Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-165/2024 26.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «Subrasiya qaydasında pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ "xxxx" ASC Cavabdeh qarşı «Subrasiya qaydasında pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6100 (altı min yüz) manat məbləğində verilmiş sığorta ödənişinin və 81 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin “Atasığorta" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2019-cu il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “QAZ 32213” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “QAZ 32213” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Nizami rayonu, S.Rüstəmov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş, “Audi A4” markalı, **- NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə və X1 az ağır və X2 yüngül xəsarət vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC “Audi A4” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3850 manat, X1 vurulmuş az ağır xəsarətə görə 1500 manat, X2 vurulmuş yüngül xəsarətə görə 750 manat, cəmi 6100 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Nizami RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda cavabdehin yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “QAZ 32213” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Cavabdehə xx.xx.2023-cü il tarixində geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi bu günə kimi Cəmiyyətə ödənilməmişdir. Ona görə də hazırki iddia ilə müraciət edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2024-ci il tarixdə elektron ərizə ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞ ÜZRƏ TƏQDİM EDİLMİŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" ASC-də sığortalı X7 “QAZ 32213” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019-cu ildə xx.xx.2020-ci il tarixinədək əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərər görə 1 şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manat məbləğində sığorta etmişdir. İş materiallarında olan Nizami RPİ DYPŞ-nin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə “QAZ 32213” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Nizami rayonu, S.Rüstəmov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş, “Audi A4” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə və X1 az ağır və X2 yüngül xəsarət vurmuşdur. İş materiallarına həmçinin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli ekspert rəylərindən çıxarış, ittiham aktının surəti əlavə edilmiş, qeyd olunan sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə hadisəni sürücülük hüququ olmadan törətmiş, hadisə nəticəsində X1 az ağır və X2 yüngül xəsarət vurmuşdur. İş materiallarında 20-01060/02 AA-602/20 saylı, 20-00914/01 AA-602/20/1 saylı və 20- 00913/01 AA-602/20 saylı sığorta aktlarından görünür ki, "xxxx" ASC tərəfindən “Audi A4” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3850 manat, X1 vurulmuş az ağır xəsarətə görə 1500 manat və X2 vurulmuş yüngül xəsarətə görə 750 manat məbləğində sığorta ödənişi müəyyən edilmişdir. İş materiallarında olan əməliyyatın təfərrtı haqqında arayışlardan görünür ki, "xxxx" ASC tərəfindən X6 xx.xx.2020-ci ildə 750 manat və 3850 manat, məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən sağlamlığına vurulmuş zərərə görə X4 1500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC-də xx.xx.2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış Cavabdeh idarə etdiyi “QAZ 32213” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 12 avqust 2019-cu il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 tərəfindən idarə olunan “Audi A4” markalı, **-NU- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmiş, həmçinin hadisə nəticəsində X1 az ağır və X2 yüngül xəsarət vurmuşdur. Cavabdeh baş vermiş hadisədə təqsirli bilinmiş və onun avtomobili sürücülük hüququ olmadan idarə edib hadisə törətməsi müəyyən olunmuşdur. İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsinə görəavtomobilə dəymiş zərərə görə 3850 manat, X1 vurulmuş az ağır xəsarətə görə 1500 manat və X2 vurulmuş yüngül xəsarətə görə 750 manat məbləğində sığorta ödənişi həyata keçirmiş, məktubla cavabdehə müraciət edərək həyata keçirdiyi ödənişin subroqsiya qaydasında geri ödənilməsini cavabdehdən tələb etmiş, həmin vəsait iddiaçıya geri ödənilməmişdir. Məhkəmə müəyyən edilmiş həmin hallara aşağıdakı hüquq normalarını tətbiq edib iddianı hadisəni törətməkdə təqsirli bilinmiş Cavabdeh münasibətdə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi, mülki qanunvericilik həm zərər vuran şəxsə, həm də yüksək təhlükə mənbəyinə digər qanuni əsasla (etibarnamə) sahiblik edən şəxsə qarşı törədilmiş mülki hüquq pozuntusu ilə əlaqədar tələb irəli sürülməsi hüququnu tanımış, iddiaçı da bu hüququndan istifadə edərək hazırki cavabdehə (avtomobili idarə etmiş şəxsə) qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə tələb edilən zərərin miqdarı barədə qeyd edir ki, zərərin miqdarı iş materiallarında olan qüsur və sığorta aktı ilə öz təsdiqini tapmış, bundan sonra həmin məbləğ zərərçəkmiş şəxslərin hesabına iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh isə məhkəmə bildirişlərini şəxsən qəbul etməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, tələb edilən məbləğlə bağlı hər hansı etirazlarını məhkəməyə bildirməmişlər. Odur ki, cavabdehdən tələb edilən həddə vurulmuş ziyan məbləğinin əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi tam əsaslı olduğundan tam təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq idiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi də tam şəkildə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin Cavabdeh 6100 manat məbləğində ödənilmiş sığorta ödənişi və 81 manat dövlət rüsumu olmaqla, cəmi 6181 (altı min yüz səksən bir) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-165/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-165/2024
26.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver