Məhkəmə qərarları › İş №e-2(055)-664/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-664/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-664/2024 31.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2513 manat əsas borc, 640,50 manat faiz borcu, 111 manat cərimə, cəmi 3264,50 manat borcun və 52,65 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X1-Bank Kredit Təşkilatı ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 11 aprel 2023-cü il tarixli **********1008 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə, illik 30% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən cavabdehin hər ay 169 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı X1-Bank Kredit Təşkilatı ilə digər Cavabdeh2 arasında 11 aprel 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədikləri üçün cavabdehlərin İddiaçı X1-Bank Kredit Təşkilatına 2513 manat əsas borc, 434 manat faiz borcu, 111 manat cərimə, cəmi 3264,50 manat borcu yaranmışdır. Ona görə də iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada 2513 manat əsas borc, 434 manat faiz borcu, 111 manat cərimə, cəmi 3264,50 manat borcun və 52,65 manat dövlət rüsumunun alınıb İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 11 aprel 2023-cü il tarixli **********1008 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh1 ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 24 ay müddətinə illik 30% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 8-ci bəndində qeyd edilmiş kreditin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 24 ay müddətində, illik 30% dərəcəsi ilə 3000 manat məbləğində kreditə görə hər ay 169 manat ödəniş etməli, cəmi 1042 manat faiz ödəməlidir. İşdə olan 11 aprel 2023-cü il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə cavabdeh (kredit alan) Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda zamin Cavabdeh2nın əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürməsi ilə əlaqədar İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmışdır. İşdə olan 17 aprel 2024-cü il tarixli maliyyə arayışdan görünür ki, 11 aprel 2023-cü il tarixli **********1008 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı X1-Bank Kredit Təşkilatına 17 aprel 2024-cü il tarixə 2513 manat əsas borcu, 640,50 manat faiz borcu, 111 manat cərimə borcu, cəmi 3264,50 manat borcu vardır. Cavabdeh1 487 manat əsas borcdan, 401,50 manat faiz borcdan, 86,50 manat cərimə borcundan, cəmi 975 manat ödəniş etmişdir. İşdə olan kredit kartının mədaxil (qəbul) aktının surətindən görünür ki, 11 aprel 2023cü il tarixli **********1008 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 verilmiş kredit məbləği “Fincard” kredit kartında ona təqdim edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh1 ilə İddiaçı X1-Bank Kredit Təşkilatının arasında 11 aprel 2023-cü il tarixli **********1008 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 24 ay müddətinə, illik 30% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı X1-Bank Kredit Təşkilatı ilə digər Cavabdeh2 arasında 11 aprel 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirmədikləri üçün cavabdehlərin İddiaçı X1-Bank Kredit Təşkilatı 2513 manat əsas borc, 640,50 manat faiz borcu, 111 manat cərimə borcu, cəmi 3264,50 manat borcu yaranmışdır. Ona görə də İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada 1920 manat əsas borcun, 640,50 manat faiz borcu, 111 manat cərimə borcu, cəmi 3264,50 manat borcun alınmasını tələb edir. Cavabdeh isə almış olduğu kreditə görə əsas borcdan 487 manat, faiz borcundan 401,50 manat, cərimə borcundan 86,50 manat, ümumilikdə 975 manat ödəniş etmişdir. İşin araşdırılan halları ilə həmçinin müəyyən olundu ki, tərəflər arasında bağlanmış 11 aprel 2023-cü il tarixli **********1008 saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən iddiaçı kredit müqaviləsinin 6.2-ci bəndinə əsaslanaraq cavabdehlərə bildiriş göndərmədən onlardan kredit və zaminlik müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan 2513 manat əsas borcun, 640,50 manat faiz borcu, 111 manat cərimə borcu, cəmi 3264,50 manat borcun qaytarılmasını tələb etmişdir. İşdə olan ödəniş cədvəli və maliyyə arayışı ilə müəyyən olunur ki, kreditin son ödəniş tarixinədək, yəni 11 aprel 2025-ci il tarixədək Cavabdeh1 tərəfindən ödənilməli olan faiz məbləği 1042 manat təşkil edir. Cavabdeh həmin faiz məbləğindən 401,50 manat ödəniş etmiş və ödənilməmiş faiz məbləği 640,50 manat qalmışdır. Həmin məbləğ isə kreditin son ödəniş tarixinədək ödənilməli olan faiz məbləğidir. Buradan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı faiz borcunu ödəniş cədvəli üzrə 11 may 2023-cü il tarixdən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək, yəni tərəflər arasındakı müqaviləyə xitam verildiyi 03 may 2024-cü il tarixədək hesablamalı olduğu halda, faiz borcunu ödəniş cədvəlində göstərilən son ödəmə tarixinə, yəni 11 aprel 2025-ci il tarixədək hesablamışdır. Lakin iddiaçı müqaviləyə xitam verildiyi vaxtdan sonra həmin müqavilənin son ödəniş tarixinədək hesablanmış faiz borcunu deyil, məhkəməyə müraciət edildiyi vaxtadək hesablanmalı olan faiz borcunun cavabdehlərdən tutulmasını tələb edə bilər. Digər tərəfdən iddiaçı cavabdehlərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etməmişdir. Odur ki, göstərilənlərə əsasən kreditin 11 may 2023-cü il tarixdən başlanan və iddiaçı tərəfindən məhkəməyə müraciət edildiyi tarixədək, yəni 03 may 2024-cü il tarixədək hesablanmış 747 manat faiz məbləğindən indiyədək ödənilmiş olan 401,50 manat çıxılmalı və cavabdehlərdən məhkəməyə müraciət edildiyi tarixədək ödənilməmiş qalan 345,50 manat faiz borcu tutulmalıdır. Qeyd olunanlardan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı 11 aprel 2023-cü il tarixli **********1008 saylı kredit müqaviləsi və 11 aprel 2023-cü il tarixli,**********1***-******* saylı zaminlik müqaviləsi üzrə 2513 manat əsas borcun, məhkəməyə müraciət edildiyi tarixədək, yəni tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək yaranmış 345,50 manat faiz borcunun, 111 manat cərimənin, cəmi 2969,50 manat borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada 2513 manat əsas borc, 345,50 manat faiz borcu, 111 manat cərimə, cəmi 2969,50 manat alınıb İddiaçı X1- Bank Kredit Təşkilatına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan “ExpressPay” ödəniş qəbzi barədə məlumatlardan görünür ki, İddiaçı X1- Bank Kredit Təşkilatı tərəfindən 52,65 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 52,65 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada 2513 manat əsas borc, 345,50 manat faiz borcu, 111 manat cərimə, cəmi 2969 (iki min doqquz yüz altmış doqquz) manat 50 (əlli) qəpik alınıb İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 52 (əlli iki) manat 65 (altmış beş) qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar