Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1131/2025 07.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» barədə iddia tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi ziyanm əvəzi olaraq Cavabdeh 8112,97 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 42 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “OBA Market" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “Satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixli X8 əsasən “Administrator” vəzifəsinə keçirilmiş, onunla “X14 haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2024-cü il tarixli 69-x saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. İddiaçı MMC-nin “Planlı inventarizasiyanın aparılması haqqında” xx.xx.2024-cü il tarixli, 892 saylı Əmrindən göründüyü kimi, “Oba-Sabirabad 2” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2023-cü il - xx.xx.2024-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 5984,77 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş “İnventarizasiya Siyahısı”, “İnventarizasiya nəticələrinə dair Akt” və məlumatların üzləşdirilməsi barədə “İnventarizasiya Cədvəli” cavabdeh tərəfindən imzalanmaqla, onun iştirakı ilə aparılmış inventarizasiya prosedurunun və əldə edilmiş nəticələrin, inventarizasiya zamanı tərtib edilmiş rəsmi sənədlərin düzgünlüyünü təsdiq etmiş, habelə qeyd edilən yoxlama ilə bağlı inventarizasiya komissiyasına heç bir iradının olmadığını ifadə etmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin öz əlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, cavabdeh sona qədər iştirak etmiş, sayılan artıq və əskik malları yoxlamışdır. İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2024-cü il tarixli, 1398 saylı Əmrindən göründüyü kimi, “Oba- Sabirabad 2” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvil alan administratorların) bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2024-cü il - xx.xx.2024-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 2869,98 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin öz əlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, cavabdeh sona qədər iştirak etmiş, sayılan miqdarlar yoxlanılmış, əskik malla baxılmışdır. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələri ilə bağlı izahat verməsi və müvafiq sənədləri imzalaması üçün cavabdehə xəbərdarlıq məktubları göndərilsə də, cavabdeh ziyanla bağlı izahat verməkdən və müvafiq sənədləri imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəflər arasında bağlanmış "X14 haqqında Müqavilə"nin 3.3-cü bəndinə müvafiq olaraq İmtina Aktlarını tərtib etmişlər. Cəmiyyətin “Təbii itki normalarının tətbiqi haqqında” xx.xx.2024-cü il tarixli, 898 saylı Əmrindən göründüyü kimi, mağazada keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkar edilmiş yekun nəticələrin “təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs olan cavabdehdən tələb olunması tapşırılmış, təbii itki norması satış dövriyyəsinin 0,15%-i miqdarında müəyyən edilmişdir. Cəmiyyətin xx.xx.2024-cü il tarixli Maliyyə arayışından göründüyü kimi, çatışmazlıq müəyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiüq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 8112,97 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsa da, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iclası zamanı İddiaçı MMC-nin nümayəndəsi X3 işə qiyabi icraat qaydasında baxılmasına razılığını yazılı formada bildirdiyindən, məhkəmə həmin Məcəllənin 238.4 və 238.5ci maddələrinə əsaslanaraq işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxartmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli "xxxx" MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 5984.77 AZN və xx.xx.2024-cü il tarixində 2869.98 AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 8112.97 AZN borcu qalmışdır. Beləliklə Cavabdeh 19 dekabr 2024-cü il tarixinə "xxxx" MMC-ə olan ümumi borcu 8112.97 AZN təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində keçirilən inventarizasiya yoxlamasının sonunda administrator vəzifəsində çalışmış Cavabdeh aid aşkarlanan yekun nəticələrə "Təbii itki normaları" tətbiq edilməsi məqsədi ilə 898 nömrəli, xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, İddiaçı MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin "Təbii itki normaları" çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsinin maddi məsul şəxs administrator Cavabdeh tələb olunması, "Təbii itki norması" satış dövriyyəsinin 0,15 % faizi müəyyən edilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş 27 avqust 2024-cü il tarixli imtina aktına əsasən "05 "iyul 2024 cü il tarixli "N° 0560 li əmr ilə təyin olunmuş komissiyanın sədri: Maliyyə Direktoru : X9 ; Komissiyyanın sədr müavini: Mühasibatlıq Departament müdiri: X4, Komissiyanın üzvləri: Daxili Nəzarət Departament müdiri: X5; Satış Əməliyyatları direktoru: X6; İnventarizasiya şöbə müdiri – X2 ibarət heyətdə təyin edilmiş komissiyanın iştirakı ilə həmin aktı tərtib etmişlər ondan ötəri ki , "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən OBA-Sabirabad 2 (539) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2024-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-2869.98 Azn) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş "İşə qəbul etmə haqqında" xx.xx.2021-ci il tarixli 257 saylı əmrdən çıxarışa əsasən Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2021-ci il tarixindən etibarən Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş "Vəzifə dəyişikliyi haqqında" xx.xx.2021-ci il tarixli 483 saylı əmrdən çıxarışa əsasən Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2021-ci il tarixindən administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 69-x saylı əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın bu günədək ümumilikdə 8112,97 manat borcu vardır. İş materiallarına həmçinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində keçirilən inventarizasiya yoxlamasının nəticələrini özündə əks etdirən sənədlərin, həmçinin cavabdehə göndərilən, cavabdehə edilmiş xəbərdarlıqların, poçt göndərişlərinin çatdırılması barədə xəbərnamələrin surətləri, həmçinin cavabdehin öz əlyazması ilə bağlı sənədlər əlavə edilmiş, məhkəmə həmin sübutları da tədqiq etmişdir. Məhkəmə, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh ilk əvvəl satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, daha sonra administrator vəzifəsinə keçirilmiş və o, X14 haqqında Müqavilə əsasında ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürərək ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmaq, zamanında müəssisəyə heç bir səbəbdən zərər vurmaması və ziyankarlığa qarşı mübarizə aparılması vəzifələrinin icra etməsi üzrə öhdəlik götürmüşdür. Lakin onun xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində işlədiyi mağazada çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2024-cü il tarixində “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən Cavabdeh ümumilikdə 5984,77 AZN məbləğində, xx.xx.2024cü il tarixində isə 2869.98 AZN zərər vurması müəyyən edilmiş, zərər məbləğindən güzəşt həyata keçirildikdən sonra qalıq zərər borcu 8112,97 manat müəyyən edilmişdir. Cavabdeh özü də xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində iltizam verərək sayımla bağlı etirazı olmadığını, əksik verən mallarla tanış olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddənin l-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X14 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iddiaçı təşkilatın ona vurulmuş ziyanın məhz cavabdehin əmək fəaliyyəti zamanı Əmək Məcəlləsi, Mülki Məcəllə və X14 haqqında Müqavilənin şərtlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində yarandığı barədə sənədləri və vurulmuş zərərin həcmi ilə bağlı sənədləri, zərər məbləği ilə bağlı cavabdehin araşdırma zamanı vermiş olduğu iltizamdakı mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və dəymiş zərərin ödənilməmiş qalıq hissəsi 8112,97 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 42 manat dövlət rüsumundan və 60 manat mediasiya prosesi xərcinin dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırkı iddia tələbi tam təmin olunduğu üçün 42 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 60 manat mediasiya prosesi xidmətinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin Cavabdeh dəymiş zərərin əvəzi 8112,97 manat, iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 42 manat və mediasiya prosesi üçün ödənilmiş 60 manat olmaqla, ümumilikdə 8214,97 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnamə çıxarmış Sabirabad rayon məhkəməsinə ərizə verə bilər. Qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-1131/2025
Sabirabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(056)-1131/2025
07.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver