Məhkəmə qərarları › İş №e-2(055)-480/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-480/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-480/2024 16.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 28091,07 manat əsas borc, 5376,77 manat faiz borcu, 961,05 manat cərimə, cəmi 34428,89 manat borcun və ödənilmiş 194 manat dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 avqust 2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 21,5% dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir. Hazırda cavabdeh kredit müqaviləsi üzrə ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və bununla da kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin sazişə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidirlər. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 28091,07 manat əsas borc, 5376,77 manat faiz borcu, 961,05 manat cərimə, cəmi 34428,89 manat borcun və ödənilmiş 194 manat dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması tələbinə dair mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh1 oğlu izahatında göstərdi ki, o, həqiqətən də, iddiaçı «Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti ilə 26 aprel 2022-ci il tarixli kredit müqaviləsi bağlamış və iddiaçıdan kredit götürmüşdür. O, ilkin olaraq özünə məxsus kafeyə sərf etmək üçün 10000 manat kredit götürmüş, həmin kreditin ödənişlərini vaxtlıvaxtında etmişdir. Daha sonra əlavə olaraq 20000 manat kredit götürmüş və həmin kreditlə yeni iş qurub avtoservis xidməti fəaliyyəti ilə məşğul olmaq istəmişdir. Lakin müflis olmuş və işləri dayanmışdır. Aldığı kreditə görə 5-6 ay özü, iki ay isə atası Cavabdeh2 və anası Cavabdeh3 ödəniş etmişlər. Lakin daha sonra maddi imkanları yaxşı olmadığı və müflis olduğu üçün çətin vəziyyətə düşdüyündən ödənişlər gecikmişdir və ödəniş edə bilməmişlər. Etdikləri ödənişlər isə faiz borcuna çıxılmışdır. Müflis olduqdan və ödəniş edə bilmədikdən sonra iddiaçının Bakı şəhərində yerləşən baş ofisinə getmiş və maddi vəziyyəti yaxşı olmadığından ona köməklik edilməsini və 3 ay vaxt verilməsini, bu müddət ərzində ona gecikmə borcu hesablanmamasını xahiş etmiş və bu barədə iddiaçı ilə razılıq əldə edib ərizə yazmışdır. Lakin bir aydan sonra ona yenidən gecikmələri olduğu ilə bağlı bildiriş göndərilmişdir. O, yenidən krediti aldığı iddiaçının Şirvan şəhərindəki filialına gəlmiş, ona borcunu ödəyə bilməsi üçün yeni ödəniş qrafiki açılması, 60 ay müddətinə yenidən kredit müqaviləsi bağlanması və aylıq 780 manat ödəniş etməsi təklif edilmiş, lakin o, bu təkliflə razılaşmamışdır. Hazırda iddiaçıya borcu olduğunu qəbul edir, lakin həmin borcu ödəməyə imkanı yoxdur. Məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh2 oğlu oğlu izahatında göstərdi ki, oğlu Cavabdeh1 iddiaçı «Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti ilə kredit müqaviləsi bağlamış və iddiaçıdan kredit götürmüşdür. Əvvəllər ödəniş etmişlər, lakin etdikləri ödənişlər faiz borcuna hesablanmış və əsas borcun böyük hissəsi ödənilməmiş qalmışdır. Oğlunun işləri əvvəllər yaxşı olmuş və götürdüyü böyük məbləğdə kreditləri ödəmişdir. Lakin daha sonra müflis olmuş və krediti ödəyə bilməmişdir. Hazırda onların iddiaçıya borcu vardır, lakin maddi imkanları yaxşı olmadığı üçün həmin borcu ödəyə bilməmişlər. Məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh4 heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddiaçıdan götürdüyü kreditləri ona məxsus kafeyə sərf etmək üçün, daha sonra isə avtoservis xidməti fəaliyyəti üçün, yəni sahibkarlıq fəaliyyətləri üçün götürdüyünü bildirmiş, həmçinin iş materiallarına əlavə edilmiş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə İnternet Vergi İdarəsindən çıxarışla Cavabdeh1 (VÖEN:**********) vergi ödəyicisi olduğu məlum olmuşdur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 saylı, 18 sentyabr 2020-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Məhkəmə iclasında Cavabdeh1 iddiaçıdan götürdüyü kreditləri ona məxsus kafeyə sərf etmək üçün, daha sonra isə avtoservis xidməti fəaliyyəti üçün, yəni sahibkarlıq fəaliyyətləri üçün götürdüyünü bildirsə də, işdə olan kredit sazişi ilə müəyyən olunmuşdur ki, həmin müqavilə istehlak məqsədləri üçün cavabdehə kredit verilməsi ilə əlaqədar bağlanmışdır. Buradan da görünür ki, cavabdeh sahibkarlıq fəaliyyətinin subyekti olsa da və həmçinin götürdüyü krediti sahibkarlıq fəaliyyəti sahəsində istifadə etmiş olsa da, cavabdehin krediti götürdükdən sonra istehlak məqsədləri üçün və ya sahibkarlıq fəaliyyəti üçün istifadə etməsindən asılı olmayaraq, müqavilədə bankın həmin krediti istehlak məqsədləri üçün verdiyi qeyd edilmişdir. Buna görə də mülki işə hazırkı məhkəmədə baxılmalıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 29 avqust 2022-ci il tarixli imza nümunələri vərəqəsindən görünür ki, Cavabdeh1 kredit götürmək üçün ərizəsi və qeyd etdiyi imza İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsdiq edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 29 avqust 2022-ci il tarixli, MK/76067/87/26 saylı kredit sazişindən və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə Cavabdeh1 istehlak məqsədləri üçün 36 ay müddətinə illik 21,5% dərəcəsi ilə 30000 manat kredit verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 29 avqust 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 hesabına 29,999 manat pul köçürülmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müştərilərinə kreditləşmə və xidmət şərtlərindən görünür ki, bu şərtlər bankın müştərilərlə münasibət sahəsində formalaşmış, istisnasız olaraq həmin sahənin hər bir müştərisinə münasibətdə tətbiq üçün nəzərdə tutulan elə şərtlərdir ki, bu normalardan fərqlənən, onları tamamlayan və konkretləşdirən müqavilə şərtləri onların vasitəsi ilə müəyyənləşdirilir. Kredit sazişində bu şərtlərə istinad və müştərinin bu şərtlərlə razı olduğu barədə mütləq qaydada qeyd olmalıdır. Tərəflər kredit sazişində bu şərtlərdən fərqlənən, onları tamamlayan və konkretləşdirən ayrı-ayrı şərtlərin tətbiqini istisna edən şərtlər barədə razılığa gələ bilərlər. İşdə olan və məhkəmə iclasında elan edimiş 11 fevral 2024-cü il tarixli bildirişlərdən və onların göndərilməsi barədə xəbərnamələrdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaşadıqları ünvana bildiriş göndərilərək 29 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması xahiş edilmiş, borc qaytarılmadığı təqdirdə isə məhkəməyə müraciət etməli olacaqları barədə xəbərdarlıq edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 12 mart 2024-cü il tarixli arayışdan görünür ki, 29 avqust 2022-ci il tarixli müqavilə üzrə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 28091,07 manat əsas borcu, 5376,77 manat faiz borcu və 961,05 manat cərimə borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmədə işin araşdırılan halları ilə müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 avqust 2022-ci il tarixli, MK/76067/87/26 saylı kredit sazişinə əsasən cavabdehə 36 ay müddətinə illik 21,5% dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmışdır və bununla da, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 29 avqust 2022-ci il tarixli, MK/76067/87/26 saylı kredit sazişinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə olan borcu ödəməkdən yayınmışlar. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 28091,07 manat əsas borc, 5376,77 manat faiz borcu, 961,05 manat cərimə, cəmi 34428,89 manat borcun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 29 avqust 2022-ci il tarixli, MK/76067/87/26 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 28091,07 manat əsas borc, 5376,77 manat faiz borcu, 961,05 manat cərimə, cəmi 34428,89 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 29 avqust 2022-ci il tarixli, MK/76067/87/26 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 28091,07 manat əsas borc, 5376,77 manat faiz borcu, 961,05 manat cərimə, cəmi 34428,89 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 14 mart 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 194 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 194 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 28091,07 manat əsas borc, 5376,77 manat faiz borcu, 961,05 manat cərimə, cəmi 34428 (otuz dörd min dörd yüz iyirmi səkkiz) manat 89 (səksən doqquz) qəpik alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 194 (bir yüz doxsan dörd) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar