Məhkəmə qərarları › İş №e-2(056)-2152/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2152/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2152/2024 03.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun qaytarılması tələbi» barədə kiçik iddia ərizəsinə dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun qaytarılması tələbinə» dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 936,80 manat əsas, 37,17 manat faiz, cəmi 973,97 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanını ləğv prosesində olan İddiaçı ASC əsas tutaraq Cavabdeh1 ilə 04 noyabr 2019-cu il tarixli LM111900123 saylı restrukturizasiya müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən cavabdehin 968,3 manat kredit borcu 60 ay müddətinə illik 1% dərəcəsi ilə restrukturizasiya edilmişdir. Həmin müqavilə bağlanan zaman Cavabdeh2 ilə bank eyni tarixli zaminlik müqaviləsi bağlamışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin durmuş şəxs restrukturizasiya müqaviləsinə əsasən borcun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borclu müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanmış faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Restrukturizasiya müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini yerinə yetirmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin, müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 936,80 manat əsas, 37,17 manat faiz, cəmi 973,97 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqlarını bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə kiçik iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04 noyabr 2019-cu il tarixli LM111900123 saylı restrukturizasiya müqaviləsindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında restrukturizasiya müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehin 968,3 manat kredit borcu 60 ay müddətinə illik 1% dərəcəsilə restrukturizasiya edilmişdir. İş materiallarında olan 04 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin durmuş şəxs restrukturizasiya müqaviləsinə əsasən borcun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildiriş göndərilərək banka olan borclarının tam ödənilməsi təklif olunmuşdur, əks halda aiddiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəmədə iddia qaldırmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında restrukturizasiya və zaminlik müqavilələri bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Beləliklə məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada restrukturizasiya və zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı ləğv prosesində olan İddiaçı ASC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə üzərlərinə düşən öhdəlikləri tam və lazımı qaydada yerinə yetirməyərək ödəniş cədvəlində göstərilən müddətdə ləğv prosesində olan İddiaçı ASC-yə borclarını tam qaytarmamışlar. Öhdəliklərini icra etmədiklərinə görə cavabdehlərə qanunla müəyyən edilmiş qaydada pretenziya (öhdəliyin icra edilməməsinə görə məhkəməyə müraciət olunacağı barədə) göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında imzalanmış zaminlik müqaviləsindən görünür ki, borclunun öhdəliklərinin tamamilə icra edilməsi məqsədi ilə zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə birlikdə bank qarşısında tam məsuliyyəti daşımağı öz üzərinə götürmüş, borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 936,80 manat əsas, 37,17 manat faiz, cəmi 973,97 manat alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə tələbin iddia qaldırılması üçün 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 manat dövlət rüsumu əvəzi cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPMnin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 936,80 manat əsas, 37,17 manat faiz, cəmi 973 (doqquz yüz yetmiş üç) manat 97 (doxsan yeddi) qəpik borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar