Məhkəmə qərarları › İş №e-2(055)-771/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-771/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-771/2024 02.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 07 aprel 2023-cü il tarixli, SVNPU-06116 saylı kredit müqaviləsi üzrə 695.46 manat əsas borc, 55.33 manat faiz borcu, 330.65 manat dəbbə borcu, cəmi 1081.44 manat məbləğində pulun və ödənilmiş 31 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 aprel 2023-cü il tarixli, SVNPU-06116 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə, illik 13% olmaqla 2000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə görə kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçıya 695.46 manat əsas borcu, 55.33 manat faiz borcu, 330.65 manat dəbbə borcu, cəmi 1081.44 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməmişdir. Ona görə də Cavabdeh 695.46 manat əsas borc, 55.33 manat faiz borcu, 330.65 manat dəbbə borcu, cəmi 1081.44 manat borcun və ödənilmiş 31 manat dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza edərək təhvil alsa da, ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 07 aprel 2023-cü il tarixli, SVNPU-06116 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 13% olmaqla 12 ay müddətinə 2000 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 30 may 2024-cü il tarixli RB-02/PK-2452 saylı arayışdan görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 07 aprel 2023-cü il tarixli, SVNPU-06116 saylı kredit müqaviləsi üzrə 29 may 2024-cü il tarixə əsas borcu 695.46 manat, hesablanmış faiz borcu 55.33 manat, cərimə borcu 330.65 manat, cəmi 1081.44 manat təşkil edir. İşdə olan 22 may 2024-cü il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 07 aprel 2023-cü il tarixli, SVNPU-06116 saylı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 aprel 2023-cü il tarixli, SVNPU-06116 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə, illik 13% olmaqla 2000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə görə kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçıya 29 may 2024-cü il tarixə 695.46 manat əsas borcu, 55.33 manat faiz borcu, 330.65 manat dəbbə borcu, cəmi 1081.44 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməmişdir. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehdən 695.46 manat əsas borcu, 55.33 manat faiz borcu, 330.65 manat cərimə borcu, cəmi 1081.44 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh əsas, faiz, cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 07 aprel 2023-cü il tarixli, SVNPU-06116 saylı müqavilə üzrə tələb olunan 330.65 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 60 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 695.46 manat əsas borc, 55.33 manat faiz borcu, 60 manat cərimə, cəmi 810.79 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 31 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 695.46 manat əsas borc, 55.33 manat faiz borcu, 60 manat cərimə, cəmi 810.79 manat və ödənilmiş 31 manat dövlət rüsumu, ümumilikdə 841,79 (səkkiz yüz qırx bir manat yetmiş doqquz qəpik) manat alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar