Məhkəmə qərarları › İş №e-2(056)-2248/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2248/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2248/2025 16.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi Cavabdeh1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 2.535,16 (iki min beş yüz otuz beş dollar on altı sent) ABŞ dolları borcun - bundan 766,70 (yeddi yüz altmış altı dollar yetmiş sent) ABŞ dolları əsas, 435,29 (dörd yüz otuz beş dollar iyirmi doqquz sent) ABŞ dolları faiz, 1.219,21 (bir min iki yüz on doqquz dollar iyirmi bir sent) ABŞ dolları cərimə, kredit müqaviləsi müddəti bitəndən sonrakı dövr üçün hesablanmış 113,96 (bir yüz on üç dollar doxsan altı sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 63,10 (altmış üç manat on qəpik) AZN cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub, ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri belə əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabirabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli Kredit Müqaviləsi üzrə cavabdehə 18 ay müddətinə illik 24 % dərəcəsi ilə 2.550 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 420007818/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik Müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 248/15-ƏS nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 2.218,28 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 2.535,16 ABŞ dolları təşkil edir. Bundan 766,70 ABŞ dolları əsas, 435,29 ABŞ dolları faiz, 1.219,21 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonrakı dövr üçün hesablanmış 113,96 ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi R.Tağızadə məhkəməyə ərizə göndərərək məhkəmə iclasılarının təmsil etdiyi təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə MPM-nın 185.4-cü maddəsinə əsalanaraq mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilmiş digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsalanaraq mülki işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddiaya etiraz edib, məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddiaçı təşkilat tərəfindən ona qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı təşkilat LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı iddia tələbinə qarşı etiraz edərək bildirir ki, onunla İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinə əsasən ona illik 24% dərəcəsi ilə 18 ay müddətinə 2550 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda həmin kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kredit müqaviləsi üzrə qalıq borc məbləği 2218,28 ABŞ dolları həcmində hesablanmış, kreditin müddəti isə, yəni kredit müqaviləsindən irəli gələn öhdəliklər xx.xx.2017-ci il tarixədək müəyyən edilmişdir. Lakin iddiaçı təşkilat LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərtib etdiyi maliyyə arayışında Kredit Müqaviləsinin müddətinin yanlış olaraq xx.xx.2022-ci il tarix göstərmişdir, halbuki onunla sonuncu dəfə bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2017-ci il tarixədək müəyyən edilmişdir. Qeyd edir ki, onunla digər müqavilə bağlanmamış və onunla sonuncu dəfə bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixədək razılaşdırılmışdır. Beləliklə LPO İddiaçı ASC xx.xx.2015-ci il tarixli Əlavə Sazişdə göstərilmiş müddət (xx.xx.2017-ci il) başa çatdıqdan 8 (səkkiz) ildən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bununla da Müqavilə üzrə yaranmış öhdəliklərə dair 3 illik iddia müddətini ötürmüşdür. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını və cavabdehin ərizəsini araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara (iddia müddəti keçdiyi üçün) görə təmin edilməməlidir. «L.İ.Binnətovanın şikayəti üzrə Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Az. Resp. Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımı əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq ilk növbədə iddiaçının öhdəliyin icrasını tələb etmək hüququnun olub-olmamasına və cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirib-yetirməməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı Kredit Müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 18 ay müddətinə illik 24%-lə 2550 ABŞ dolları məbləğində kreditin verilməsi razılaşdırılmışdır. xx.xx.2015-ci il tarixli ********* saylı Kredit Müqaviləsinə xx.xx.2015-ci il tarixli 248/15- ƏS№-li Əlavə Sazişə əsasən xx.xx.2015-ci il tarixli ********* saylı Kredit Müqaviləsi əsasında ayrılmış kredit Restrukturizasiya edilmiş, qalıq borc 2218,28 ABŞ dolları müəyyən edilmiş, kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 766,70 (yeddi yüz altmış altı dollar yetmiş sent) ABŞ dolları əsas borc, 435,29 (dörd yüz otuz beş dollar iyirmi doqquz sent) ABŞ dolları faiz borcu, 1.219,21 (bir min iki yüz on doqquz dollar iyirmi bir sent) ABŞ dolları cərimə borcu, kredit müqaviləsi müddəti bitəndən sonrakı dövr üçün illik 5% dərəcəsi ilə 113,96 (bir yüz on üç dollar doxsan altı sent) ABŞ dolları faiz borcu hesablanmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi bağlanılmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh1 isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmiş, aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamışdır. Eyni zamanda məhkəmə Cavabdeh1 tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəni nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblər üzrə iddia müddəti ötürülmüşdür. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi üzrə münasibətlər xx.xx.2015-ci il tarixdə yaranmış və həmin kredit müqaviləsinin xx.xx.2015-ci il tarixli 248/15-ƏS№-li Əlavə Sazişinə əsasən kreditin müddəti xx.xx.2017-ci il tarixədək müyyən edilmiş, yəni kredit müqaviləsindən irəli gələn öhdəliklər (öhdəliyin icrasının son müddəti) xx.xx.2017-ci il tarixədək müəyyən edilərək, elə həmin vaxtdan da bitmişdir. Buna baxmayaraq iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını həyata keçirilməsi ilə əlaqədar yalnız 2025-ci ilin iyul ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, yəni xx.xx.2015-ci il tarixli Əlavə Sazişdə göstərilmiş kreditin müddəti xx.xx.2017-ci il tarixdə başa çatdıqdan 8 (səkkiz) ildən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bununla da Müqavilə üzrə yaranmış öhdəliklərə dair 3 illik iddia müddətini ötürmüşdür. Cavabdeh1 isə iddia müddətinin tətbiqi barədə ərizəsində İddiaçı ASC - nin iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiyini qeyd edərək, iddia müddətinin tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2). Qeyd edilən Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Göstərilən Məcəllənin 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4 ,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarın 4-cü bəndinə əsasən «Kredit Müqaviləsinin müddətli xarakter daşıdığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə məəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüququqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. İddia müddətinə aid olunmuş Konstitusiya Məhkəməsinin «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci - o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci - iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü - iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4 ,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, «Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı təmin edilməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-nın “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit Müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı təşkilat xx.xx.2025-ci il tarixli Maliyyə Arayışında kredit müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixədək müyyən edildiyini göstərsə də, lakin həmin hala dair hər hansı subutları məhkəməyə təqdim etməmişdir, halbuki xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinin xx.xx.2015-ci il tarixli 248/15-ƏS№-li Əlavə Sazişinə əsasən xx.xx.2015-ci il tarixli ********* saylı Kredit Müqaviləsi əsasında ayrılmış kredit Restrukturizasiya edilmiş, kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Məhkəmə iddiaçı təşkilat tərəfindən kredit müqaviləsi üzrə pozulmuş hüquqların bərpası ilə 3 illik iddia müddətinin bitdikdən sonra, yəni 2025-ci ilin iyul ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini və bununla da qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini və həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri digər Cavabdeh2 aid hissədə də əsassız olduğu üçün rədd edilməlidir. Belə ki işdə olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 420007818/ZM nömrəli Zaminlik Müqaviləsinə əsasən zamin qismində müqavilənin tərəfi olmuş Cavabdeh2 borcalan Cavabdeh1 krediti vaxtında qaytarmamasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Doğrudur, Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1). Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində, kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi belə olan halda "xxxx" ASC zaminə qarşı iddia tələblərini 1 il ərzində irəli sürməli idi, lakin işdə olan sənədlərdən görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə, yəni kredit müqaviləsi üzrə əsas öhdəliyin icra müddətinin başa çatdığı xx.xx.2017-ci il tarixdən 8 ilə yaxın müddət keçdikdən sonra verilmişdir. Göstərilənlərə əsasən və AR MPM-nın 216-220-ci madddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar