Məhkəmə qərarları › İş №e-2(055)-791/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-791/2024

18.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-791/2024 18.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilinin tam bərpası üçün tələb olunan 4008.9 manat (dörd min səkkiz manat doxsan qəpik) əsas məbləğin, əldan çıxmış mənfəətə görə 9500 manat (doqquz min beş yüz) manat, mənəvi zərərə görə 3000 manat (üç min), əlavə xərc olaraq çəkilmiş 460 manat (dötd yüz altmış) olmaqla, ümumilikdə 16968.9 manat (on altı min doqquz yüz altmış səkkiz manat doxsan qəpik) məbləğində pulun və dövlat rüsumu olaraq ödənilmiş 140.91 manatın (yüz qırx manat doxsan bir qəpik) Cavabdeh tutlaraq ona ödənilmasi barədə qatnamə qabul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində "xxxx" MMC-yə maxsus “İsuzu” markalı, **-JE-*** qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh, yol hərəkəti qaydalarını pozaraq ona məxsus “Toyota Camry” markalı, **-UN-*** qeydiyyat nişanlı avtomobili vurması səbəbindən, ona külli miqdarda ziyan dəymişdir. Belə ki, nəqliyyat vasitəsinin təmir olunduğu "xxxx" MMC (Toyota-Əhmədli servis) tərəfindən zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə verilmiş sənədə əsasən təmir xərcinin bir hissəsi 5665 (beş min altı yüz altmış beş) manat təşkil etmişdir. Əlavə olaraq, "xxxx" MMC, həmçinin "xxxx" MMC-nin ayrı-ayrılıqda verdikləri arayışlara əsasən bu günədək qəzalı vəziyyətdə olan toqquşma əleyhinə qabaqlayıcı sistem (distronik) və onun quraşdırılması haqqı 3343,9 manat (üç min üç yüz qırx üç manat doxsan qəpik) miqdarında qiymətləndirilmişdir. Sığorta şirkəti tərəfindən ona 5000 manat ödənilmişdir. Beləliklə də, icbari sığorta şirkətinin ödədiyi maksimum məbləğdən əlavə 4008.9 manat (dörd min səkkiz manat doxsan qəpik) ödəniş zərurəti yaranmışdır. Göstərilənlərdən başqa, avtomobilimin təmirə dayandığı 3 ay müddətində mütəmadi olaraq taksi xidmətindən istifadə etdiyindən 460 manat (dörd yüz altmış manat) ödəniş etmiş, eləcə də həmin müddət ərzində lazımi ehtiyyat hissələrinin tapılması məqsədilə xarici ölkələr də daxil olmaqla telefon vasitəsilə axtarış aparmağı və müxtəlif ünvanlara gedib-gəlməyi vaxtını almış, bununla da onu psixoloji gərgin vəziyyətə gətirmişdir. xx.xx.2021-ci il tarixdə avtomobilini əldə edərkən “MY AUTO” servis tərəfindən verilmiş alqı-satqı diaqnostikası aktına əsasən, yeni maşın kimi cəmi 134 km. yürüşü olmuş və təmirdən sonrakı bazar qiymətinin də kəskin surətdə aşağı düşməsi ona ciddi mənəvi zərər vurmuşdur. Hazırda avtomobili qəzalı vəziyyətdə olduğundan bazar dəyəri çox aşağıdır. Eyni göstəriciləri olan avtomobillər hazırda yüksək qiymətə satılır. Ona görə də o, avtomobilinin hazırki dəyəri ilə eyni gösticidə saz vəziyyətdə olan avtomobil ilə qiymət fərqi olan 9500 manatı əldən çıxmış fayda kimi tələb edir. xx.xx.2024-cü il tarixdə cavabdehlə telefon əlaqəsi yaradaraq əlavə xərclərin qarşılanmasını istəsə də, imtina cavabı almışdır. Eyni zamanda cavabdehə göndərdiyi pretenziya məktubu xx.xx.2024-cü il tarixdə ünvana çatsa da, bu günədək heç bir münasibət bildirilməmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə müvafiq olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" MMC (Toyota-Əhmədli servis) tərəfindən zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə verilmiş arayışdan görünür ki, “Toyota Camry” markalı, **-UN-*** qeydiyyat nişanlı avtomobilin təmirimə çəkilmiş xərcin qiyməti 5665 manat müəyyənləşdirilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respunlikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 12:40 radələrində Xətai rayonu, Nizami küçəsində “İsuzu” markalı, **-JE-*** qeydiyyat nişanlı avtomobili idarə edərkən sfetaforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyi üçün Azərbaycan Respunlikası İXM-nin 327.2-ci maddəsi ilə 80 manat inzibati qaydada cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “Toyota Camry” markalı, **-UN-*** qeydiyyat nişanlı avtomobilin toqquşma əleyhinə qabaqlayıcı sistemin (distronik) quraşdırılması haqqı 364,41 manat qiymətləndirilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “Toyota Camry” markalı avtomobilin toqquşma əleyhinə qabaqlayıcı sistem (distronik) 2979,50 manat qiymətləndirilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Namiq Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hüquq mənasında sahiblik mülkiyyət hüququnun, məhdud əşya hüququnun və öhdəlik hüququnun (məsələn, kirayəçinin, icarəçinin və s. hüquqlarının) tərkibində müdafiə olunur. Bu halda iddia tələbinin əsasını titul (hüquqi əsas) təşkil edir. Fakt mənasında sahiblik hər hansı hüquqi əsas olmasından asılı olmayaraq, müstəqil surətdə müdafiə edilir. Sahiblik hüququ pozulan zaman zərərçəkən pozuntudan müdafiə olunmaq üçün pozuntunun törədilməsini sübut etməlidir. Əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər. Əmlaka dair sahiblik və istifadə hüququnu əldə edən tərəf əmlaka dair hansı həcmdə öhdəlik götürərək məsuliyyət daşıyırsa, o həcmdə də üçüncü şəxslər qarşısında tələb etmək hüququna malik olmaqla öz sahiblik hüquqlarını müdafiə edə bilməlidir İş materiallarından görünür ki, “Toyota Camry” markalı, **-UN-*** qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. Cavabdeh “İsuzu” markalı, **-JE-*** qeydiyyat nişanlı avtomobili idarə edərkən İddiaçı oğuna məxsus olan “Toyota Camry” markalı, **-UN-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq ziyan vurmuşdur. Odur ki, məhkəmə iddiaçının subyektiv hüququnun olmasını qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməsi sübut olunur: birincisi, cavabdehin əməli hüquqa zidd əməldir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsi yol hərəkəti iştirakçılarının əsas vəzifələrini müəyyən etmişdir. Həmin maddənin 1-ci hissəsinin 3-cü bəndində qeyd olunub ki, yol hərəkəti iştirakçıları öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarının nəqliyyat vasitələrinə zərər vurmamalıdır. Lakin cavabdeh həmin normanın tələbini pozmuşdur; ikincisi, cavabdehin əməli təqsirli əməldir. Belə ki, onun təqsiri inzibati xəta haqqında iş üzrə qəbul olunmuş qərarla müəyyən olunub; üçüncüsü, cavabdehin əməli iddiaçıya zərər vurulmasına gətirib çıxartmışdır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçının istifadə etdiyi avtomobilin mexaniki zədə alması iddiaçının izahatı, inzibati xəta haqqında protokol və zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə verilmiş arayışla təsdiq olunur. Odur ki, Cavabdeh iddiaçıya vurulmuş maddi zərərin əvəzini tam həcmdə ödəməyə borcludur. Belə ki, iş materialları ilə təsdiq olunur ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı idarə etdiyi “Toyota Camry” markalı, **-UN-*** qeydiyyat nişanlı avtomobilə ümumilikdə 9008,90 (5665 manat avtomobilin təmir xərci+2979,50 manat avtomobilin toqquşma əleyhinə qabaqlayıcı sistemin (distronik) qiyməti+364,41 manat qabaqlayıcı sistemin (distronik) quraşdırılması xərci) manat maddi ziyan dəymişdir. İddiaçının bildirdiyinə görə sığorta şirkəti tərəfindən dəymiş ziyandan 5000 manat ödənilmişdir. Hazırda iddiaçıya dəymiş maddi ziyan 4008,90 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı taksi xidmətindən istifadə etdiyindən çəkilən xərc 460 manat və əldən çıxmış faydaya görə 9500 manat pul tələb etsə də, bununla bağlı məhkəməyə hər hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə də iddia tələbi rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddiasının mənəvi ziyan tələbi ilə bağlı hissəsini əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, cavabdehin törətdiyi əməl nəticəsində ona mənəvi ziyan vurulduğunu, mənəvi iztirab çəkdiyini qeyd etsə də, qeyd olunan halları sübuta yetirəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş və iddia ərizəsində göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəf cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 4008,90 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 07 iyun 2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 140,91 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi nisbətində Cavabdeh İddiaçı xeyrinə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 60,80 manat dövlət rüsumu tutulmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavbadeh Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 4008,90 manat, ödənilmiş dövlət rüsumu olaraq 60,80 manat, cəmi 4069,70 (dörd min altımış doqquz manat yetmiş qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Ə sli ilə düzdür Hakim: Mirlətif Sadıqov İş № 2(055)-791/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 18 iyul 2024-cü il Saatlı şəhəri Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavbadeh Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 4008,90 manat, ödənilmiş dövlət rüsumu olaraq 60,80 manat, cəmi 4069,70 (dörd min altımış doqquz manat yetmiş qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar