Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2463/2024 09.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X8 Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X11 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 8 iyul 2022-ci il tarixli 2022/ÖM/05204 saylı müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) natura şəklində Cavabdeh alınaraq iddiaçıya qaytarılması, eyni zamanda məhkəmə xərclərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək izahatında göstərdi ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq X1 və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 8 iyul 2022-ci il tarixli 2022/ÖM/05204 saylı müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 8 iyul 2022-ci il tarixli aktla vətəndaş Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olubolmamasının yoxlanılması ilə bağlı Mərkəzi Monitorinq və Qiymətləndirilmə filialının əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2024-cü il 5 fevral tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən 3 baş inək aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2024-cü il 15 may tarixli 3- 17-2/2-N-28611/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab etmişlər ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia tələbləri təmin edilməlidir. Göstərdiklərini nəzərə alaraq “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 8 iyul 2022-ci il tarixli 2022/ÖM/05204 saylı müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) natura şəklində Cavabdeh alınaraq iddiaçıya qaytarılması, eyni zamanda məhkəmə xərclərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmənin iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Nəhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, təxminən 3 il əvvəl ona 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem verilmişdir. Heyvanları alarkən ona heyvanların 2 il ərzində satılmasının qadağan edilməsi bildirilmişdir. Heyvanlardan biri daim yatırdı, yerindən qaldırmasan qalxmırdı. O, bu barədə Məşğulluq Agentliyinə məlumat vermiş, lakin heç bir tədbir görülməmişdir. O, həmin heyvanların saxlanmasına günə 15 manat xərc sərf etmiş, 3 ay sonra saxlamağa imkanı olmadığı üçün 3 heyvanı bir ədəd qara cins inəklə dəyişmişdir. Heyvanları dəyişdikdən sonra Məşğulluq Agentliyinin əməkdaşları 3-4 dəfə gəlib baxış keçirmiş, etdiyi dəyişikliyi bəyənmişdilər. Sonuncu dəfə baxış keçirməyə gələndə şəraitə görə dəyişdiyi heyvanı atası evinə apardığı üçün gəlib həyətində aşkar etməmişlər və heyvanın aşkar edilməməsi barədə ona kağız vermişlər. Daha sonra isə onu məhkəməyə vermişlər. Hazırda o, həmin inəyin südü və əmək haqqısı ilə tələbatlarını qarşılayır. İddianı təmin etməyə imkanı yoxdur. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiış etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 8 iyul 2022-ci il tarixli 2022/ÖM/05204 saylı müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq X1 və Təyinat filialı ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqavilənin predmeti özünüməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın cəlb olunmuş şəxsə verilməsi təşkil etmişdir. Filial tərəflər arasındakı təhvil-təslim aktında göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Filial özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 08 iyul 2022-ci il tarixli “Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təvil-təslim” aktının surətindən görünür ki, özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh 3 yaşa qədər 3 baş inək, 400 kq qarışıq yem (paketlənmiş) və 65 ədəd yem (ot və yonca qarışığı) verilmişdir. Aktın doğruluğu X1 və Təyinat Filialının əməkdaşı X4 və özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh imzası ilə təsdiq edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 05 iyul 2024-cü il tarixli “Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinqi” aktının surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh fəaliyyətinin yekun monitorinqi aparılmış, nəticədə Agentlik tərəfindən Cavabdeh verilmiş əmlak aşkarlanmamış və sonuncunun fəaliyyəti biznes planına uyğun gəlməmişdir. Aktın doğruluğu Mərkəzi Monitorinq və Qiymətləndirmə Filialının əməkdaşları və özünüməşğulluğa cəlb olunmuş Cavabdeh imzası ilə təsdiq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən özünüməşğulluq – şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. Həmin Qanunun 24.1.4-cü maddəsinə əsasən seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlak 1 il müddətinə müqavilə əsasında verilir. Qanunun 24.1.5-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi aparılır. “Özünüməşğulluğun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarının 8.1-ci bəndinə əsasən Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Yuxarıda qeyd edilən normanın məzmunundan aydın olur ki, özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlak 1 il müddətinə müqavilə əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə yox, sadəcə istifadəsinə verilir. Məhkəmə tədqiqi zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq X1 və Təyinat filialı ilə Cavabdeh arasında “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 8 iyul 2022-ci il tarixli 2022/ÖM/05204 saylı müqavilə bağlanmışdır. Müqavilənin predmeti olan özünüməşğulluğun təşkili üçün natura şəklində sağlam 3 yaşa qədər 3 baş inək, 400 kq qarışıq yem (paketlənmiş) və 65 ədəd yem (ot və yonca qarışığı) 8 iyul 2022-ci il tarixdə Cavabdeh verilmişdir. 05 iyul 2024-cü il tarixdə Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinqini aparmış, nəticədə Agentlik tərəfindən Cavabdeh verilmiş əmlak aşkarlanmamış və sonuncunun fəaliyyəti biznes planına uyğun gəlməmişdir. Cavabdeh özü də məhkəmə iclasında iştirak edərkən həmin heyvanları əldə etdikdən 3 ay sonra dəyişməsini etiraf etmişdir. Tərəflər arasında bağlanmış 8 iyul 2022-ci il tarixli 2022/ÖM/05204 saylı müqavilənin 4.3cü bəndində qeyd edilmişdir ki, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka bu müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir. “Özünüməşğulluğun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarının 8.3-cü bəndinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Göründüyü kimi cavabdehin iddiaçıya vurduğu ziyan Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə işin halları ilə də müəyyən olunmuşdur ki, cavabdeh ona verilmiş əmlakları təyinatı üzrə istifadə etməyərək iddiaçıya zərər vurduğu üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tələbin əmlaklar mövcud olmadığı halda əmlakların natura şəklində qaytarılması məsələsinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı təşkilat tərəfindən zərərin əvəzinin pul şəklində ödənilməsi tələb edilmədiyi üçün mübahisəyə müqavilənin 3.3.35-ci bəndi deyil, 4.3-cü bəndi üzrə tərəflərin razılaşdıqları qaydada tətbiq edilməlidir. Həmin bənddə isə özünüməşğulluğa cəlb edilmiş şəxs tərəfindən əmlaka vurulmuş zərərin əvəzinin məhz Mülki Məcəlləyə uyğun şəkildə ödəniləcəyi razılaşdırılmışdır. Mülki Məcəllədə zərərin əvəzinin ödənilməsi formaları ilə bağlı nəzərdə tutulur ki, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti vərpa etməlidir. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul vəzəi verilə bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və s.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunun normalarından aydın olduğu kimi, ziyanın qarşılanması üçün ilkin və ümumi qayda əvvəlki vəziyyətin bərpa edilməsi – zərərin əvəzinin naturada ödənilməsidir. Bu mümkün olmadıqda isə zərər pul əvəzi verilməklə ödənilə bilər. Bir şəxsin əşyasının (o cümlədən heyvanın) başqasına satılması (dəyişdirilməsi) nəticəsində üzərindəki mülkiyyət hüququnun itməsi nəticəsində dəymiş zərərin əvəzinin eyni növlü və keyfiyyətli əşya (heyvan) verilməklə ödənilməsi mümkündür. Bu zaman məhz satılmış əşyanın (heyvanın) deyil, onunl eyni növdə və keyfiyyətdə olan əşyanın (heyvanın) verilməsi nəzərdə tutulur. Üstəlik zərər çəkmiş iddiaçı, zərərin əvəzinin məhz bu formada ödənilməsini tələb etdiyi halda, onun tələbinin təmin olunmaması və pul əvəzinə dair iddia qaldırmağa məcburi edilməsi yolverilməzdir. Belə olan halda müqavilə öhdəliyini pozmuş cavabdehin üzərinə Mülki Məcəllənin yuxarıda göstərilən normaları əsasında zərərin əvəzini eyni növlü və keyfiyyətli heyvanlar verməklə naturada ödəmək öhdəliyinin qoyulması mümkündür. Bu hal tələb edilən digər əmlaklara (400 kq qarışıq yem və 65 ədəd yemə) da münasibətdə nəzərə alınmalı və tətbiq edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa qeyd edilməlidir ki, işdən göründüyü kimi, iddiaçı təşkilat dövlət rüsumunun ödənilməsindən azadır. Belə olan halda hazırki tələblə bağlı dövlət büdcəsinə dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddianın tam təmin edilməsi halı nəzərə alınaraq 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. 8 iyul 2022-ci il tarixli 2022/ÖM/05204 saylı müqaviləyə əsasən istifadəyə verilən eyni növlü və keyfiyyətli 3 yaşa qədər 3 baş sağlam inək, 400 kq qarışıq yem (paketlənmiş), 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində Cavabdeh alınaraq iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X10 verilsin. İddia verilməsi ilə əlaqədar dövlət büdcəsinə ödənilməsi olan 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-2463/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2463/2024
09.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver