Məhkəmə qərarları › İş №e-2(056)-1689/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1689/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1689/2024 19.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «Kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «Kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 6086,65 manat əsas, 436,65 manat faiz borcunun və ödənilmiş 85,23 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK5037481B144 saylı kredit müqaviləsinə əsasən ona illik 20,59% dərəcəsi ilə 42 ay müddətinə 6104,65 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2023-cü il tarixli, Z- RGTK5037481B144 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-nə xx.xx.2023-cü il tarixli, RGTK5037481B144 saylı kredit müqaviləsinə əsasən 6086,65 manat əsas və 436,65 manat faiz borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı ASC-nin Problemli kreditlərin hüquqi təqibi departamentinin icra orqanları ilə iş şöbəsinin rəisi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, kredit götürdükdən qısa müddət sonra atası xərçəng xəstəliyinə tutulmuş, başı atasının mülaicəsinə qarışmış, müalicəyə maddi vəsait çatdıra bilmədiyi üçün ödəniş edə bilməmişdir. Özü səhiyyə işçisidir. Borc məbləğinni onun əmək haqqından tutulmasına etiraz etmir. Tələb edilən borcu birdəfəyə ödəməyə imkanı yoxdur. Hazırda o, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasınmın vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü və 185.5-ci maddələrinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞ ÜZRƏ TƏQDİM EDİLMİŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2023-cü il tarixli, RGTK5037481B144 saylı kredit müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK5037481B144 saylı kredit müqaviləsinə əsasən ona 42 ay müddətinə illik 20,59 faiz dərəcəsi ilə 6104,65 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, Z-RGTK5037481B144 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 borcalan Cavabdeh2 kreditor İddiaçı ASC qarşısında xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tam icra olunanadək məsuliyyəti öz üzərinə götürmüşdür. Xəbərdarlıq məktublarının müvafiq qaydada təsdiq olunmuş surətlərindən görünür ki, cavabdehlərə banka olan borclarını qaytarmayacaqları təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 85,23 manat dövlət rüsumu ödənilmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK5037481B144 saylı kredit müqaviləsinə əsasən ona 42 ay müddətinə illik 20,59 faiz dərəcəsi ilə 6104,65 manat məbləğində kredit verilmişdir. Borclan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmiş, kredit müqaviləsinin şərtlərini pozmuşdur. Bunun nəticəsi olaraq onun kredit müqaviləsi üzrə 6086,65 manat əsas və 436,65 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən və həmin tarixli zaminlik müqaviləsindən əmələ gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehlər İddiaçı ASC qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişdir ki, bu da yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdə olan sənədlərdən aydın olur ki, tərəflər müqavilə ilə ayrı qayda müəyyənləşdirməmişlər. Odur ki, cavabdeh bağladıqları müqavilə şərtlərinə uyğun şəkildə öhdəliklərinə əməl etməli idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozduğundan, onunla bank arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcu məbləği iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Məhkəmə bundan başqa, Cavabdeh1 hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, cavabdeh (kredit müqaviləsi üzrə əsas borclu) Cavabdeh2 xx.xx.2023-cü il tarixli, RGTK5037481B144 saylı kredit Müqaviləsi əsasında İddiaçı ASC-dən aldığı krediti vaxtında və lazımı qaydada qaytarmadığı üçün, zamin Cavabdeh1 isə zaminlik müqaviləsinə əsasən Cavabdeh2 öhdəliyini icra etmədiyi halda məsuliyyəti öz üzərinə götürdüyündən, zamin əsas borclunun əvəzinə hər hansı ödəniş etməməklə zaminlik müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, tələb edilən borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tələbi tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 85,23 manat dövlət rüsumunun əvəzi olaraq cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinın 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6086,65 manat əsas borc, 436,65 manat faiz borcu və ödənilmiş 85,23 manat dövlət rüsumu olmaqla, cəmi 6608,53 (altı min altı yüz səkkiz manat əlli üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar