Məhkəmə qərarları › İş №e-2(056)-1510/2025

Sabirabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(056)-1510/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1510/2025 17.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı Abdullaev Masudun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Abdullaev Masudun Cavabdeh qarşı «pul» tələbinə iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Abdullaev Masud Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 200000 (səkkiz min beş yüz) manat borcun, 490,12 manat borcun, hüquqi yardıma görə 520 manatın, 201010,40 (iki yüz bir min ona manat qırx qəpik) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. TƏRƏFİN İZAHATİ: Məhkəmə iclasında iddiaçı Abdullaev Masudun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmış, həmin müqavilə əsasında cavabdeh 200000 (səkkiz min beş yüz) manat pulu hissə-hissə verməyə öhdəlik götürmüşdür. Onlar həmin borc müqaviləsini Bakı şəhərində yerləşən 11 saylı notariat kontorunda rəsmiləşdirmişdilər. 29 dekabr 2023-cü il tarixdə orada notarius tərəfindən kredit müqaviləsi tərtib edilmiş, borclu pulu iddiaçıya xx.xx.2024-cü il tarixdək qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra hər ikisi borc müqaviləsini imzalamışlar və borc müqaviləsi notarius tərəfindən təsdiq olunduqdan sonra hər birinə bir nüsxəsi verilmişdir. Müqavilədə borcun ödənilməsi göstərilsə də, həmin müddət bitsə də, cavabdeh iddiaçının pulunu qaytarmaqdan yayınmışdır. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, heç bir əhəmiyyət verməmişdir. Cavabdeh iddiaçının pulunu qaytarmaqdan hər vasitə ilə yayınır. Artıq bir il müddət də keçmişdir. Bu günə kimi heç bir ödəniş etməmişdir. İddia ərizəsinə görə dövlət rüsumu üçün 490 manat 40 qəpik pul küçürülmüşdür. Bundan əlavə hüquqi yardıma görə Lənkəran Rayon Vəkil Bürosunun hesabına 520 manat ödənilmişdir. Hazırda o, iddianın tam təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iclası zamanı iddiaçı Abdullaev Masudun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə işə qiyabi icraat qaydasında baxılmasına razılığını yazılı formada bildirdiyindən, məhkəmə həmin Məcəllənin 238.4 və 238.5-ci maddələrinə əsaslanaraq işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxartmışdır. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: Notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli «borc müqaviləsi»ndən görünür ki, Abuzərov X1 Masuddan xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə 200000 (iki yüz min) manat pulu borc almışdır. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSÜF: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Abdullaev Masud Cavabdeh xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə 200000 (iki yüz min) manat borc pul vermişdir. Bu barədə tərəflər arasında notarial formada borc müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi tərəflər arasındakı münasibət notarial formada bağlanmış borc müqaviləsindən əmələ gəlmişdir. Müqavilənin etibarlılığı məhkəmə tərəfindən yoxlanılmış, müqavilənin Mülki Məcəllənin tələblərinə uyğun tərtib edildiyi, etibarsızlığa dəlalət edəcək hər hansı halın mövcud olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, borcalan Cavabdeh müqavilə üzrə öhdəliyin icrasından birtərəfli qaydada yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli təhlil etməklə və hər bir sübutu mənbəyinə və mötəbərliliyinə görə qiymətləndirərək iddia tələbini borc məbləğinin cavabdehdən tutulması hissəsində əsaslı sayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun və hüquqi xidmət haqqının cavabdehdən alınaraq idiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun və hüquqi xidmət haqqının əvəzi də tam şəkildə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzlərdən də görünür ki, iddiaçı tərəfindən 490,40 manat məbləğində dövlət rüsumu, 520 manat məbləğində isə hüquqi yardıma görə vəsait ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü ildə bağlanmış müqavilə üzrə ödənilməmiş qalan 200000 manat borc pul vəsaiti, dövlət rüsumu olaraq ödənilmiş 490,40 manat və hüquqi yardıma görə 520 manat olmaqla, ümumlikdə 201010,40 (iki yüz bir min ona manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Abdullaev Masuda verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnamə çıxartmış Sabirabad rayon məhkəməsinə ərizə verə bilər. Qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar