Məhkəmə qərarları › İş №e-2(055)-651/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-651/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-651/2025 22.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosedində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra LPO İddiaçı ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi borcu 14.965,20 ABŞ dolları - bundan 5.821,20 ABŞ dolları əsas, 2.990,40 ABŞ dolları faiz, 5.302,29 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 851,31 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 166,32 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC iddia ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabirabad filialı ilə Cavabdeh2arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 420005933/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 13.713,73 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, İddiaçı ASC-yə bir dəfə getmiş, onda da ərizə vermişdir. Müqavilənin yenilənməsi ilə bağlı heç bir sənədə qol çəkməmişdir. Bu günə qədər də heç bir sənədə imza etməmişdir. Hesablanmış borc məbləği ilə də razı deyildir. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə, illik 26% olmaq şərtilə, 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2014-cü-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 saylı Əlavə sazişə əsasən cavabdehin qalıq krediti restrukzisaziya edilməklə 13713,73 ABŞ dolları hesablanmış, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 420005933/ZM saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borclunun (Cavabdeh2) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşlər. İşdə olan xx.xx.2014-cü il tarixli 420005933/ZM saylı zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 saylı Əlavə sazişə əsasən zaminlik müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İşdə olan 04 mart 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh2 LPO İddiaçı ASC-yə 5821,20 ABŞ dolları əsas, 2990,40 ABŞ dolları faiz, 5,302,29 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 851,31 ABŞ dolları faiz, ümumilikdə 14965,20 ABŞ dolları borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabirabad filialı ilə Cavabdeh2arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 420005933/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 13713,13 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Eyni zamanda zaminlik müqaviləsinin müddəti də xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, iddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5821,20 ABŞ dolları əsas, 2990,40 ABŞ dolları faiz, 5,302,29 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 851,31 ABŞ dolları faiz, ümumilikdə 14965,20 ABŞ dolları borcun ödənilməsini tələb edir. Cabadeh Cavabdeh2 tərəfindən hesablanmış borc mübahisələndirildiyindən məhkəmənin qərardadına əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3129 nömrəli ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi və həmin müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli sazişin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə: əsas borc üzrə 5258,87 ABŞ dolları, faiz borcu üzrə 2664,50 ABŞ dolları. Məhkəmə iş üzrə müəyyən olunmuş halları hüquqi cəhətdən dəyərləndirərək hesab edir ki, Cavabdeh2 iddiaçı LPO İddiaçı ASC xx.xx.2022-ci il tarixə əsas borc üzrə 5258,87 ABŞ dolları, faiz borcu üzrə 2664,50 ABŞ dolları olması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3129 nömrəli məhkəmə ekspertizası rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərdən kredit müqaviləsi üzrə tələb olunan 5302,29 ABŞ dolları məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 400 ABŞ dollaradək azaldılmalıdır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu hissəsi ilə bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Ona görə də məhkəmə hesab edir ki, iddianın kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 851,31 ABŞ dolları hissəsi ilə bağlı iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi 04 mart 2025-ci il tarixli arayışında qeyd olunan hallar öz əksini tapmadığından həmin arayış mötəbər sübut kimi qəbul edilməməlidir, həmçinin də iddianın bu hissəsi məhkəmədə öz təsdiqini tapmamışdır. Məhkəmə, Cavabdeh2, xx.xx.2014-cü-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 saylı Əlavə sazişdə olan imzanın onun tərəfindən ica olunmaması barədə dəlilinin yoxlanılması üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/1226 nömrəli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2014-cü-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 saylı əlavə sazişdə “Borcalan” qrafasındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Məhkəmə, ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, Cavabdeh2 yuxarıda qeyd edilən dəlilini əsassız hesab edir. Məhkəmə, iddianın Cavabdeh1 borcun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları sadalanmışdır. Həmin maddəyə əsasən zaminliyə digər əsaslarla bərabər zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bankla zamin Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinin qüvvədə olduğu müddət göstərilmişdir. Belə ki, zaminlik müqaviləsinin 5.1.4-cü bəndində göstərilir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Bankla Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə sonuncu dəfə imzalanmış xx.xx.2017-ci il tarixli 2 nömrəli sazişə əsasən kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdək uzadılmışdır. Başqa sözlə, borclu Cavabdeh2 Bank qarşısında kredit müqaviləsi üzrə öhdəliyinin icra müddəti xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Göründüyü kimi, qeyd edilən qanunverilik normasına əsasən əsas öhdəliyin icra müddəti müəyyənləşdirilmiş müqavilələr üzrə öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmək hüququ vardır. İddiaçı isə hazırki mübahisə üzrə zamin Cavabdeh1 qarşı iddianı xx.xx.2023-cü ilə qədər irəli sürə biləcəyi halda, xx.xx.2025-ci il tarixdə həm əsas borcluya, həm də zaminə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da zaminə qarşı iddia irəli sürmək hüququndan qanunda göstərilən müddət ərzində istifadə etməmişdir. Buna görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh2 5258,87 ABŞ dolları əsas, 2664,50 ABŞ dolları faiz, 400 ABŞ dolları cərimə, ümumilikdə 8323,37 ABŞ dolları məbləğində pul icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə alınaraq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, LPO İddiaçı ASC tərəfindən 166,32 manat dövlət rüsumu, ödənilmişdir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 9/3129 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat, xx.xx.2025-ci il tarixli, 4/1226 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 166,32 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqinin dəyəri olan 100 manat ekspertiza xərci iddiaçı LPO İddiaçı ASC və Cavabdeh2 müştərək qaydada alınaraq, məhkəməxəttşünaslıq ekspertizasının tədqiqinin dəyəri olan 126 manat ekspertiza xərci isə Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 5258,87 ABŞ dolları əsas, 2664,50 ABŞ dolları faiz, 400 ABŞ dolları cərimə, ümumilikdə 8323,37 (səkkiz min üç yüz iyirmi üç dollar otuz yeddi sent) ABŞ dolları məbləğində pul icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə alınıb iddiaçı ləğv prosedində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh2 166,32 (yüz altmış altı manat otuz iki qəpik) manat dövlət rüsumu alınıb iddiaçı ləğv prosedində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqinin dəyəri olan 100 manat ekspertiza xərci iddiaçı LPO İddiaçı ASC və Cavabdeh2 müştərək qaydada alınaraq, məhkəməxəttşünaslıq ekspertizasının tədqiqinin dəyəri olan 126 manat ekspertiza xərci isə Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar