Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-163/2024 16.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC «Xalq» Bankının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «Pul tələbinə dair» barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC «Xalq» Bankı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8464,14 manat məbləğində əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 1817,70 manat faiz, 554,83 manat cərimə, ümumilikdə 11018,67 manat məbləğində borcun və 123,06 ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli, DKM/013N05A00968322 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 ASC “Xalq” Bankından illik 16%-lə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. Cavabdehlərin ASC “Xalq” Bankına 8464,14 manat məbləğində əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 1817,70 manat faiz, 554,83 manat cərimə, ümumilikdə 11018,67 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclular müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ASC “Xalq” Bankının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təkrar edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini etiraf edərək qeyd olunan kredit müqaviləsi üzrə zamin qismində iştirak etdiyini, kredit müqaviləsi üzrə əldə olunmuş pul vəsaitinin digər Cavabdeh2 tərəfindən alındığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki ASC «Xalq» Bankı ilə Cavabdeh2 arasında 36 ay müddətinə illik 16% olmaqla 10000 manat məbləğində kreditin verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 borcalan Cavabdeh2 kreditor ACS «Xalq» Bankı qarşısında xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tam icra olunanadək məsuliyyəti öz üzərinə götürmüşdür. ASC «Xalq» Bankı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8464,14 manat məbləğində əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 1817,70 manat faiz, 554,83 manat cərimə, ümumilikdə 11018,67 manat borcu qalmışdır. Xəbərdarlıq məktublarının müvafiq qaydada təsdiq olunmuş surətlərindən görünür ki, cavabdehlərə banka olan borclarını qaytarmayacaqları təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 123,06 dövlət rüsumu ödənilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırkı iş üzrə iddiaçı ASC «Xalq» Bankı ilə hazırkı iş üzrə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 16% ödənməsi şərtilə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditor ASC «Xalq» Bankı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlamışdır. Borcalan Cavabdeh2 aldığı kreditin və faizlərin müəyyən hissəsini ödəsə də, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Borcalan verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini pozmuşdur. Bunun nəticəsində onun kredit müqaviləsi üzrə 8464,14 manat məbləğində əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 1817,70 manat faiz, 554,83 manat cərimə, ümumilikdə 11018,67 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcunu ödəməmişdir və buna görə də kreditor hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən əmələ gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh iddiaçı ASC «Xalq» Bankı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişdir ki, bu da yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdə olan sənədlərdən aydın olur ki, tərəflər müqavilə ilə ayrı qayda müəyyənləşdirməmişlər. Odur ki, cavabdehlər bağladıqları müqavilə şərtlərinə uyğun şəkildə öhdəliklərinə əməl etməli idilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İş materiallarından və iddiaçının nümayəndəsinin dediklərindən aydın olur ki, iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin nəticəsiz qaldığından iddiaçı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı əsas kredit borcu və əsas kredit borcuna hesablanmış faiz borcu ilə bərabər 554,83 manat məbləğində dəbbə pulunun tutulmasını da xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göründüyü kimi tənasübsüz surətdə yüksək dəbbə pulunu məhkəmə tərəfindən azaldıla bilinməsi müqavilə üzrə müəyyən edilmiş dəbbə pulunun miqdarına və qanunla müəyyən edilmiş dəbbə pulunun miqdarının tərəflərin razılaşması ilə artırıldığı hallara aiddir. Belə ki, bu hallarda dəbbə pulunun miqdarı öhdəliyin əhəmiyyəti və onun pozulduğu hallarda dəyə biləcək mümkün zərərin miqdarını nəzərə almaqla tərəflərin razılaşmaları əsasında müəyyən edilir. Belə razılaşma zamanı mümkün pozuntuya mütənasib olmayan dəbbə pulunun müəyyən edilməsi istisna olunmur. Buna görə də mülki qanunvericilik tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldıla bilməsi nəzərdə tutmuşdur. Məhkəmə işin hallarını və eyni zamanda kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən həmin məbləğin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlir və cərimənin 100 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zamin Cavabdeh1 borcalanın krediti vaxtında qaytarılmamasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən tələb edilən dövlət rüsumu ödənilmiş tələbin məbləğinə müvafiq olaraq cavabdehlərdən tutulub iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bərabər qaydada 8464,14 manat məbləğində əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 1817,70 manat faiz, 100 manat cərimə, ümumilikdə 10563,84 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasib olaraq 100 manat hissəsi tutularaq iddiaçı ASC «Xalq» Bankına verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinın 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bərabər qaydada 8464,14 manat məbləğində əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 1817,70 manat faiz, 100 manat cərimə, ümumilikdə 10563,84 (on min beş yüz altımış üç manat səksən dörd qəpik) AZN məbləğində pul vəsaiti tutularaq iddiaçı ASC «Xalq» Bankına verilsin. Ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasib olaraq 100 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №e-2(056)-163/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-163/2024
16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver