Məhkəmə qərarları › İş №e-2(056)-1626/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1626/2025

19.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1626/2025 19.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin - Cavabdeh qarşı «maddi ziyan tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı «maddi ziyan tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş ziyana görə 1804,50 ( bir min səkkiz yüz dörd manat, 50 qəpik) pulun, mediasiya xidməti üçün ödənilmiş 60 manat məbləğin alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh, satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə o, “Administrator” vəzifəsinə keçirilmiş və tərəflər arasında “X5” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli, 167 saylı əmrlə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68,2-ci maddəsinin “a” bəndinə əsasən) işdən azad edilmişdir. Cavabdeh işlədiyi müddət ərzində iş yerində əmək intizamı qaydalarını pozmuşdur. "xxxx" MMC-nin Bayıl 5 mağazasında çalışdığı zaman, xx.xx.2023-cü il tarixdə aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə 2621,32 manat zərər vurması müəyyn edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktda da yekun ziyan məbləği göstərilmişdir. Tərtib olunmuş maliyyə arayışı ilə məlum olunmuşdur ki, yoxlama aparıldıqdan sonra müəyyən edilmiş ziyandan bir hissəsi cavabdehə güzəşt edilmiş, hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 1804,50 manat borcu qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də, bu günə qədər cavabdeh tərəfindən hər hansı bir ödəniş olunmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmış İddiaçı MMC iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə kiçik iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “X3” və “ X5” haqqında müqavilələrdən görünür ki, cavabdeh “Administrator” vəzifəsinə işə götürülmüş və işə götürənə məxsus maddi sərvətlərin qorunub saxlanmasında məsuliyyət daşımışdır. İşdə olan ərizədən görünür ki, Cavabdeh öz ərizəsi ilə işdən azad edilmişdir. İşdə olan iltizamnamədən görünür ki, Cavabdeh, İddiaçı MMC-nin inventarizasiya komossiyası tərəfindən, onun “Administrator” vəzifəsində çalışdığı "xxxx" MMC-nin Bayıl 5 mağazasında yoxlama aparmasına etiraz etməmə barədə imza etmişdir. İşdə olan maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında qalıq borc 1804,50 manat təşkil edir. İşdə olan mediasiya sənədindən görünür ki, iddiaçı 60 manat məbləğində mediasiya xidmətinin göstərilməsi ilə əlaqədar rüsum ödəmişdir. İşdə olan Xəbərdalıq məktublarından görünür ki, vurulmuş maddi ziyanla əlaqədar qalıq borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilənin mahiyyəti və onların əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən; 21.1-ci maddə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktlarının tələbinə görə mülki hüquq pozuntusu törətmiş şəxsin birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehin yol verdiyi əmək intizamı pozuntusu nəticəsində iddiaçının əmlakına zərər vurması faktı öz təsdiqini tapmışdır. Məhkəmə işin araşdırılmış hallarına və sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh müqavilə əsasında iddiaçı təşkilat İddiaçı MMC qarşısında öhdəliyin daşıyıcısı olmuşdur. Lakin, iddiaçı qarşısında pul öhdəliyini tam yerinə yetirməmişdir, nəticədə cavabdehin ödənilməmiş 1804,50 manat borcu yaranmışdır. Ona görə də, iddiaçı təşkilat İddiaçı MMC-nin Cavabdeh öhdəliyinin icra edilməsini və yaranmış borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə həmçinin mediyasiya prosesində iştirak üçün ödənilmiş xidmət haqqının əvəzinin cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, aşağıdakılara əsasən iddia tələbləri həmin hissədə də əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, mediasiya xidmət haqqı olaraq 60 manat ödəmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia tam təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən 60 manatın əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğunu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvenişya araşdırmalarında subutları qiymətləndirərkən bir qayda olaraq «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü aydın və bir-birinə uyğun qənatlərin həm mövcudluğundan, həm də təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarıda qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrinə əsaslanaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1804,50 (bir min səkkiz yüz dörd manat, 50 qəpik) manat pul və mediasiya xidmət haqqı olaraq ödənilmiş rüsumun əvəzi olaraq 60 manat alınaraq İddiaçı MMC-yə ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar