Məhkəmə qərarları › İş №e-2(056)-1025/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1025/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1025/2025 11.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması tələbi» barədə kiçik iddiaya dair işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kredit borcunun qaytarılması tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, BUMM8668824B299 saylı kredit müqaviləsi üzrə 2260,39 manat əsas, 380,49 manat faiz borcu olmaqla, cəmi 2640,88 manat məbləğində borcun, xx.xx.2024-cü il tarixli BPAY8800276B299 saylı kredit kartına dair müqaviləyə əsasən 200 manat əsas, 36,13 manat faiz, 184 manat cərimə borcu olmaqla, cəmi 420,13 manat borcun və ödənilmiş 50,61 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli, BUMM8668824B299 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 27% dərəcəsi ilə 2500 manat kredit verilmişdir. Daha dəqiq, kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitlərinin köçürülməsi yolu ilə verilmişdir. Bundan başqa, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli BPAY8800276B299 saylı mini kredit müqaviləsinə əsasən ona 200 manat kredit verilmişdir. Daha dəqiq, kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitlərinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçıASC-nə xx.xx.2024-cü il tarixli, BUMM8668824B299 saylı kredit müqaviləsi üzrə 2260,39 manat əsas, 380,49 manat faiz borcu olmaqla, cəmi 2640,88 manat borcu, xx.xx.2024-cü il tarixli BPAY8800276B299 saylı kredit müqaviləsi üzrə 200 manat əsas, 36,13 manat faiz, 184 manat cərimə borcu olmaqla, cəmi 420,13 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçıASC-nin Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BUMM8668824B299 nömrəli "Kredit müqaviləsi"nə əsasən bank tərəfindən cavabdehə şəxsi məqsədlər üçün 36 ay müddətinə illik 27% dərəcəsi ilə 2500manat məbləğində kredit verilmiş, borcalan isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli BPAY8800276B299 nömrəli mini Kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə şəxsi məqsədlər üçün 200 manat məbləğində kredit verilmiş, borcalan isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Belə ki, iş materiallarından görünür ki, cavabdeh kredit vəsaitlərindən istifadə etsə də, Kredit müqavilələri üzrə götürdüyü pul vəsaitlərini faizlə birgə qaytarmamaqla üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. İş materiallarından görünür ki, bank tərəfindən borcluya bildiriş məktubları göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin təqdim etdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixli, BUMM8668824B299 saylı Kredit Müqaviləsi üzrə cavabdehin 2260,39 manat əsas, 380,49 manat faiz borcu olmaqla, cəmi 2640,88 manat borcu, xx.xx.2024-cü il tarixli BPAY8800276B299 saylı kredit müqaviləsi üzrə 200 manat əsas, 36,13 manat faiz, 184 manat cərimə borcu olmaqla, cəmi 420,13 manat borcu mövcuddur. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında Kredit müqaviləslər bağlanmaqla Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilələrdən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçıASC ilə Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, bank tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı kredit məbləğlərini vaxtında və lazımı qaydada qaytarmadığı və iddiaçı ilə bağladığı Müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyi tam icra etmədiyi üçün tələb olunan əsas və faiz borclarını iddiaçıya ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin xx.xx.2024-cü il tarixli BPAY8800276B299 saylı kredit müqaviləsi üzrə ödənişi gecikdirməyə görə hesablanmış 184 manat cərimə pulunun tutulması hissəsi qismən təmin edilərək, həmin məbləğ azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Kredit Müqaviləsindən irəli gələn əsas borcun 200 manat məbləğində olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 184 manat cərimə (dəbbə) məbləği tənasübsüz surətdə yüksəkdir və həmin dəbbə pulunun azaldılaraq əsas borcunun 10%-i həddində, yəni 20 manat müəyyən edilməsi tərəflərin mənafeyi baxımından daha məqsədəuyğundur. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 50,61 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün iddianın qismən təmin olunduğu nəzərə alınaraq məhkəmə xərclərinə aid edilən ödənilmiş 50,61 manat dövlət rüsumunun əvəzi 45 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284-3cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284- 5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BUMM8668824B299 nömrəli Kredit Müqaviləsi üzrə 2260,39 manat əsas, 380,49 manat faiz borcu olmaqla, cəmi 2640,88 manat borc pul vəsaitini, həmçinin xx.xx.2024-cü il tarixli BPAY8800276B299 saylı Kredit müqaviləsi üzrə 200 manat əsas, 36,13 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 256,13 manat borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 45 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «Kapital Bank” ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar