Məhkəmə qərarları › İş №e-2(056)-1656/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1656/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1656/2025 22.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, cavabdehin nümayəndəsi vəkil Nümayəndə1 iştirakı ilə, İddiaçı ASC-nin - Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddiası üzrə mülki işə xx.xx.2026-cı il tarixdə Sabirabad rayonunda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC - Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 10266.08 manat məbləğində əsas borcun, 895.72 manat məbləğində faiz borcunun, 460.80 manat məbləğində cərimə borcunun, cəmi 11622.60 manat borcun və 126 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank Borcluya 48 ay müddətinə, illik 16% olmaqla 15000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə elektron ərizə göndərərək, məhkəmə iclasının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi vəkil Nümayəndə1 iddianı qismən qəbul edərək, Kredit Müqaviləsi üzrə hesablanmış cərimə borcunun silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib və işdə olan sənədləri hərtərəfli araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli CC/89385/88/26 saylı Kredit Sazişindən görünür ki İddiaçı ASC ilə Cavabdeh arasında 48 ay müddətinə illik 16% dərəcəsi ilə 15000 manat məbləğində kreditin verilməsi barədə tərəflər arasında razılıq olmuşdur. İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli Kredit Sazişi üzrə xx.xx.2025-ci il tarixə 10266.08 manat əsas, 895.72 manat faiz, 460.80 manat cərimə borcu olmaqla cəmi 11622.60 manat kredit borcu yaranmışdır. Xəbərdarlıq məktubunun müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, cavabdehə banka olan borcunu qaytarmayacaqı təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 126 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3808 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatlarından və xx.xx.2022-ci il tarixli CC/89385/88/26 saylı Kredit Sazişində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə əsas borc üzrə:10196.42 manat, faiz borcu üzrə:836.22 manat təşkil edir. Hazırkı ekspertiza tədqiqatı zamanı cərimə hesabından çıxarışa əsasən tərəflər arasında imzalanmış kredit sazişi üzrə borcalanın 460.80 manat məbləğində cərimə borcunun hesablanması müəyyən edilir. İşdə olan sənədlərdən aydın olur ki, tərəflər müqavilə ilə ayrı qayda müəyyənləşdirməmiş, iddiaçı tərəfindən cavabdehə ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kredit borcunun ödənilməsinə dair dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin nəticəsiz qaldığından iddiaçı məhkəmədə iddia qaldırmışdır. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə tələb olunan əsas və faiz borcunun məhz Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3808 nömrəli ekspert rəyi ilə müəyyən olunmuş həcmdə təmin edilməsini əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli CC/89385/88/26 saylı Kredit Sazişinə əsasən borcluya 48 ay müddətinə illik 16 faizədək olmaq şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kredit borcunun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və nəticədə onun kreditora 10196.42 manat məbləğində əsas borc, 836.22 manat faiz borcu, 460.80 manat cərimə borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcu ödəməmişdir və kreditor hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli CC/89385/88/26 saylı Kredit Sazişindən əmələ gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəf bağladığı kredit müqaviləsinin şərtlərinə uyğun şəkildə İddiaçı ASC qarşısında götürdüyü öhdəliklərinə əməl etməli olduğu halda, öhdəlikləri yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişdir ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış və iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir və bununla da xx.xx.2022-ci il tarixli CC/89385/88/26 saylı Kredit Sazişindən xx.xx.2025-ci il tarixə yaranmış 10196.42 manat əsas kredit borcu və 836.22 manat faiz borcu Cavabdeh tutulub (alınıb) İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 460.80 manat cərimə pulunun tutulması hissəsi qismən təmin edilərək, həmin məbləğ azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə xx.xx.2022-ci il tarixli CC/89385/88/26№-li Kredit Sazişindən irəli gələn əsas borcun 10196.42 manat məbləğində olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 460.80 manat cərimə (dəbbə) məbləği tənasübsüz surətdə yüksəkdir və həmin dəbbə pulunun azaldılaraq 46 manat müəyyən edilməsi tərəflərin mənafeyi baxımından daha məqsədəuyğundur. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 126 AZN ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddianın qismən təmin olunduğu nəzərə alınaraq məhkəmə xərclərinə aid edilən ödənilmiş 126 AZN dövlət rüsumunun 120 AZN hissəsinin, həmçini ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat xərcin 20 manat hissəsinin İddiaçı ASC-dən, 80 manat hissəsinin isə Cavabdeh tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəlləsinın 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli CC/89385/88/26 saylı Kredit Sazişinə əsasən yaranmış 10196.42 manat məbləğində əsas borc, 836.22 manat məbləğində faiz borcu, 46 manat məbləğində cərimə borcu və məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun 120 manat hissəsi, cəmi 11198.64 (on bir min bir yüz doxsan səkkiz manat altmış dörd qəpik) AZN pul vəsaiti Cavabdeh tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 9/3808 saylı məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat xərcin 20 manat hissəsi İddiaçı ASC-dən, 80 manat hissəsi isə Cavabdeh tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********3944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar