Məhkəmə qərarları › İş №e-2(056)-1735/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1735/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1735/2025 06.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı MM QBKT-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddiasına dair mülki işə Sabirabad şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MM QBKT cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4519 manat əsas borcun, 1265,01 manat faiz borcunun, 225,61 manat cərimə borcunun, cəmi 6009,62 manat məbləğində borcun və 80,10 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********0732 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən borclunun hər ay 276 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə, kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə borcu 4519 manat, faiz borcu üzrə 1265,01 manat, cərimə borcu 225,61 manat, cəmi borcu isə 6009,62 manat təşkil edir. İddiaçı MM QBKT-nın nümayəndəsi Ramil Heydərov məhkəməyə elektron kabinetlə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İddiaçı MM QBKT-nın nümayəndəsinin, həmçinin Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********0732 saylı Kredit müqaviləsindən görünür ki, Cavabdeh2 ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********0***-******* saylı zaminlik müqavilələrindən görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024cü il tarixli, **********0732 saylı Kredit müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh1 ilə İddiaçı MM QBKT arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı MM QBKT-nın təqdim etdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli, **********0732 saylı Kredit müqaviləsi üzrə cavabdehlərin 4519 manat əsas, 1265,01 manat faiz, 225,61 manat cərimə borcu olmaqla, cəmi 6009,62 manat məbləğində borcu vardır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliyini yerinə yetirərək, Cavabdeh2 kredit müqaviləsi üzrə 5000 manat kredit məbləğində kredit verilmiş, Cavabdeh2 isə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada yerinə yetirməyərək qəbul etdiyi krediti müqavilədə və ödəniş cədvəlində göstərilən müddətdə və qaydada hesablanacaq faizlərlə birlikdə Banka tam qaytarmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, **********0732 saylı Kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 465.2ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmadığı, iddiaçı ilə bağladığı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün tələb olunan əsas, faiz və cərimə borcunu iddiaçı təşkilata ödəməlidir. Eyni zamanda məhkəmə digər Cavabdeh1 hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, cavabdehlərdən Cavabdeh2 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, eyni zamanda zamin Cavabdeh1 həmin müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icra edilməsi ilə əlaqədar bank qarşısında üzərlərinə öhdəlik götürdüyü üçün borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün 80,10 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinın 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4519 manat əsas borc, 1265,01 manat faiz borcu, 225,61 manat cərimə borcu və 80,11 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6089,72 (altı min səksən doqquz manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MM QBKT-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar