Məhkəmə qərarları › İş №e-2(056)-2278/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2278/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2278/2025 26.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və cavabdeh arasında bağlanmış arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 140 nömrəli müqaviləyə əsasən, satıcı mülkiyyətində, istifadəsində və ya icarəsində olan 16 (on altı) ha torpaq sahəsində (icarəyə və ya istifadəyə götürülən torpaq sahələri barədə müqavilə və sair hüquqmüəyyənedici sənədlər bu muqaviləyə əlavə olunur) pambıq əkib və istehsal olunmuş xam pambıq həcminin bütünlüklə təhvil verib “Alıcı”ya satmağı, “Alıcı” isə “Satıcı”nın istehsal etdiyi xam pambığı qəbul etməyi və ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə qalan hissəsinin “Satıcı”ya ödəməyi öhdəsinə götürür.

2. Müqavilənin 2.1.1-ci bəndinə əsasən “Satıcı” əkin sahəsinin onun mülkiyyətində, icarəsində və ya istifadəsində olduğunu təsdiqləyən sənədi – dövlət torpaq aktını və ya müvafiq qaydada təsdiq olunmuş icarə, yaxud istifadəyə dair müqaviləni və digər sənədləri (tələb olunan sənədlər siyahısı fermerə təqdim olunur).xx.xx.2023-cü il tarixinidək “Alıcı”ya təqdim edir.”Satıcı” bu müddət ərzində sənədləri təqdim etmədikdə “Alıcı” bu müqaviləni vaxtından əvvəl ləğv edilməsinə və bunun nəticəsində dəymiş ziyanın (müqavilə ləğv olunana qədər çəkilmiş bütün xərclər) ödənilməsini “Satıcı”dan tələb edə bilər.

3. Müqavilənin 2.1.2-ci maddəsinə əsasən “Satıcı” 16 (on altı) ha torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerden az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam pambığın yığılması və tədarükünə dair” təlimatın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və “Alıcı”da saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə “Alıcı”nın mülkiyyətinə tədarük mövsümu vaxtı təhvil verir.

4. Müqavilənin 2.1.6-cı bəndinə əsasən “Satıcı tərəfindən pambıq əkilmədikdə və ya pambıq istehsalı ilə bağlı avans vəsaitlər verildikdən və zəruri aqrotexniki tədbirlər aparıldıqdan sonra bu Müqavilə qüvvədə olduğu müddət ərzində bu Müqavilənin şərtlərinə zidd olaraq həmin torpaq sahəsində digər növ bitki məhsulları əkildikdə “Alıcı” müqavilənin 2.1.10-cu bəndində nəzərdə tutulan avansın verilməsini dayandıra bilər.Bu halda “Satıcı” aldığı avans məbləğin 2 (iki) mislini “Alıcı”ya geri qaytarır.Belə olan halda, “Satıcı” tərəfindən “Alıcı”ya razılaşdırılmış həcmdə xam-pambığın təhvil verilməməsinə görə hazırkı müqavilənin 5.2-ci bəndində nəzərdə tutulmuş cərimə məbləği tətbiq edilmir.

5. Müqavilənin 2.1.10-cu bəndinə əsasən “Satıcfnm “Alıcfdan aldığı avans məbləği (hər hansı fonnada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı “Alıcfya təhvil verdiyi xam-pambığın dəyərindən çıxılır və əgər təhvil verilən pambıq avans məbləğin həcmini ödəmirsə o halda “Satıcı” həmin yaranan fərqi ödəməyə borcludur. Avans bu Müqavilə üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə “Satıcı”nın sahəsində aparılan işlər) xidmətlərin “Alıcı” tərəfindən “Satıcı” ya təqdim olunması nəticəsində “Satıcfnm “Alıcı” qarşısında yaranan borc öhdəliyi nəzərdə tutulur

6. Müqavilənin 3.1-ci bəndinə əsasən “Satıcı" bu müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq istehsal etdiyi xam pambığı bütövlüklə 30 noyabr 2023-cü il tarixinədək tam yetişmiş halda, təmiz, içərisində kənar qatqılar olmadan standarta uyğun şəkildə “Alıcı”ya təhvil verir.

7. İş materiallarında olan ödəniş tapşırıqlarından, qaimə-fakturalardan və iş aktlarından, həmçinin hesabat cədvəlində olan məlumatlardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumilikdə cəmi 19313,90 manat dəyərində iş görülmüş, müxtəlif xidmətlər göstərilmiş, mal-material və pul vəsaiti verilmişdir

8. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 140 nömrəli müqaviləyə əsasən cavabdehin iddiaçıya xx.xx.2025-ci il tarixinə 7725,33 manat əsas və 386,26 manat cərimə, ümumilikdə 8111,60 manat borcu qalmışdır.

9. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 140 nömrəli “xam pambığın alqı-satqısına dair” müqaviləsinə əsasən yaranmış borcun 10 iş gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-nə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 7725.33 (yeddi min yeddi yüz iyirmi beş manat otuz üç qəpik) manat, hesablanmış cəriməyə görə 386.26 (üç yüz səksən altı manat iyirmi altı qəpik) manat olmaqla, ümumilikdə 8111.59 (səkkiz min bir yüz on bir manat əlli doqquz qəpik) manat pulun, məhkəmə üçün ödənilmiş 101.12 (bir yüz bir manat on iki qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddianın əsaslarına görə, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 140 saydam- pambığın alqı-satqısına dair” müqaviləyə əsasən, cavabdeh 16 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə İddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 19313.90 (on doqquz min üç yüz on üç manat doxsan qəpik) manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Həmin Müqavilənin 2.1.10-cu bəndinin şərtlərinə əsasən, Satıcının Alıcıdan aldığı avans məbləği (hər hansı formada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı sonuncuya təhvil verdiyi xam pambığın dəyərindən çıxılır və əgər təhvil verilən pambıq avans məbləğin həcmini ödəmirsə, o halda Satıcı həmin yaranan fərqi ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilməyərək Cəmiyyətə tam formada xam pambıq təhvil verilməmiş (ümumilikdə cavabdeh 14485.710 kq olmaqla, 11588.60 manat dəyərində xam pambıq təhvil vermişdir) bununla da təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Belə olan halda, cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə münasibətdə iddiaçıya 7725.33 (yeddi min yeddi yüz iyirmi beş manat otuz üç qəpik) manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması İddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən İddiaçı MMC ilə cavabdeh arasında aparılan hesablaşma sənədləriqeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda Müqavilənin müvafiq bəndlərinə əsasən, satıcı üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam pambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam pambığa münasibətdə cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 386.26 (üç yüz səksən altı manat iyirmi altı qəpik) manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Bununla da, cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci və 385.1 -ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, “öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar alətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə əsasən, “öhdəliyə əsasən bir şəxs (Cavabdeh) başqa şəxsin (İddiaçının) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, iddiaçının isə cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

b) iddiaya etiraz

12. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

13. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmasını və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə hazırlıq iclasında isə iştirak edərək bildirmişdir ki, mövsümdə pambıq istehsalında ziyan etmiş, daha sonra işində problemlər olduğuna görə maddi vəziyyəti ilə əlaqədar olaraq ödəmələrdə gecikmələr yaranmışdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 599.1. Alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir; Maddə 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Məhkəmə baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

18. İşin müəyyən edilmiş hallarına əsasən aşkar olunur ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xam pambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. İşdə olan sənədlərdən görünür ki, iddiaçı razılaşmaya əməl edərək öz üzərinə düşən öhdəliyi tam icra etmişdir, Cavabdeh isə həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, Cavabdeh iddiaçıdan avans olaraq ümumi dəyəri 19313,90 manat təşkil edən aqrotexniki xidmətləri, mal-materialı, nağd vəsaiti və s. təhvil alsa da, cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilməyərək Cəmiyyətə xam pambıq təhvil verilməmiş, bununla da təhvil götürdüyü cəmi avansın dəyəri ödənilməmişdir. Nəticədə cavabdehin iddiaçıya 7725,33 manat borcu yaranmışdır. Bununla da Cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur.

19. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

20. Məhkəmə qeyd edir ki, tələb olunan pul məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh iddia ərizəsinə qarşı etiraz verməmiş, iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır.

21. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin, verilən mal-materialın və nağd pul vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Bu konteksdən yanaşdıqda məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir.

22. Belə ki, borcun əsası olan alqı-satqı müqaviləsi, ödəniş tapşırıqlarından, qaiməfakturalardan, hesabat cədvəlində olan məlumatlardan və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 140 nömrəli müqavilədən görünür ki, tərəflər arasında bağlanmış göstərilən müqaviləyə əsasən cavabdeh 16 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 19313,90 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir.

23. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq ümumi olaraq 7725,33 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.

24. Həmçinin, iddiaçı tərəfindən müqavilə üzrə 386,26 manat dəbbə pulu hesablanmışdır.

25. Məhkəmə cərimə məbləğinə münasibətdə qeyd edir ki, bu hissədə də iddia tələbi əsaslıdır.

26. Belə ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur.

27. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.

28. Qeyd olunanlara əsasən, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir.Hazırkı işin halları baxımından da müqavilələr üzrə əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2023-cü il tarixli, 140 nömrəli müqavilə üzrə hesablanmış 386,26 manat dəbbə pulunu ədalətli və məqsədə müvafiq sayır.

29. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 101,12 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

31. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7725,33 manat məbləğində əsas, 386,26 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8111,59 manat və ödənilmiş 101,12 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir.

32. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 7725,33 manat məbləğində əsas, 386,26 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8111,59 manat və ödənilmiş 101,12 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar