Məhkəmə qərarları › İş №e-2(055)-90/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-90/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-90/2025 08.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 907 manat əsas borc, 207 manat faiz borcu, 84 manat 34 qəpik cərimə, cəmi 1198 manat 34 qəpik borcun və 32 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X1-Bank Kredit Təşkilatı ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 aprel 2024-cü il tarixli **********1439 saylı kredit müqaviləsinə əsasən Cavabdeh ailə-kəndli təsərrüfatının yaradılması, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 18 ay müddətinə, illik 30% dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən cavabdehin hər ay 70 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Lakin cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehin İddiaçı X1-Bank Kredit Təşkilatına 20 noyabr 2024-cü il tarixə 907 manat əsas borc, 207 manat faiz borcu, 84 manat 34 qəpik cərimə, cəmi 1198 manat 34 qəpik borcu yaranmışdır. Ona görə də iddiaçı Cavabdeh 907 manat əsas borc, 207 manat faiz borcu, 84 manat 34 qəpik cərimə, cəmi 1198 manat 34 qəpik borcun və 32 manat dövlət rüsumunun alınıb İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 08 aprel 2024-cü il tarixli **********1439 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 18 ay müddətinə illik 30% dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 8-ci bəndində qeyd edilmiş kreditin ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətində, illik 30% dərəcəsi ilə 1000 manat məbləğində kreditə görə hər ay 70 manat ödəniş edərək, cəmi 254 manat faiz ödəməlidir. İşdə olan 20 noyabr 2024-cü il tarixli maliyyə arayışdan görünür ki, 08 aprel 2024-cü il tarixli **********1439 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı X1-Bank Kredit Təşkilatına 20 noyabr 2024-cü il tarixə 907 manat əsas borcu, 207 manat faiz borcu, 84 manat 34 qəpik cərimə, cəmi 1198 manat 34 qəpik borcu vardır. Cavabdeh kredit müqaviləsi üzrə əsas borcundan 93 manat, faiz borcundan 47 manat, cəmi 140 manat ödəniş etmişdir. İşdə olan kredit kartının mədaxil (qəbul) aktının surətindən görünür ki, 08 aprel 2024cü il tarixli **********1439 saylı kredit müqaviləsi üzrə Cavabdeh verilmiş kredit məbləği “Fincard” kredit kartında ona təqdim edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı X1-Bank Kredit Təşkilatının arasında 08 aprel 2024-cü il tarixli **********1439 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 18 ay müddətinə, illik 30% dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehin İddiaçı X1-Bank Kredit Təşkilatı 907 manat əsas borc, 207 manat faiz borcu, 84 manat 34 qəpik cərimə borcu, cəmi 1198 manat 34 qəpik borcu yaranmışdır. Ona görə də İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh 907 manat əsas borcun, 207 manat faiz borcun, 84 manat 34 qəpik cərimənin, cəmi 1198 manat 34 qəpik borcun alınmasını tələb edir. Cavabdeh kredit müqaviləsi üzrə əsas borcundan 93 manat, faiz borcundan 47 manat, cəmi 140 manat ödəniş etmişdir. İşin araşdırılan halları ilə həmçinin müəyyən olundu ki, tərəflər arasında bağlanmış 08 aprel 2024-cü il tarixli **********1439 saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən iddiaçı kredit müqaviləsinin 6.2-ci bəndinə əsaslanaraq cavabdehə bildiriş göndərmədən ondan kredit müqaviləsi üzrə 907 manat əsas borcun, 207 manat faiz borcun, 84 manat 34 qəpik cərimə, cəmi 1198 manat 34 qəpik borcun qaytarılmasını tələb etmişdir. Buradan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh qarşı faiz borcunu ödəniş cədvəli üzrə 04 may 2024-cü il tarixdən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək, yəni tərəflər arasındakı müqaviləyə xitam verildiyi 09 dekabr 2024-cü il tarixədək olan ödənilməmiş faiz borcunu 120 manat məbləğində hesablamalı olduğu halda, iddiaçı həmin faiz borcunu ödəniş cədvəlində göstərilən son ödəmə tarixinə, yəni 04 oktyabr 2025-ci il tarixədək hesablamışdır. Belə ki, iddiaçı müqaviləyə xitam verildiyi vaxtdan sonra həmin müqavilənin son ödəniş tarixinədək hesablanmış faiz borcunu deyil, məhkəməyə müraciət edildiyi vaxtadək hesablanmalı olan faiz borcunun cavabdehdən tutulmasını tələb edə bilər. Digər tərəfdən iddiaçı cavabdehə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etməmişdir. Qeyd olunanlardan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı 08 aprel 2024-cü il tarixli **********1439 saylı kredit müqaviləsi üzrə 907 manat əsas borcun, məhkəməyə müraciət edildiyi tarixədək, yəni tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək yaranmış 120 manat faiz borcunun, 84 manat 34 qəpik cərimənin, cəmi 1111,34 manat borcun Cavabdeh tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 907 manat əsas borc, 120 manat faiz borcu, 84 manat 34 qəpik cərimə, cəmi 1111,34 manat alınıb İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 10 yanvar 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən 32 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 907 manat əsas borc, 120 manat faiz borcu, 84 manat 34 qəpik cərimə, cəmi 1111(bir min yüz on bir) manat 34 (otuz dörd) qəpik alınıb İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar