Məhkəmə qərarları › İş №e-2(055)-1910/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1910/2025

02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1910/2025 02.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh n 63000 ABŞ dolları məbləğində pulun və xx.xx.2025-ci il tarixədək qaytarmayıb ondan faydalandığından bank uçot dərəcəsinə əsasən həmin borcu illik 5 faiz olan 3 il üçün 17000 ABŞ dolları, cəmi 80000 ABŞ dolları pulun alınaraq onun xeyrinə ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə iddiaçı ortaq dostları X1 vasitəsilə tanış olmuşlar. Bundan sonra Ağa ilə münasibətləri yaranmışdır. Ağa iddiaçıdan 2022-ci ilin mart-avqust aylarında ticarətlə məşqul olmaq adı ilə müxtəlif məbləğlərdə pullar almışdır. Hesablayarkən Ağanın iddiaçıya 63000 (altımış üç min) ABŞ dolları məbləğində borcu yarandığı müəyyən olunmuşdur. İlkin dövrlərdə Ağa işlərinin yaxşı getmədiyini evini satıb iddiaçıya verməli olduğu 63000 ABŞ dolları məbləğində pulu verəcəyini bildirərək, həmin pulun iddiaçıya qaytarılacağına onu inandırmışdır. Cavabdeh verdiyi sözü tutmadığını gördükdə iddiaçı ortaq dostları onu iddiaçı ilə tanış edən X4 ilə birlikdə həmin pul məsələsi ilə bağlı onunla görüşərkən Ağa iddiaçıya 63000 ABŞ dolları məbləğində borcu olduğunu təsdiq etmiş və 2 ay ərzində həmin pul məbləğini iddiaçıya tam ödəyəcəyini bildirmişdir. Ağanın verdiyi vədi yerinə yetirmədiyini gördükdə iddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş və Ağanın imzaladığı qəbzi də şikayət ərizəsinə əlavə etmişdir. Həmin vaxta kimi Ağanın iddiaçıya 63000 ABŞ dolları məbləğində pulu ona qaytaracağına inanmışdır. Bundan əlavə Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində və İstintaq şöbəsində Ağa barəsində aparılan araşdırma zamanı Ağa iddiaçıya 63000 ABŞ dolları məbləğində borcu olmasını, həmin məbləği özünə məxsus evi satmaqla iddiaçıya tam ödəyəcəyini söz versə də, dediklərinə əməl etməmişdir. Sonuncu dəfə barəsində olan cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunduğundan Binəqədi Rayon Məhkəməsində barəsində xx.xx.2023-cü il tarixdə həbs qətimkan tədbirinin seçilməsi barəsində baxılarkən iddiaçıya olan borcunun 30000 (otuz min) manatını noyabr ayının sonunadək, qalan hissəsini isə 2024-cü ilin fevral ayının 28dək ödəyəcəyinə söz verib iddiaçını inandırsa da, vədinə əməl etməmiş və bu günədək həmin məbləğdən iddiaçıya hər hansı bir məbləğ ödəniş etməmişdir. 01 mart 2024-cü il tarixdə iddiaçı tam əmin olmuşdur ki, cavabdeh ona heç bir pul ödəməyəcəkdir. Bundan əlavə, cavabdeh iddiaçıdan başqa insanlardan da pul almış və Azərbaycan Respublikasının CM-nin dələduzluq maddəsi ilə ona cinayət işi açılmışdır. İddiaçı tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcunu qaytarmamışdır. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı İddiaçı oğlu nümayəndəsinin izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan İddiaçı şikayəti əsasında Bakı şəhəri Binəqədi RPİ-də aparılmış araşdırma zamanı Cavabdeh izahatından və şübhəli şəxs kimi ifadəsindən görünür ki, Cavabdeh, İddiaçı 63000 ABŞ dolları aldığını etiraf etmişdir. İşdə olan qəbzin surətindən görünür ki, Cavabdeh, Cavabdeh sahibkarlıqla məşğul olmaq üçün 63000 ABŞ dolları aldığını qeyd etmişdir. Məhkəmə, iddiaçını və onun nümayəndəsi-vəkilini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki hüquqi mübahisələrin həllində məhkəmənin üzərinə düşən vəzifə “kimin, kimdən, nəyi və hansı əsasla” tələb etməsini aydınlaşdırmaqdır. Bu baxımdan, ilk növbədə, bu qayda üzrə ardıcıl yoxlama nəticəsində iddiaçının tələb hüququ, iddianın yönəldiyi şəxsin həmin tələb üzrə cavabdehliyi, iddiaçının tələbinin nədən ibarət olması və sonda həmin tələbin qanuni əsasları tapılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məlum olduğu kimi, müqavilə azadlığı prinsipi həm də onu ifadə edir ki, mülki hüquq subyektləri müqavilə növünü seçməkdə tam müstəqilliyə malikdirlər. Başqa sözlə desək, mülki (əmlak) dövriyyə iştirakçılarına şans verilir ki, onlar öz istəyinə uyğun gələn müqavilə növünü bağlasınlar. Subyektlər həm MM-də nəzərdə tutulan, həm də nəzərdə tutulmayan müqavilələr bağlaya bilərlər. Elə müqavilələr var ki, Mülki Məcəllədə nəzərdə tutulmamışdır və subyektlər bu cür müqavilələrdən də istifadə edə bilərlər. Lakin bu cür hüquqi konstruksiyalar MM-ə zidd olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə qazanc əldə etmək məqsədilə ticarətlə məşğul olmaq barədə razılığa gəlmiş, birgə fəaliyyətin təşkili üçün iddiaçı tərəfindən cavabdehə ümumilikdə 63000 ABŞ dolları pul verilmişdir. Göründüyü kimi, tərəflər arasında birgə fəaliyyət müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuşdur. Müqavilənin predmeti isə tərəflərin ticarətlə məşğul olaraq birgə fəaliyyət göstərməsi təşkil etmişdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq, varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Hazırkı işdən də göründüyü kimi, birgə fəaliyyət məqsədilə cavabdehin pulu iddiaçıdan alması, daha sonra yekun olaraq iddiaçıya 63000 ABŞ dolları pul qaytarılması barədə qəbz tərtib olunması, bundan sonra cavabdehin həmin pulları qaytarmaqdan imtina etməsi və nəticədə əsassız varlanması faktı təsdiq olunur. Belə olan halda da iddiaçının iddia tələbi əsaslı və yolverilən hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə, iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcun tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı 2022-ci ilin mart-avqust aylarında hissə-hissə olmaqla cavabdehə 63000 ABŞ dolları məbləğində pulu vermiş, həmin pulun sonuncu dəfə 01 mart 2024-cü il tarixdə qaytarılmasına razılaşmışlar. Belə olduqda, öhdəliyinin icra müddəti 01 mart 2024-cü il tarixdə bitmişdir. Belə olan halda, 01 mart 2024-cü il tarixdən 02 dekabr 2025-ci il tarixə qədər əsas borc məbləğinə - 63000 ABŞ dolları 1 il 9 ay üçün illik 5% dərəcəsi ilə hesablanmalıdır. Yeni, 63000 ABŞ dolları əsas borc məbləği 1 il üzrə (63.000 x 5 / 100 = 3150 x 1 = 3150) 3150 ABŞ dolları, 9 ay üzrə (3150 / 12 x 9 = 2362,5) 2362,5 ABŞ dolları olmaqla, cəmi 5512,5 ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 63000 ABŞ dolları pul, öhdəliyin icra müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5512,5 ABŞ dolları faiz, cəmi 68512,5 ABŞ dolları pul icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 09 dekabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 426 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 426 manat dövlət rüsumunun, iddianın təmin olunan hissəsinə münasibətdə 413 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 63000 ABŞ dolları, öhdəliyin icra müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5512,5 ABŞ dolları faiz, cəmi 68512,5 (altımış səkkiz min beş yüz on iki dollar əlli sent) ABŞ dolları pul icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə alınaraq İddiaçı ödənilsin. İddianın təmin olunan hissəsinə münasibətdə 406 (dörd yüz altı) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar