Məhkəmə qərarları › İş №e-2(056)-2120/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2120/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2120/2023 31.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» barədə kiçik iddiaya dair işə Sabirabad şəhərində sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 343216-CNS-44534 saylı «Borcun Restrukturizasiyasına dair Müqaviləsi»nə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 3182,06 manat məbləğində əsas borc, 30,31 AZN məbləğində faiz borcu, 8,35 manat məbləğində cərimə borcu, ümumilikdə isə 3220,72 AZN məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi 52,21 manat Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 343216-CNS-44534 saylı «Borcun Restrukturizasiyasına dair Müqaviləsi»nə əsasən Cavabdeh illik 3% hesablanması şərti ilə 59 ay müddətinə 3182,06 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə Banka 3182,06 manat məbləğində əsas kredit borcu, 30,31 AZN məbləğində faiz borcu, 8,35 manat məbləğində cərimə, ümumilikdə isə 3220,72 AZN məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 343216-CNS-44534 saylı «Borcun Restrukturizasiyasına dair Müqaviləsi»nə əsasən Cavabdeh illik 3% hesablanması şərti ilə 59 ay müddətinə 3182,06 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, bank tərəfindən borcluya pretenziya məktubları göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışlardan görünür ki, xx.xx.2023-cü il tarixli 343216-CNS-44534 saylı «Borcun Restrukturizasiyasına dair Müqaviləsi» üzrə cavabdehin xx.xx.2023-cü il tarixə Banka 3182,06 manat məbləğində əsas borc, 30,31 AZN məbləğində faiz borcu, 8,35 manat məbləğində cərimə borcu, ümumilikdə isə 3220,72 AZN məbləğində borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli 343216-CNS-44534 saylı «Borcun Restrukturizasiyasına dair Müqaviləsi» bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 343216-CNS- 44534 saylı «Borcun Restrukturizasiyasına dair Müqaviləsi»ndən əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məcəllənin 428.4-cü maddəsinə görə öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada «Borcun Restrukturizasiyasına dair Müqaviləsi» bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmadığı və iddiaçı ilə bağladığı müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyi icra etmədiyi üçün tələb olunan borcu ödəməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 52,21 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 52,21 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 343216-CNS-44534 saylı «Borcun Restrukturizasiyasına dair Müqaviləsi»nə əsasən yaranmış 3182,06 manat məbləğində əsas borc, 30,31 manat məbləğində faiz borcu, 8,35 manat məbləğində cərimə borcu və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi 52,21 manat olmaqla, ümumilikdə 3272,93 (üç min iki yüz yetmiş iki manat doxsan üç qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar