Məhkəmə qərarları › İş №e-2(056)-2842/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2842/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2842/2024 25.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1686,09 manat əsas, 123,08 manat faiz, 13.11 manat cərimə borcu olmaqla cəmi 1822,28 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 38,23 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 38291***-*******01L kredit limiti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 50000 manat məbləğində kreit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən cavabdehə 36 ay müddətinə illik 17% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 1686,09 manat məbləğində əsas kredit borcu, 123,08 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 13.11 manat cərimə borcu olmaqla, cəmi 1822,28 manat məbləğində borcu qalmaqdadır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdehin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 38291***-*******01L saylı əsas kredit limiti razılaşmasından görünür ki, cavabdehə 120 ay müddətinə 50000 manat məbləğində kreit limiti ayrılmış, Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən cavabdehə 36 ay müddətinə illik 17% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehin İddiaçı ASC-yə 1686,09 manat əsas, 123,08 manat faiz, 13.11 manat cərimə borcu olmaqla cəmi 1822,28 manat borcu yaranmışdır. İşdə olan sənədlərdən aydın olur ki, tərəflər müqavilə ilə ayrı qayda müəyyənləşdirməmiş, iddiaçı tərəfindən cavabdehə ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kredit borcunun ödənilməsinə dair dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin nəticəsiz qaldığından iddiaçı məhkəmədə iddia qaldırmışdır. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 38291***-*******01L saylı kredit limiti razılaşması müqaviləsindən görünür ki, cavabdehə 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmış, Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən cavabdehə 36 ay müddətinə illik 17% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kredit borcunun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və nəticədə onun kreditora 1686,09 manat əsas, 123,08 manat faiz, 13.11 manat cərimə borcu olmaqla cəmi 1822,28 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcu ödəməmişdir və kreditor hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 38291***-*******01L saylı kredit limiti razılaşmasından əmələ gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəf bağladığı kredit müqaviləsinin şərtlərinə uyğun şəkildə İddiaçı ASC qarşısında götürdüyü öhdəliklərinə əməl etməli olduğu halda, öhdəlikləri yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişdir ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış və iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir. Buna görə də iddia tələbi əsas, faiz və cərimə borcunun cavabdehdən tutulması hissəsində tam əsaslıdır. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 38,23 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 38,23 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 38291***-*******01L saylı kredit limiti müqaviləsindən yaranmış 1686,09 manat əsas borc, 123,08 manat faiz borcu, 13.11 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi 38,23 manat olmaqla, ümumilikdə 1860,51 (bir min səkkiz yüz altmış manat əlli bir qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar