Məhkəmə qərarları › İş №e-2(055)-933/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-933/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-933/2025 04.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqılab oğlu, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin (bundan sonra - İddiaçı BOKT MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin və kredit faizlərinin ödənilməsi tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, Müəyyənetdi: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 4315,97 manat əsas borc, 6,51 manat faiz borcu olmaqla, cəmi 4322,48 manat borcun və 36 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC tələbini onunla əsaslandırmışdır ki, 05 avqust 2019-cu il tarixli 45/0819-113 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 60 ay müddətinə illik 1% dərəcəsi ilə 4332,40 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 05 mart 2025-ci il tarixə iddiaçıya 4315,97 manat əsas borc, 6,51 manat faiz borcu olmaqla, cəmi 4322,48 manat borcu yaranmışdır. Cavabdeh2 ilə müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin Cavabdeh1 ilə iddiaçı arasında 05 avqust 2019-cu il tarixli 45/0819-113Z saylı zaminlik müqaviləsi bağlanmış və zamin məsuliyyəti öz üzərinə götürmüşdür. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh2 və Cavabdeh1 xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza edərək təhvil alsalar da ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 05 avqust 2019-cu il tarixli 45/0819-113 saylı kredit (restrukturizasiya) müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 4332,40 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmışdır. İşdə olan Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 05 avqust 2019cu il tarixli 45/0819-113 saylı kredit müqaviləsi üzrə 05 mart 2025-ci il tarixə kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh2 İddiaçı BOKT MMC-nə əsas borcunun məbləği 4315,97 manat, faiz borcunun məbləği 6,51 manat olmaqla, cəmi məbləği 4322,48 manat təşkil edir. İşdə olan 05 avqust 2019-cu il tarixli 45/0819-113Z saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 05 avqust 2019-cu il tarixli 45/0819-113 saylı kredit müqaviləsinə əsasən kredit alan (Cavabdeh2) müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İşdə olan 06 mart 2025-ci il tarixli bildirişdən və həmin bildirişin cavabdehlər tərəfindən qəbul edildiyini göstərən xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehlərdən kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, 05 avqust 2019-cu il tarixli 45/0819-113 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən İddiaçı BOKT MMC tərəfindən Cavabdeh2 60 ay müddətinə illik 1% dərəcəsi ilə 4332,40 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin Cavabdeh1 ilə iddiaçı arasında 05 avqust 2019-cu il tarixli 45/0819-113Z saylı zaminlik müqaviləsi bağlanmış və zamin məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya 4315,97 manat əsas borc, 6,51 manat faiz borcu olmaqla, cəmi 4322,48 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 05 avqust 2019-cu il tarixli 45/0819-113 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 4315,97 manat əsas borc, 6,51 manat faiz borcu olmaqla, cəmi 4322,48 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 05 avqust 2019-cu il tarixli 45/0819-113 saylı kredit müqaviləsi üzrə 4315,97 manat əsas borc, 6,51 manat faiz borcu olmaqla, cəmi 4322,48 manat alınıb İddiaçı BOKT MMC-yə ödənilməlidir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən 36 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 05 avqust 2019-cu il tarixli 45/0819-113 saylı kredit müqaviləsi üzrə 4315,97 manat əsas borc, 6,51 manat faiz borcu olmaqla, cəmi 4322,48 (dörd min üç yüz iyirmi iki manat qırx səkkiz qəpik) manat alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar