə (1 il güzəşt müddəti müəyyən edilməklə) verilmişdir. İşdə olan 25 noyabr 2019-cu il tarixli 45/1119-191 saylı kredit müqaviləsi üzrə 16 iyul 2021-ci il tarixə kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə iddia qaldırılan günə olan vaxtı keçməmiş əsas kredit borcunun məbləği 321,49 manat, iddia qaldırılan günə vaxtı keçməmiş faiz məbləği 0,14 manat, iddia qaldırılan günə vaxtı keçmiş əsas kredit borcunun məbləği 53,81 manat, iddia qaldırılan günə vaxtı keçmiş faiz məbləği 5,20 manat, müqavilə üzrə hesablanmış cərimə 30 manat, borc üzrə iddia tələbinin cəmi 410,64 manat təşkil edir. Ödənilmiş əsas kredit məbləği 0,00 manat, ödənilmiş faiz məbləği 0,00 manat olmuşdur. İşdə olan 04 iyun 2021-ci il tarixli bildiriş və bildirişin cavabdeh tərəfindən qəbul edildiyini göstərən xəbərnamədən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 375,30 manat əsas borcun, 3 manat faiz məbləğinin, cəmi 378,3 manat borcun üç gün müddətində qaytarılması tələb edilməklə kredit müqaviləsinin ləğv edilməsi təklif edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Mərkəzi Bankı-Uçot faiz dərəcəsinə aid axtarış səhifəsindən edilmiş çıxarışdan görünür ki, bank uçot dərəcəsi 2024-cü il üçün yeddi faiz təşkil etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 305.1-ci maddəsinə əsasən, öhdəliyə uyğun olaraq bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, 25 noyabr 2019-cu il tarixli 45/1119-191 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 375,30 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini kredit təşkilatı qarşısında icra etməyən Cavabdeh 16 iyul 2025-ci il tarixə iddiaçıya 375,30 manat əsas borcu, 5,34 manat faiz borcu və 30 manat cərimə olmaqla, cəmi 410,64 manat borcu yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərinin icra edilməməsinə görə iddiaçı tərəfindən cavabdehə qarşı bank uçot dərəcəsi üzrə 2021-ci il üçün yeddi faizlə 26 manat (375 x 7%=26), 2022-ci il üçün səkkiz faizlə 30 manat (375 x 8%=30), 2023-cü il üçün doqquz faizlə 33 manat (375x9%=33) və 2024-cü il üçün yeddi faizlə 26 manat (375x7%=26), ümumilikdə 115 manat faiz məbləği hesablanmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Ona görə də Cavabdeh 375,30 manat əsas borc, 5,34 manat faiz, 30 manat cərimə və Azərbaycan Respublikası Mərkəzi Bankının 2021, 2022, 2023, 2024-cü illər uçot dərəcələri üzrə hesablanmış 115 manat faiz məbləğinin, cəmi 525,64 manat borcun alınmasını tələb edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. İşin araşdırılan halları ilə müəyyən olundu ki, Cavabdeh 25 noyabr 2019-cu il tarixli 45/1119-191 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 375,30 manat məbləğində borc öhdəliyini kredit müqaviləsində nəzərdə tutulmuş müddətdə icra etmədiyindən iddiaçı tərəf cavabdehə qarşı müqavilədə göstərilən illik 1 faiz dərəcəsindən əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən Mərkəzi Bankın illər üzrə uçot dərəcəsinə uyğun olaraq 2021-ci il üçün yeddi faizlə 26 manat, 2022-ci il üçün səkkiz faizlə 30 manat, 2023-cü il üçün doqquz faizlə 33 manat və 2024-cü il üçün yeddi faizlə 26 manat ümumilikdə 115 manat faiz borcu hesablanmışdır. Məhkəmə bununla bağlı hesab edir ki, iddiaçı cavabdehə vermiş olduğu 375,30 manat kredit üçün cavabdehdən 2021, 2022, 2023, 2024-cü il tarixlərinə bank uçot faiz dərəcəsi tətbiq etməklə yenidən dörd il müddətinə cavabdehdən ümumilikdə 115 manat faiz borcu tələb etməsi restrukturizasiya müqaviləsinin mahiyyətinə və şərtlərinə uyğun deyil, yəni iddiaçı digər əsaslardan çıxış edərək müqavilədə göstərilən bir faiz məbləğindən artıq (əlavə) faiz məbləği tələb etmək hüququna malik deyildir. Buna baxmayaraq iddiaçı tələbində cavabdehə qarşı müqavilənin bitdiyi tarixdən sonra yəni, 25 noyabr 2024-cü ildən 31 dekab 2024-cü il tarixədək olan cəmi bir ay müddətində bank uçot dərəcəsi hesablaya bilərdi ki, həmin məbləğ 2.16 manat təşkil edir. Belə ki, iddiaçının 2024-cü il üçün Mərkəzi Bankın 7 faizlik uçot dərəcəsi ilə tələb etdiyi 26 manat (375 x 7%= 26) borcu aylara böldükdə (26:12=2.16) 2.16 manat təşkil edir və həmin məbləği bir aya vurduqda (2.16 x 1) 2.16 manat təşkil edir. Məhkəmədə işin araşdırılan halları ilə həmçinin müəyyən olundu ki, iddiaçı tərəfindən cavabdehə 04 iyun 2021-ci il tarixdə bildiriş ünvanlanmış və həmin bildirişdə Cavabdeh kredit müqaviləsi üzrə 375,30 manat əsas borcun, 3 manat faiz məbləğinin, cəmi 378,3 manat borcun üç gün müddətində qaytarılması tələb edilməklə kredit müqaviləsinin ləğv edilməsi təklif edilmişdir. Buradan görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı faiz məbləğinin hesablanmasını məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi 04 iyun 2021-ci il tarixədək hesablanmalıdır. Qeyd olunanlardan görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh 375,30 manat əsas borc, 3 manat faiz, 30 manat cərimə və Azərbaycan Respublikası Mərkəzi Bankının 2025-ci il uçot dərəcəsi üzrə 2.16 manat faiz məbləğinin alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən müqavilə üzrə tələb olunan 30 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 15 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 25 noyabr 2019-cu il tarixli 45/1119-191 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 375,30 manat əsas borc, 3 manat faiz borcu, 15 manat cərimə və Azərbaycan Respublikası Mərkəzi Bankının 2024-cü il uçot dərəcəsi üzrə hesablanmış 2.16 manat olmaqla, cəmi 395,46 manat alınıb iddiaçı ASEL KREDİT» Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən mülki işə yerləşdirilmiş 16 may 2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 25 noyabr 2019-cu il tarixli 45/1119-191 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 375,30 manat əsas borc, 3 manat faiz, 15 manat cərimə və Azərbaycan Respublikası Mərkəzi Bankının 2024-cü il uçot dərəcəsi üzrə hesablanmış 2.16 manat olmaqla, cəmi 395 (üç yüz doxsan beş) manat 46 (qırx altı) qəpik alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar